Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-665/2024 24.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı evin texniki pasport çıxarışının ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı texniki pasport çıxarışının ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. ünvan 1 ünvanına dair xx.xx.2022-ci il tarixdə X6, X1 və X2 adına **********88- 20301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir.
2. İddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, evin texniki pasport çıxarışının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında atası X4 evində yaşayır. Atası xx.xx.2021-ci ildə rəhmətə gedib. Atası rəhmətə getdikdən 5 ay sonra onlar-vərəsələr Samux rayon notariat kontoruna rəsmi müraciət etmişlər. Böyük qardaşı X5 öz vərəsəliyindən imtina etmiş və 8 ay sonra vərəsəlik haqqında qanunu pozaraq məhkəməyə müraciət etmiş, məhkəmə isə qanunu pozaraq onun xeyrinə qətnamə çıxartmışdır. Baxmayaraq ki, vərəsəlik haqqında qanunda varis öz payından imtina edirsə və 6 ay ərzində vərəsənin (miras) geri qaytarmaq üçün müraciət etmirsə vərəsəlik (miras) haqqında qanunda nəzərdə tutulur ki, həmin varisin vərəsəliyi avtomatik olaraq qanunla ləğv edilir. Onlar Samux notariat kontoruna müraciət etmişlər və ilkin variantda vərəsəlik təsdiq olunmuş və onlar növbəti mərhələdə daşınmaz əmlaka müraciət etmək istəyəndə böyük qardaşı X5 o biri vərəsələrlə razılaşmamışdır. İş 2022-ci il fevral ayında məhkəməyə keçmişdir. Məhkəmə ərəfəsində o, Samux rayon Daşınmaz Əmlakın sədri Nəcəf yoldaşa müraciət etmişdir ki, o, vərəsələrlə birlikdə məhkəmə gedəgedə evin çıxarışını çıxarda bilərlərmi. Həmin şəxs isə ona 3 yerə poçta pul ödədib (350 manat). O, pulu ödəyəndən sonra çekləri Nəcəfə verəndən sonra onlara bildirmişdir ki, ona çıxarış verə bilməz.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin qeyd edilməli olduğu, eyni zamanda iddia tələbinin qeyri-müəyyən olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə iddiaçıya məlumat verilmiş və iddiaçı məhkəmə iclasına gəlmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
7. İddiaçı məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Samux Rayon Məhkəməsinin qətnaməsi ilə onların ata mülkü olan ünvan 1 ünvanında yerləşən evə dair onun və bacı-qardaşlarının payları müəyyən edilmişdir. Lakin məhkəmənin yekun qərarı qəbul edilməmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən onun bacıqardaşlarına texniki pasport verilmiş, ona isə çıxarış verilməmişdir. O da bundan narazıdır.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
10. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavab orqanı qeyd etməmiş, tələbini isə texniki pasport çıxarışının ləğv edilməsi şəklində qeyd etmişdir.
11. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin qeyd edilməli olduğu, eyni zamanda iddia tələbinin qeyri-müəyyən olduğu, tələbin dəqiq ifadə edilməli olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
12. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
13. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
14. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva