Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-666/2025 06.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 113 nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanının 036 əç nömrəli 23 aprel 2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci və 33-cü maddələrinin “b” bəndinə müvafiq olaraq kiçik-çavuş İddiaçı bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyi üçün 6-cı S-125 zenit raket divizionunun radiotexniki batareyasının baş-operatoru (əl ilə müşaiyət) təyin edildiyinə görə 02 may 2014-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissə - tərkibində KM - GƏNCƏ, 1-ci divizion - ZƏLİMXAN, 2-ci divizion - TƏZƏKƏND, 3-cü divizion - KÖNÜLLÜ, 4-cü divizion - SƏMƏD VURGUN, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası ƏLİMƏRDANLİ və 41-ci batareyası PİRİLİ olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, GƏNCƏ şəhərini və GƏNCƏ beynəlxalq hava limanını, DƏLLƏR aerodromunu, ŞƏMKİR və YENİKƏND su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, ölkə dərinliklərinə irəliləməsinə yol vərməsin, onun taktiki hava desantlarını havada məhv etməsi, əsas səylərini İCEVAN QAZAX- ŞƏMKİR, BERD - TOVUZ -ŞƏMKİR, VARDENİS - GƏDƏBƏY- ŞƏMKİR, VARDENİS - DAŞKƏSƏN- GƏNCƏ, istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirilməsi, döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlər tam həyata keçirilməsi, 2-ci divizionu - 4-cü divizionu - ƏLİMƏRDANLİ, 3-cü divizionu - KÖNÜLLÜ və 4-cü divizionu - SƏMƏD VURĞUN ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində ŞİMAL-QƏRB, QƏRB və CƏNUB-QƏRB istiqamətlərindən Şəmkir və Yenikənd su elektrik stansiyalarını, DƏLLƏR aerodromunu düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alması, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etməsi əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin 2-ci divizionunun şəxsi heyəti, döyüş fəaliyyətinə hazırlığı-DAİMİ.
3. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-207 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiya kiçik-çavuş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
4. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)
1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə
2. Rütbəsi: kiçik çavuş
3. Vəzifəsi: 2-ci bölmənin təsərrüfat manqasında sürücü
4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2014 113 nömrəli əmr
5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli əmrləri
6. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli əmri ilə bütün bölmələr ehtiyyat mövqelərə manevr edərək 0110 nömrəli əmri ilə döyüş növbəsinə cəlb edilmişdir
7. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə):- 3-cü OK istiqamətində iki ədəd PUA məhv edilib, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə.
8. İştirak etdiyi ərazilər: Şəmkir, Samux rayonu
9. Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlərdə fəal iştirak etmişdir.
10. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: yoxdur
11. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: yoxdur
12. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): yoxdur
13. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): buraxılmayıb
14. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: yoxdur
15. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): yoxdur
5. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 513 nömrəli cavab məktubunda bildirilmişdir ki, kiçik çavuş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci Qarabağ müharibəsi zamanı Şəmkir rayonu ərazisində sürücü vəzifəsində maddi texniki təminat tədbirlərini həyata keçirib. Bundan əlavə, qeyd etdiyi əmrlər məxfi olduğu üçün Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 010 nömrəli Qərarının 978-ci bəndinə əsasən (xüsusi əhəmiyyətli, tam məxfi, məxfi sənədlərin tabelik münasibətlərində olmayan dövlət hakimiyyəti orqanlarına, komitələrə, idarələrə, təşkilatlara, müəssisələrə və s. göndərilməsi (verilməsi) Müdafiə nazirinin və ya Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin icazəsi ilə həyata keçirilir) surətlərini göndərə bilmirlər.
6. Məhkəmənin sorğusuna N nömrəli xx.xx.2024-cü il tarixli 1010 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları X2 və X1 Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli N nömrəli, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0113 nömrəli döyüş əmrləri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatlarında və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdurlar. Hər ikisinə veteran adı və vəsiqəsi verilib.
7. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0110 nömrəli komanda məntəqəsi və zenit-raket divizionlarının oktyabr ayında döyüş növbəsinə daxil olma əmrində göstərilmişdir ki,
2. Tapşırıq: 998-ci zrbr terkibində KM, 1-ci S-125-2TM zenit-raket divizionu, 2-ci S-125-2TM zenit- raket divizionu, 3-cü S-125-2TM zenit-raket divizionu, 4-cü S-125-2TM zenit-raket divizionu, 4-cü BUK-MB zenit-raket divizionu tərkibində 41-ci BUK-MB zenit-raket batareyası, 42-ci BUK-MB zenit-raket batareyası və S-125 texniki batareya olmaqla, qırıcı aviasiya, 952 zrbr 1-ci 9K37MB "Buk-MB" zrdn və ümumqoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə olaraq atəş imkanları daxilində GƏNCƏ şəhərini və GƏNCƏ hava limanını, ŞƏMKİR və YENİKƏND su elektrik stansiyalarını, 3 OK və səfərbərliklə yaradılacaq 6 OK qoşun qruplaşmalarını düşmənin hava zərbələrindən müdafiə etsin, hava düşməninin briqadanın atəş zonasının üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alsın. Hava düşməni zenit-raket kompleksinin məhvetmə zonasının uzaq sərhəddində, yaxud tapşırığı yerinə yetirmə həddinə qədər məhv edilsin.
8. 998-ci zenit-raket briqadasının xx.xx.2020-ci il tarixli 0109 nömrəli marş əmrində göstərilmişdir ki, 3.1. Qərara aldım; Hərəkət marşrutu: Briqadanın ehtiyyat komanda məntəqəsi üçün Gəncə (0808) – Seyidlər (2404) – Yenikənd (3208) – Səməd Vurğun (3200); 1-ci zrdn üçün Poylu (5636) – Zəlimxan (5640); 2-ci zrdn üçün Qapanlı (2400) - Yeniabad (2896) – Səməd Vurğun (3200); 3-cü zrdn üçün Gəncə (0808) - Quşqara (0804) - Könüllü (1204); 3.1.2. Bölmələrin səfər düzülüşü, kolonların tərkibi və tənzimlənmə məntəqələri: Briqadanın EKM üçün Gəncə - Səməd Vurğun marşrutu üzrə; KRAZ-65101 (B395HM, sehra KM).
9. 998-ci zenit-raket briqadasının xx.xx.2020-ci il tarixli 0113 nömrəli Döyüş əmrində göstərilmişdir ki, 3.1.1.3. Briqadanın döyüş düzülüşü, döyüş əməliyyatları zamanı yerdəyişmə (manevr) qaydaları (2) Döyüş əməliyyatları zamanı yerdəyişmə (manevr) Briqadanın müdafiə sisteminin əsl xüsusiyyətləri haqqında düşmənin çaşdırılması, döyüş düzülüşünün gizlədilməsi və gözlənilməz atəşin tətbiqi, qorunan obyektlərin mühafizəsini nəzərə alaraq və atəş zərbəsinin altından çıxarılması məqsədilə aşağıdakı kimi təşkil olunsun: Manevr etmə variantları briqadanın ümumi atəş sisteminin saxlanılması məqsədi ilə qorunan obyektlərin mühafizəsini nəzərə alaraq mərhələli şəkildə aşağıdakı kimi təşkil olunsun: – 1-ci növbədə 1-ci və 3-cü S-125-2TM zenit-raket divizionları; – 2-ci növbədə 2-ci S-125-2TM və 4-cü S-125-2TM zenit-raket divizionları. 3.2.3. 2-ci S-125-2TM zenit-raket divizionu – 4-cü BUK –MB zenit-raket divizionu-Əlimərdanlı (3108 4), 3-cü S-125-2TM zenit-raket divizionu-Könüllü (1204 9) və 4-cü S-125-2TM zenit-raket divizionu-Səməd Vurğun (3200 5) ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində Şimal-Qərb, Qərb və Cənub-Qərb istiqamətlərindən Şəmkir və Yemikənd su elektrik siyahılarını, Dəllər aerodromuna düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinini qarşısını alsın, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etsin. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh Müdafiə Nazirliyinin nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyasına müraciət edərək, ərizəsinə əsassız olaraq imtina edilmişdir. Onun tərəfindən təqdim edilən sənədlərdə döyüşdə iştirakı qeyd edilmişdir, lakin həmin sənədlər nəzərə alınmamışdır. Hazırda da, N saylı hərbi hissənin 2-ci bölməsində sürücü olaraq xidmətdədir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
22. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
24. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, Vətən Müharibəsi zamanı N nömrəli hərbi hissənin 2-ci divizionunun tərkibində ölkənin hava məkanın qorunması üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.
25. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, o, N nömrəli hədi hissənin 02 may 2014-cü il tarixli 113 nömrəli əmri ilə 02 may 2014-cü il tarixdən bağlaşma əsasında hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş və vəzifələrinin icrasına başlamışdır. 27 sentyabr 2020-ci il tarixdən bilavasitə döyüş əməliyatlarında iştirak edən quru qoşunlarının hava dəstəkləyən zenit raket divizionunun döyüş heyəti tərkibində manevrlərdən fəal iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" üçün adının daxil edildiyi siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi tələbini irəli sürmüşdür. Hərbi hissənin təqdim edilmiş arayış-məlumata əsasən "Vətən müharibəsi" dövründə iddiaçının xidməti N nömrəli hərbi hissənin dislokasiya məntəqəsi Şəmkir, Samux rayonunda yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı" adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqlarının yerinə yetirməsində iştirakı müvafiq sənədlərlə təsdiqlənməlidir. Beləliklə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı Sərdər oğlu döyüş əməliyyatları aparılan ərazilərdə döyüş tapşırıqlarını yerinə yetirilməsi deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsi zamanı öz vəzifəsini icra etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından isə görünür ki, iddiaçı Hüseynov X3, Samux rayonunda yerləşən hərbi hissədə xidmət etmiş və xidmət vəzifələrini yerinə yetirmişdir. Həmçinin həmin arayışdan görünür ki, iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. Qanunvericiliyinin tələblərinə əsasən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və vəsəqəsi verilir. İddiacı N nömrəli hərbi hissədə xidmət etmiş, həmin hərbi hisssə Şəmkir, Samux rayonunda yerləşmiş və o, ərazilərdə döyüş əməliyyatları aparılmamışdır. Buna görə də, iddiaçıya "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Belə olan halda hesab edirik ki, İddiaçı Sərdər oğluna "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi üçün daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyula bilməz. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 113 nömrəli əmrindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrindən çıxarış; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2/2-207 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 513 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli xx.xx.2024-cü il tarixli 1010 nömrəli cavab məktubu; - N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatı; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 705 nömrəli cavab məktubuna əlavə edilmiş arayış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0110 nömrəli komanda məntəqəsi və zenit-raket divizionlarının oktyabr ayında döyüş növbəsinə daxil olma əmri; - 998-ci zenit-raket briqadasının xx.xx.2020-ci il tarixli 0109 nömrəli marş əmri; - 998-ci zenit-raket briqadasının xx.xx.2020-ci il tarixli 0113 nömrəli Döyüş əmri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
28. İş materialları ilə müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissənin 2-ci bölməsinin təsərrüfat manqasında sürücü olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlərdə fəal iştirak etdiyini əsas gətirməklə, müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclasının protokoluna əsasən komissiyanın “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərməsinin məqsədəuyğun hesab edilmədiyini bildirmişdir.
29. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.
30. Belə ki, cavabdeh orqan imtinasında təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Şəmkir, Samux rayonu) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyini qeyd etmişdir.
31. Lakin N nömrəli hərbi hissə komandirinin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli və 0110 nömrəli əmrləri ilə döyüş növbəsinə cəlb edilmiş, bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarının havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlər zamanı fəal iştirak etmişdir.
32. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 687 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissə - tərkibində KM - GƏNCƏ, 1-ci divizion - ZƏLİMXAN, 2-ci divizion - TƏZƏKƏND, 3-cü divizion - KÖNÜLLÜ, 4-cü divizion - SƏMƏD VURGUN, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası ƏLİMƏRDANLİ və 41-ci batareyası PİRİLİ olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, GƏNCƏ şəhərini və GƏNCƏ beynəlxalq hava limanını, DƏLLƏR aerodromunu, ŞƏMKİR və YENİKƏND su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etsin, ölkə dərinliklərinə irəliləməsinə yol vərməsin, onun taktiki hava desantlarını havada məhv etməsi, əsas səylərini İCEVAN QAZAX- ŞƏMKİR, BERD - TOVUZ -ŞƏMKİR, VARDENİS - GƏDƏBƏY- ŞƏMKİR, VARDENİS - DAŞKƏSƏN- GƏNCƏ, istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirilməsi, döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələri bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirlər tam həyata keçirilməsi, 2-ci divizionu - 4-cü divizionu - ƏLİMƏRDANLİ, 3-cü divizionu - KÖNÜLLÜ və 4-cü divizionu - SƏMƏD VURĞUN ilə atəşlə qarşılıqlı əlaqədə olaraq, atəş imkanları çərçivəsində ŞİMAL-QƏRB, QƏRB və CƏNUB-QƏRB istiqamətlərindən Şəmkir və Yenikənd su elektrik stansiyalarını, DƏLLƏR aerodromunu düşmən aviasiyasının zərbələrindən müdafiə etməsi, hava düşməninin divizionun atəş zonası üzərindən keçərək Azərbaycan Respublikasının ərazi dərinliklərinə irəliləməsinin qarşısını alması, onun taktiki hava desantlarını və pilotsuz uçuş aparatlarını havada məhv etməsi əmr edilmişdir. Əmrdə göstərilmişdir ki, cəlb edilən şəxsi heyət - N nömrəli hərbi hissənin 2-ci divizionunun şəxsi heyəti, döyüş fəaliyyətinə hazırlığı-DAİMİ.
33. Göründüyü kimi, İddiaçı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0109 nömrəli və 0110 nömrəli əmrləri ilə həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı bilavasitə döyüş əməliyyatlarında iştirak edən, quru qoşunlarını havada dəstəkləyən zenit-raket divizionunun döyüş heyəti tərkibində manevrlər zamanı fəal iştirak etmişdir.
34. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
36. Yuxarıda adıçəkilən Əsasnamədən göründüyü kimi, 10-cu yarımbənddə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
37. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.
38. Çünki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməli olması əks olunmamışdır.
39. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
40. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
41. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.
42. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva