Məhkəmə qərarları › İş №2-1(114)-664/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-664/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-664/2024 26.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər Mənzil-X3 Birliyi) qarşı mənzilə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Kirovabad şəhər X9 ilə İkram Əskərov arasında xx.xx.1978-ci il tarixdə Kirovabad şəhər, Lenin prospekti, ev 54B, mənzil 43 ünvanında yerləşən ümumi sahəsi 47,0 kv.m olan evə dair mənzil kirayə müqaviləsi bağlanmışdır.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2018-ci il tarixli 54/5 nömrəli arxiv arayışından görünür ki, Kirovabad şəhər X4 xx.xx.1966-cı il tarixli 10 nömrəli iclas protokoluna əsasən Lenin prospekti, ev 54B, mənzil 43 ünvanında yerləşən ümumi sahəsi 47,0 kv.m olan ev Əkrəm Əskərova verilmişdir.

3. Ölüm haqqında xx.xx.2016-cı il tarixli AZ-İ 727981 nömrəli təkrar şəhadətnaməyə əsasən X19 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir.

4. 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli 359 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə vəfat etmiş atası X10 birinci növbədə vərəsəsidir.

5. 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/062914-23 nömrəli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ailə tərkibi arvadı X7 (xx.xx.1965), oğlu X22 (xx.xx.1991) və qızı X5 (xx.xx.1994) ibarətdir.

6. Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, X20, ailə üzvləri X22, X7, X6, X12 və X2 şəhəri, Ş.İ.Xətai prospekti, ev 54B, mənzil 43 ünvanında qeydiyyatdadırlar.

7. X6, Hüseynova (Əsgərova) Bağır qızı, X7 və X23 xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli razılıq ərizələrində qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən əmlakın İddiaçı adına bütövlükdə özəlləşməsinə (sənədləşdirilməsinə) etirazlarının olmadığını bildirmişlər.

8. İddiaçı həmin sənədləri cavabdeh orqana təqdim etməklə, ünvan 3 ünvanında yerləşən 43 nömrəli mənzilin adına özəlləşdirilərək, hüquqlarının dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21- 3-33/2-Ə-0022-8/20 nömrəli məktubu ilə bildirilmişdir ki, müraciətə əlavə edilmiş sənədlər mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas hesab olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

9. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli M-173 nömrəli və xx.xx.2024-cü il tarixli M-601 nömrəli cavab məktublarından görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 54B nömrəli bina Birliyin balansına aiddir. Dövlət Mənzili Fonduna məxsusdur.

10. Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli **********888 (Dövlət) nömrəli şəxsi hesabdan çıxarışdan məlum olur ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 54B ünvanında yerləşən 43 nömrəli mənzilin şəxsi hesab vərəqəsi mənzilin sahibi X11 adına olmuş və onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - X20 – oğlu; - X22 – nəvəsi; - X6 – nəvəsi; - X7 – gəlini; - X17 – nəvəsi. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkə dair çıxar arış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, H.Əliyev prospekti, bina 54 B, mənzil 43 (Lenin prospekti, ev 54 B, mənzil 43) atası X8 ona miras qalan mülkdür. Bu barədə o, vərəsəlik işinin başlanması və ona hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün Gəncə Regional "Asan Xidmət" Mərkəzində notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional "Asan Xidmət" mərkəzində notariat ofisi 07 Fevral 2023-cü il tarixli № 359 saylı məktubla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məktub yazaraq onun Gəncə şəhəri, H.Əliyev prospekti, ev 54 B, mənzil 43 (Lenin prospekti, ev 54B, mənzil 43) dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına və reyestrdən çıxarış verilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx-xx-2023-cü il tarixli 3- 21-3-33/2-Ə 0022-8/20 saylı məktubla etiraz etmişlər. Bildirmişlər ki, müraciətinə əlavə edilmiş sənədlərin mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas hesab olunmadığı müəyyən edilmişdir. Qeyd edir ki, bu mənzili atası X14 Kirovabad şəhər X4 21 aprel 1966-cı il tarixli 10 №-li protokol əsasında verilmişdir (bu barədə arxiv arayışını iddia ərizəsinə əlavə edir). Eyni zamanda, Lenin prospekti, ev 54 B, mənzil 43 yazılması barədə müqavilə nümunəsi də verilmişdir. Həmin vaxtlarda bu göstərilən sənədlər "orderi" əvəz edirdi. İndi isə ona mənzilin orderi olmamasını bəhanə edərək çıxarış vermirlər.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun mərhum atası X15 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə şəhər Mənzil-X3 Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İş üzrə iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə İPM-nin 62.3cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 7).

23. Üçüncü şəxsin iddiaya qarşı yazılı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1978-ci il tarixli mənzil kirayə müqaviləsi; - Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx.xx.2018-ci il tarixli 54/5 nömrəli arxiv arayışı; - Ölüm haqqında xx.xx.2016-cı il tarixli AZ-İ 727981 nömrəli təkrar şəhadətnamə; - 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 359 nömrəli məktubu; - 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/062914-23 nömrəli arayışı; - Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli razılıq ərizələri; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-Ə-0022-8/20 nömrəli imtina məktubu; - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli M-173 nömrəli və xx.xx.2024-cü il tarixli M-601 nömrəli cavab məktubları; - Gəncə şəhər Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli **********888 (Dövlət) nömrəli şəxsi hesabdan çıxarış.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Kirovabad şəhər X4 xx.xx.1966-cı il tarixli 10 nömrəli iclas protokoluna əsasən Lenin prospekti, ev 54B, mənzil 43 ünvanında yerləşən ümumi sahəsi 47,0 kv.m olan ev Əskərov İkram (Əkrəm) Bağır oğluna yaşamaq üçün verilmiş, Kirovabad şəhər X9 ilə İkram Əskərov arasında xx.xx.1978-ci il tarixdə həmin mənzilə dair mənzil kirayə müqaviləsi bağlanmışdır. İkram ƏSgərov və onun ailə üzvləri həmin vaxtdan sözügedən mənzilə köçərək orada yaşamağa başlamışlar. X19 xx.xx.1989-cu il tarixdə vəfat etmiş və İddiaçı onun birinci növbədə vərəsəsi təyin edilmişdir.

27. İddiaçı ünvan 3 ünvanında yerləşən 43 nömrəli mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-Ə-0022-8/20 nömrəli məktubu ilə bildirilmişdir ki, müraciətə əlavə edilmiş sənədlər mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas hesab olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

28. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

30. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

31. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

32. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.

33. Hazırkı işdə də iddiaçının mərhum atası X15 mənzil verilən dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə tam müvafiq olaraq Kirovabad şəhər X4 xx.xx.1966-cı il tarixli 10 nömrəli iclas protokoluna əsasən Lenin prospekti (hazırda H.Əliyev prospekti), ev 54B, mənzil 43 ünvanında yerləşən ümumi sahəsi 47,0 kv.m olan mənzil yaşamaq üçün verilmişdir.

34. İddiaçı bu barədə orderi cavabdeh orqana təqdim edə bilməsə də, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə müvafiq olaraq arxiv arayışını (mənzil ayrılması barədə qərarı özündə əks etdirən), həmçinin mənzil kirayə müqaviləsini təqdim etmişdir, hansı ki, həmin sənədlər mənzilin özəlləşdirilməsi üçün əsas qismində nəzərdə tutulmuşdur.

35. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyini əsas gətirərək, mənzilin mərhum atasına məxsus olması barədə arayışın verilməsindən imtinası əsaslı və qanuni olmamışdır.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a görə (2 nömrəli əlavə): Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

37. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bənd 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.

38. Göründüyü kimi, cavabdehin imtinası əsassız olmuşdur.

39. Ona görə də, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X15 məxsus olması barədə İddiaçı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar