Məhkəmə qərarları › İş №2-1(114)-667/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-667/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-667/2023 06.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə qarşı informasiya sorğusuna cavab verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli informasiya sorğusuna tam cavab verməkdən imtinanın qanunsuz hesab edilməsi və informasiya sorğusuna digər hissədə də cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7987/2022 nömrəli xx.xx.2022-ci il tarixli qəardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 21 fevral 2022-ci ildə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X4 Xidmətinə aşağıdakı informasiya sorğusu ilə müraciət etmişdir: 2022-ci ilin yanvar ayı ərzində nəqliyyat şirkətləri üçün nəzərdə tutulan beynəlxalq yük daşımalarına verilən icazə vərəqi (Defsit olan və olmayan) hansı şirkətlərə verilmişdir və sayı nə qədər olmuşdur? Cavabdehin 15 mart 2022-ci ildə hazırlanan və iddiaçıya 28 mart 2022-ci ildə göndərilən cavabının əsas hissəsi aşağıdakı kimi olmuşdur:- “Bildiririk ki, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunun 29.1.1-ci maddəsinə əsasan qeyd edilən məlumat statistik məlumat olduğundan 2022-ci ilin yanvar ayı ərzində beynalxalq avtomobil daşımaları ilə məşğul olmaq istəyən avtodaşıyıcılara cəmi 17023 ədəd "icazə" blankları verilmişdir. Beynəlxalq daşımalarla məşğul olan fiziki və hüquqi şəxs olan sahibkarların beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyəti onların kommersiya fəaliyyətidir və həmin şəxslərin razılığı olmadan məlumatlarının açıqlanması "Kommersiya sirri haqqında" AR Qanununun 2.0.1-ci maddəsinə ziddir və "İnformasiya əldə etmək haqqında" AR Qanununun 34.4-cü maddəsinə əsasən həmin məlumatlar konfidensial xarakter daşıyır. Qeyd olunan səbəblərdən bu məlumatın verilməsi məqsədəmüvafiq hesab edilmir.” Cavabdan göründüyü kimi, cavabdeh qurum iddiaçının sorğusunun bir hissəsini cavablamış, digər hissəsinə isə cavab verməkdən imtina etmişdir. İddiaçı isə hesab edir ki, cavabdehin informasiya sorğusunun bir hissəsinə cavab verməkdən imtinası qanunsuz hesab edilməli və onun üzərinə informasiya sorğusuna tam cavab verməsi vəzifəsi qoyulmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X3 Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, beynəlxalq daşımalarla məşğul olan şəxslər daşımalarla ancaq xüsusi razılıq əsasında fəaliyyət göstərə bilərlər və bu daşımalar həmin daşıyıcıların kommersiya fəaliyyətidir. İddia ərizəsində qeyd olunan informasiyanın açıqlanması, həmin fəaliyyət barədə məlumatların, sahibkarların razılıqları olmadan digər şəxslərə verilməsi onların kommersiya fəaliyyətlərinə mənfi təsir göstərər, bu sahədə fəaliyyət göstərən sahibkarların mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərin edilməsinə gətirib çıxara bilər və məhz bu səbəbdən sahibkarların həmin fəaliyyəti barədə məlumat ancaq həmin sahibkarların razılığı əsasında verilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və onun vəkilinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş X3 Xidmətinin xx.xx.2022-ci il tarixli, 104-02-09/144-22 nömrəli məktubundan görünür ki, beynəlxalq yük daşımaları ilə məşğul olan fiziki və hüquqi şəxslərin razılığı olmadan İddiaçı müraciətində qeyd olunan məlumatların verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehə müvafiq informasiya sorğusu ünvanlayaraq 2022-ci ilin yanvar ayı ərzində nəqliyyat şirkətləri üçün nəzərdə tutulan beynəlxalq yük daşımalarına verilən icazə vərəqinin (Defsit olan və olmayan) hansı şirkətlərə verilməsi və sayının nə qədər olması barədə məlumat tələb etmiş, cavabdeh orqan qeyd edilən məlumatın statistik məlumat olduğundan 2022-ci ilin yanvar ayı ərzində beynalxalq avtomobil daşımaları ilə məşğul olmaq istəyən avtodaşıyıcılara cəmi 17023 ədəd "icazə" blankları verildiyini bildirmiş, beynəlxalq daşımalarla məşğul olan fiziki və hüquqi şəxs olan sahibkarların beynəlxalq avtomobil daşımaları sahəsində fəaliyyəti onların kommersiya fəaliyyəti olduğunu və həmin şəxslərin razılığı olmadan məlumatlarının açıqlanmasının "Kommersiya sirri haqqında" AR Qanununun 2.0.1-ci maddəsinə zidd olduğunu və "İnformasiya əldə etmək haqqında" AR Qanununun 34.4-cü maddəsinə əsasən həmin məlumatlar konfidensial xarakter daşıdığını bildirərək sorğunun həmin hissəsini cavablamaqdan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Həmin Qanunun 3 nömrəli əlavəsinin 33-cü maddəsinə əsasən beynəlxalq avtomobil daşımaları ilə məşğul olmaq istəyən avtodaşıyıcılar “icazə” blankı aldıqdan sonra həmin fəaliyyətlə məşğul ola bilərlər. Sözügedən Qanunun 10.11-ci maddəsinə əsasən icazə - müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarliq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s.), ərizəçi ilə bağlanılan müqavilə və ərizəçiyə münasibətdə edilən hər hansı digər hərəkətdir. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən barəsində icazə sistemi tətbiq edilən xarici dövlətlərə yerinə yetirilən beynəlxalq daşımalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən "İcazə" blankları əsasında yerinə yetirilir. "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və basqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun:- - 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. -6.1.6-cı maddəsinə əsasən informasiyanın əldə edilməsi bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmamalıdır. -10.4.7-ci maddəsinə əsasən əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır. -10.4.6-cı maddəsinə əsasən informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğuçuya məlumat verməlidir. -34.4-cü maddəsinə əsasən dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. -21.1.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sahibi sorğunun icrasından imtina edir. -29.1-cu maddəsinə əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası. Yuxarıda istinad olunan normaların tələbindən də göründüyü kimi, beynəlxalq daşımalarla məşğul olan şəxslər daşımalarla ancaq xüsusi razılıq əsasında fəaliyyət göstərə bilərlər və bu daşımalar həmin daşıyıcıların kommersiya fəaliyyətidir. Bundan əlavə, qeyd edilməlidir ki, icazə vərəqələrin verildiyi şirkətlərin adları və onlara hansı miqdarda icazələrin verilməsi ictimai maraq doğuran məsələ statusunda deyil. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyəti ictimai maraq doğuran məsələlər dairəsində sadalanmamışdır. Beləliklə müəyyən olunur ki, cavabdeh haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə qarşı informasiya sorğusuna cavab verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar