Məhkəmə qərarları › İş №2-1(114)-6643/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-6643/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6643/2025 30.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X5, X3, X12, X9, X10, X6, X11, X7 və X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 07.11.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X5, X3, X12, X9, X10, X6, X11, X7 və X1 şəhəri, Nizami rayonu, Yeni Gəncə massivi, ev 8, mənzil 23 ünvanında qeydiyyatdadırlar; - cavabdehin iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə xx.xx.2025-ci il tarixli, 3-13- 57/2-M-344xx/xx/2025 nömrəli imtina məktubuna əsasən, X5, X3, X12, X9, X10, X6, X11, X7 və X2 onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

2. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-13297/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-104 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ünvan 4 ünvanında yerləşən mənzil X8 tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir; - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 4 ünvanında yerləşən **********41-05101- 093024 reyestr nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 57/2- 38648/25 nömrəli məktuba əsasən, X5 xx.xx.2012-ci il tarixdən, X3 xx.xx.2013-cü il tarixdən, X12 xx.xx.2017-ci il tarixdən, X9 xx.xx.2015-ci il tarixdən, X10 xx.xx.2002-ci il tarixdən, X6 xx.xx.2022-ci il tarixdən, X11 xx.xx.2008-ci il tarixdən, X7 xx.xx.2016-cı il tarixdən və X8 xx.xx.2017-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin ünvan 1 ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

4. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-13297/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktubu və məktuba qoşma şəkildə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 57/2-38648/25 nömrəli məktubu. b) Tərəflərin ərizəsi, etirazı, iştirakı və aralıq məhkəmə aktları

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X5, X3, X12, X9, X10, X6, X11, X7 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 47.5 kv.m-dən ibarətdir. 3-cü şəxslər X5, X3, X12, X9, X10, X6, X11, X7 və X8 iddiaçının mənzilinin keçmiş sakinləridir. Bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. İddiaçı 3-cü şəxsləri ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun mənzildə yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatdadırlar. 3-cü şəxslər iddiaçının mənzildə qeydiyyatda durduqlarına görə o məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər iddiaçının mənzildə yaşamır, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5, X3, X12, X9, X10, X6, X11, X7 və X8 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhdud fəaliyyət qabiliyyətli X6 və X4 valideynləri - atası Qanuni nümayəndə və anası X5 ilə təmsil olunmaları qərara alınmışdır.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

12. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

13. Məhkəmə araşdırmasının predmetini **********41-05101-093024 reyestr, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-M- 344xx/xx/2025 nömrəli imtinası, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23n 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-13297/2025 nömrəli məktubu və ona əlavə edilmiş əmlaka dair sənədlərin təsdiq edilmiş surətləri təşkil edir.

Əsaslandırma hissəsi:

14. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

15. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. Məhkəmə araşdırması zamanı da ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir.

21. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

22. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X6 xx.xx.2016-cı il təvəllüdlü və X9 xx.xx.2019-cu il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığından, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsə belə, onun müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin mənzildə qeydiyyatda qalmağa hüququ mövcud deyildir.

23. Məhkəmə qeyd edir ki, X6 və X4 yaşayış yeri valideynlərinin yaşayış yerləri sayılır.

24. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

25. X6 və X4 anası X5 qızı hazırkı iş üzrə üçüncü şəxsdir və onun özünün də mübahisəli mənzildə hər hansı əmlak hüququ yoxdur və faktiki olaraq həmin mənzildə yaşamır. Azyaşlıların digər valideyni - ataları Qanuni nümayəndə ünvan 7 ünvanında pasport qeydiyyatında olmaqla iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından, qeydiyyatda olmadığından və həmin ünvanda əmlak hüququ olmadığından azyaşlının sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur.

26. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

27. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzildə hər hansı hüquqlara malik olmadığı və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

28. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

29. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

30. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. X5, X3, X12, X9, X10, X6, X11, X7 və X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar