Məhkəmə qərarları › İş №2-1(114)-67/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-67/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-67/2022 25.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət X1rşı (üçüncü şəxs X8) qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət X1rşı iddia ərizəsi ilə 06.05.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 03.04.2019-cu il tarixli, A30-8 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, əmtəə nişanın qeydiyyata alınması haqqında Patent və X6 23.02.2018-ci tarixli qərarı ilə iddia edilən nişan İddiaçı ƏXBT-nin 29-cu sinif: “qovrulmuş günəbaxan tumları” əmtəələri üzrə qeydiyyata alınması haqqında qərar qəbul edilmişdir. Əmtəə nişanı ƏXBT-nin 29-cu sinif: "qovrulmuş günəbaxan tumları" əmtəələri üzrə 30.04.2018-ci il tarixində İddiaçı adına Azərbaycan Respublikasında 2018 0548 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi -23.01.2017). Əmtəə nişanında "Qarabağ", "UDUŞLU” söz işarəsi və "NEW PRODUCT", "Günabaxan tumları", "Sunflower Seeds", "Семечки подсолнуха" söz birləşmələri hüquqi mühafizə obyektləri deyildirlər. Əmtəə nişanının qeydiyyata alınması haqqında Patent və X6 29.01.2018-ci tarixli qərarı ilə iddia edilən nişan X2 adına ƏXBT-nin 29-cu sinif: qovrulmuş günəbaxan tumları" əmtəələri və 35-ci sinif: "29-cu sinifdə göstərilən malların reklamı və satışı üzrə xidmətlər" xidmətləri üzrə qeydiyyata alınması haqqında qərar qəbul edilmişdir. Əmtəə nişanı ƏXBT-nin 29-cu sinif: "qovrulmuş günəbaxan tumları” əmtəələri və 35-ci sinif: "29cu sinifdə göstərilən malların reklamı və satışı üzrə xidmətlər” xidmətləri üzrə 29.01.2018ci il tarixində X2 adına Azərbaycan Respublikasında 20180096 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi -22.11.2017). Əmtəə nişanında "Qarabağ” söz işarəsi və "Günabaxan tumları", "Sunflower seeds", "Семечки подсолнуха", "NEW PRODUCT" söz birləşmələri hüquqi mühafizə obyektləri deyildirlər. İddiaçıya məxsus 2018 0548 qeydiyyat nömrəli təsviri əmtəə nişanının 29-cu sinif: “qovrulmuş günəbaxan tumları” əmtəələri üzrə qeydiyyatına qarşı Taleh Muradov tərəfindən "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agenti Apellyasiya şurasına etiraz ərizəsi vermişdir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 03 aprel 2019-cu il tarixli A30-8 nömrəli qərarı ilə iddiaçıya məxsus 2018 0548 qeydiyyat nömrəli təsviri əmtəə nişanının 29-cu sinif: “qovrulmuş günəbaxan tumları" əmtəələri üzrə qeydiyyatına qarşı Taleh Muradov tərəfindən verilmiş etiraz ərizəsi təmin edilmiş, 2018 0548 qeydiyyat nömrəli təsviri əmtəə nişanının ƏXBT-nin 29-cu sinif: “qovrulmuş günəbaxan tumları” əmtəələri üzrə iddiaçının adına aparılmış qeydiyyatı etibarsız sayılmış, Əmtəə nişanının qeydiyyata alınması haqqında Patent və X6 23.03.2018-ci il tarixli qərarı ləğv edilmişdir. Apellyasiya şurası qeyd etmişdir ki, X2 adına aparılmış qeydiyyatda əmtəə nişanında "Qarabağ" söz işarəsi və "Günəbaxan Tumları" söz işarələrinin mühafizəsiz element olduğu göstərilsə də, təqdim edilən nişanda mərkəzi yerdə "X7" söz işarələri birlikdə göstərilib. X8 ayrılıqda götürülməklə "X7” söz işarələrinə müstəsna hüquqlara malik olduğunu iddia edə bilməz. Bununla belə, təqdim edilən sənədlərin işığında "X7” söz işarələrinə ayrılıqda mühafizə verilmədən təsvir həmin sözlərlə birlikdə bütövlükdə qoruna bilərdi; eyni fikirləri iddiaçının adına aparılmış qeydiyyata şamil etmək olmaz. Belə ki, qərarda və şəhadətnamədə "Qarabağ" söz işarəsi və "Günəbaxan tumları" söz işarələrinin mühafizəsiz element olduğu göstərilsə də, təqdim edilən nişanda mərkəzi yerdə "X7" Söz işarələri deyil, "Qarabağ" söz işarəsi göstərilib. Qeyd edilən ad nə ayrılıqda, nə də təsvirlə birlikdə bütövlükdə qoruna bilməz. İddiaçı iddia sənədinin ilkinliyinə də şura münasibət bildirərək qeyd etmişdir ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 4-cü hissəsinə əsasən iddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına, bir coğrafi göstəriciyə aid olmalıdır. Həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Odur ki, şura qeyd edir ki, iddiaçının iddia sənədi (ərizə və ona qoşulan zəruri sənədlər) tam təqdim edilmədiyindən ilkinliyi 23.01.2017-ci tarixlə müəyyənləşdirilə bilməz. Bu isə o deməkdir ki, qeyd edilən iddia sənədi digərinə münasibətdə daha öncəki ilkinliyə malik deyildir. İddiaçı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentli Apellyasiya şurasının 03 aprel 2019-cu il tarixli A30-8 nömrəli qərarını əsassız və qanunsuz hesab edir. Qanunda əmtəə nişanının qeydiyyatı üçün konkret hallar müəyyən edilmişdir. Lakin Apelyasiya şurası qərarda “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə istinad etsə də, Qanunda göstərilən halların heç birinə əsaslanmamışdır. Apellyasiya şurası öz qərarını yalnız özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Bundan başqa, Apellyasiya şurası qərarında qeyd etmişdir ki, iddiaçının adına aparılmış qərarda və şəhadətnamədə "Qarabağ" söz işarəsi və "Günəbaxan tumları" söz işarələrinin mühafizəsiz element olduğu göstərilsə də, təqdim edilən nişanda mərkəzi yerdə "X7" söz işarələri deyil, “Qarabağ” söz işarəsi göstərilib. Qeyd edilən ad nə ayrılıqda, nə də təsvirlə birlikdə bötövlükdə qoruna bilməz. Beləliklə, Apellyasiya şurası iddiaçının adına olan şəhadətnamədə "Qarabağ" söz işarəsi Teleh Muradovun şahədətnaməsində "X7" söz işarələri ilə müqayisə edərək sanki "X7" söz işarəsini etalon kimi götürmüşdür. İddiaçı hesab edir ki, "Qarabağ" söz işarəsi və "Günəbaxan tumları” söz birləşmələri ayrı-ayrılıqda hüquqi mühafizə obyektləri olmadığından “X7" söz birləşməsi də bir yerdə də hüquqi mühafizə obyektləri deyildir. Bundan başqa, əmtəə nişanının ilkinliyi barədə araşdırma aparan Apellyasiya Şurası sənədin ilkinliyinə də münasibət bildirərək qeyd etmişdir ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 4-cü hissəsinə əsasən, iddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına, bir coğrafi göstəriciyə aid olmalıdır. Həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Apellyasiya şurası iddia sənədinin tam təqdim edilmədiyindən ilkinliyi 23.01.2017-ci tarixlə müəyyənləşdirilə bilmədiyini qeyd etmişdir. Bu isə o deməkdir ki, qeyd edilən iddia sənədi digərinə münasibətdə daha öncəki ilkinliyə malik deyildir. İddiaçı apellyasiya şurasının bu mövqeyi ilə də razı deyil və hesab edir ki, iddia sənədinin ilkinliyinə görə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilə bilməz. Ümumiyyətlə iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdiyindən iddia sənədlərini apellyasiya şurası tələb edə bilməz. Bu məsələ Apellyasiya şurasının səlahiyyətlərinə aid deyil, həm də bu məsələ etiraz edən tərəfindən mubahisələndirilməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apellyasiya şurasının 03 aprel 2019-cu il tarixli A30-8 nömrəli qərarını əsassız və qanunsuzdur. İddiaçı iddianı müdafiə etmişdir. Üçüncü şəxsin vəkili X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının ilkin müraciətinə imtina cavabı verildikdən sonra Taleh Muradov müraciət etmiş və ona müvafiq razılıq sənədi verilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş 20.10.2020-ci il tarixli **********64 nömrəli etirazda qeyd edilmişdir ki, əmtəə nişanın qeydiyyata alınması haqqında Patent və X6 23.02.2018-ci tarixli qərarı ilə iddia edilən nişan İddiaçı ƏXBT-nin 29-cu sinif: “qovrulmuş günəbaxan tumları" əmtəələri üzrə qeydiyyata alınması haqqında qərar qəbul edilmişdir. Əmtəə nişanı ƏXBT-nin 29-cu sinif: "qovrulmuş günəbaxan tumları" əmtəələri üzrə 30.04.2018-ci il tarixində İddiaçı adına Azərbaycan Respublikasında 2018 0548 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi -23.01.2017). 16.11.2018-ci il tarixdə “X7” təsviri əmtəə nişanının 29-cu sinif: “qovrulmuş günəbaxan tumları" əmtəələri üzrə qeydiyyatına qarşı Taleh Muradov tərəfindən Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. Apellyasiya şurası 2018 0548 qeydiyyat nömrəli təsviri əmtəə nişanının ƏXBT-nin 29-cu sinif: “qovrulmuş günəbaxan tumları” əmtəələri üzrə iddiaçının adına aparılmış qeydiyyatı etibarsız hesab etmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 09.01.2019-cu il tarixli 14-1- 17/3 nömrəli müraciətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilmiş 19.03.2019-cu il tarixli, 694/04 saylı cavab məktubunda qeyd edilmişdir: Azərbaycan xalqının tarixi adlarının, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadəsinə icazə verilməsi haqqında Mədəniyyət və Turizm Nazirliyinin 128 nömrəli, 26 may 2017-ci il tarixli əmri ilə yaradılmış Komissiyanın qərarı ilə X5 “Qarabağ” sözündən deyil, “Qarabağ tumları” sözündən istifadə olunmasına dair icazə verilmişdir. Bu isə o deməkdir ki, “X7” söz işarələrinə ayrılıqda mühafizə verilmədən iddia edilən təsvir həmin sözlərlə birlikqjə bütövlükdə qoruna bilərdi. Komissiyanın müvafiq qərarı ilə icazənin yalnız X5 münasibətdə olduğu bildirilmişdir. Bu isə o deməkdir ki, İddiaçı münasibətdə 1 nömrəli əlavə qaydasında icazə verilməmişdir. Qaydaların 4-cü bəndinin «f» yarımbəndinə (Əmtəə nişanın; qeydə almaqdan imtinanın mütləq əsasları) əsasən, Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının «6 ter» maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanlarına aşağıdakılar aid edilir: ’’dövlət gerbləri, bayraqlar, emblemlər, dövlətlərin rəsmi və ya tarixi adları, beynəlxalq təşkilatların emblemləri, qısaldılmış və ya tam adları, nəzarət və qrant üçün rəsmi nişanlar və damğalar, həmçinin heraldika baxımından bunların hamısının bənzətmələri”. Qaydaların 4-cü bəndinin «f» yarımbəndində həmçinin qeyd edilir ki, Onu da qeyd etmək olar ki, bu cür nişanlar (Paris Konvensiyasının iştirakçısı olan ölkələrdə) mühafizə olunmayan elementlər kimi əmtəə nişanına daxil edilə bilər, o şərtlə ki, əmtəə nişanında onlar əsas mövqedə dayanmasın, onların istifadəsinə səlahiyyətli orqanın və ya onların sahiblərinin razılığı olsun”. Apellyasiya şurası tərəfindən aparılmış araşdırma əsasında müəyyən edilmişdir ki, İddiaçı adına aparılmış qeydiyyatda mühafizəsiz element olsa da (ümumilikdə şəhadətnamədə "Qarabağ" söz işarəsi və "Günəbaxan tumları" söz işarələrinin mühafizəsiz element olduğu göstərilmişdir), nişanın mərkəzi yerində “Qarabağ” söz işarəsi durur və qeyd edilən ad nə ayrılıqda, nə də təsvirlə birlikdə bütövlükdə qoruna bilməz, X2 adına aparılmış qeydiyyatda isə nişanın mərkəzində “X7” söz işarələri durur. X8 ayrılıqda götürülməklə “X7” söz işarələrinə müstəsna hüquqlara malik olduğunu iddia edə bilməz. İddiaçı iddia sənədinin ilkinliyinə də Apellyasiya şurası münasibət bildirərək qeyd etmişdir ki, Qanunun 9-cu maddəsinin 4-cü hissəsinə əsasən, iddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına, bir coğrafi göstəriciyə aid olmalıdır. Həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Apellyasiya şurası İddiaçı iddia sənədi (ərizə və ona qoşulan zəruri sənədlər) tam təqdim edilmədiyindən ilkinliyi 23.01.2017-ci il tarixlə müəyyənləşdirməmişdir. Bu isə o deməkdir ki, qeyd edilən iddia sənədi digərinə münasibətdə daha öncəki ilkinliyə malik deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 03.04.2019-cu il tarixli, A30-8 nömrəli qərarından görünür ki, 2018 0548 qeydiyyat nömrəli təsviri əmtəə nişanının ƏXBT-nin 29-cu sinif: “qovrulmuş günəbaxan tumları” əmtəələri üzrə İddiaçı adına aparılmış qeydiyyatı etibarsız hesab edilmişdir. -İşə surətləri əlavə edilmiş əmtəə nişanlarının qeydiyyata alınması haqqında qərarlardan görünür ki, X5 verilmiş əmtəə nişanının ilkinlik tarixi 22.11.2017-ci il, İddiaçı verilmiş əmtəə nişanı üzrə iddia sənədinin daxil olduğu tarix 23.01.2017-ci ildir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əmtəə nişanın qeydiyyata alınması haqqında Patent və X6 23.02.2018-ci tarixli qərarı ilə iddia edilən nişan İddiaçı ƏXBT-nin 29-cu sinif: “qovrulmuş günəbaxan tumları" əmtəələri üzrə qeydiyyata alınması haqqında qərar qəbul edilmişdir. Əmtəə nişanı ƏXBT-nin 29-cu sinif: "qovrulmuş günəbaxan tumları" əmtəələri üzrə 30.04.2018-ci il tarixində İddiaçı adına Azərbaycan Respublikasında 2018 0548 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi -23.01.2017). 16.11.2018-ci il tarixdə “X7” təsviri əmtəə nişanının 29-cu sinif: “qovrulmuş günəbaxan tumları" əmtəələri üzrə qeydiyyatına qarşı Taleh Muradov tərəfindən Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. Apellyasiya şurası 2018 0548 qeydiyyat nömrəli təsviri əmtəə nişanının ƏXBT-nin 29-cu sinif: “qovrulmuş günəbaxan tumları” əmtəələri üzrə iddiaçının adına aparılmış qeydiyyatı etibarsız hesab etmişdir. İddiaçı hazırda sözügedən qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 03.04.2019-cu il tarixli, A30-8 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə”-nin müvafiq normaları təhlil edilməlidir. “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası haqqında Əsasnamə”-nin:- -1.5-ci bəndinə görə, Azərbaycan Respublikasının və xarici ölkələrin hər hansı maraqlı hüquqi və fiziki şəxslərinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində hüquqlarının pozulması və mübahisələrin yaranması ilə əlaqədar Apellyasiya şurasına müraciət etmək hüququ vardır. -2-ci maddəsindən görünür ki, apellyasiya şurasının məqsədlərindən biri də etirazlara baxılarkən hüquqi və fiziki şəxslərin (bundan sonra - iddiaçılar), sənaye mülkiyyəti obyektləri sahiblərinin, həmçinin digər şəxslərin qanuni hüquqlarının təmin edilməsidir. -5.1-ci bəndinin “f” yarımbəndində apellyasiya şurasının səlahiyyəti çərçivəsində baxdığı məsələlərin siyahısında əmtəə nişanının, coğrafi göstəricinin qeydə alınması faktına qarşı verilən etirazlar göstərilmişdir. -5.5-ci bəndinə əsasən, apellyasiya şurasına verilən etirazda etiraz verən şəxsin tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlillər (istinad edilən materialların surəti də təqdim edilir) göstərilməlidir. -5.8-ci bəndinə görə bu Əsasnamənin 5.1-ci bəndinin "b", "c", "f" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı mühafizə sənədinin, yaxud qeydiyyatın tam və ya qismən etibarsız olduğunu əsaslandıran dəlillər göstərilməli və etiraz bir mühafizə sənədinə və ya onun qeydiyyatına aid olmalıdır. -5.12-ci bəndinə görə bu Əsasnamənin 5.1-ci bəndinin "f" yarımbəndi ilə, həmçinin Madrid Sazişinin 5-ci maddəsi ilə nəzərdə tutulan əmtəə nişanının qeydiyyatı əleyhinə etirazda, qeydiyyatı tam və ya qismən etibarsız saymaq barədə vəsatət verilə bilər. -6.2-ci bəndinə əsasən, bu Əsasnamənin 5.1-ci bəndinin "c", "f", “g” və "ğ" yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı etiraz daxil olduqda, etirazı təqdim edən şəxslə yanaşı, mühafizə sənədinin sahibinə də bildiriş göndərilir. Apellyasiya şurası işdə marağı olan şəxslərə mühafizə sənədi barəsində əsaslandırılmış dəlilləri təqdim etmək üçün 2 ay vaxt verir. Göründüyü kimi qeyd olunan normalarda cavabdeh orqanın hüquq və vəzifələri, etirazların qeydiyyatı, onlara baxılma qaydası göstərilmişdir. Həmin normalara görə apellyasiya şurasına verilən etirazda üçüncü şəxs Taleh Muradov tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlillər göstərilməlidir. Göstərilən halı müəyyən etmək üçün isə cavabdeh orqan iddiaçıya məxsus əmtəə nişanının qeydiyyatına dair qərarın üçüncü şəxs Taleh Muradovun hüquqlarını pozub-pozmadığını, sonuncunun Apellyasiya Şurasına müraciət edərkən hüquqlarının pozulmasının əsası kimi hansı dəlilləri göstərdiyini, öz dəlillərini hansı mötəbər sübutlarla əsaslandırdığını müəyyən edilməli idi. Cavabdeh orqan isə göstərilənlərə əməl etməmiş, belə bir araşdırma aparmadan üçüncü şəxsin etiraz ərizəsini əsaslı və qanuni hesab edərək iddiaçının adına aparılmış qeydiyyatı etibarsız sayılmışdır. Məhkəmə iddiaçının ilkinliklə bağlı dəlillərini də əsaslı hesab edir. Belə ki, ilkinliklə bağlı qanunvericilikdə konkert göstəriş nəzərdə tutulmuşdur. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 9-cu maddəsinin 1- ci hissəsinə görə, əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verir. Həmin maddənin 4-cü hissəsinə görə, iddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına, bir coğrafi göstəriciyə aid olmalıdır. Həmin maddənin 7-ci hissəsində ərizəyə qoşulan sənədlərin siyahısı göstərilmişdir. Həmin maddənin 8-ci hissəsində göstərilmişdir ki, maddənin yeddinci hissəsində nəzərdə tutulan sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma ərizənin verildiyi tarixdən 2 ay ərzində təqdim edilir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 10-cu maddəsinə görə, əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.2-ci bəndinə uyğun olaraq, iddia olunan nişan (işarə) Qaydaların 4-cü bəndinin “f” yarımbəndində göstərilən nişandan (işarədən) ibarət olduğu halda, müvafiq səlahiyyətli orqanın razılığı tələb olunur. Həmin Qaydaların 4-cü bəndinin “f” yarımbəndində qeyd edilir ki, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra — Paris Konvensiyası) 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları. Bu cür nişanlara aiddir: dövlət gerbləri, bayraqlar, emblemlər, dövlətlərin rəsmi və ya tarixi adları, beynəlxalq təşkilatların emblemləri, qısaldılmış və ya tam adları, nəzarət və qrant üçün rəsmi nişanlar və damğalar, həmçinin heraldika baxımından bunların hamısının bənzətmələrinin qeydə alınmasına yol verilmir. Onu da qeyd etmək olar ki, bu cür nişanlar (Paris Konvensiyasının iştirakçısı olan ölkələrdə) mühafizə olunmayan elementlər kimi əmtəə nişanına daxil edilə bilər, o şərtlə ki, əmtəə nişanında onlar əsas mövqedə dayanmasın, onların istifadəsinə səlahiyyətli orqanın və ya onların sahiblərinin razılığı olsun. Qeyd edilən əmtəə nişanlarının ekspertizası və şəhadətnamə verilən zaman qüvvədə olan “Azərbaycan xalqının tarixi adlarının, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən əmtəə nişanı kimi istifadəsinə icazə verilməsi” Qaydalarının tələbinə əsasən qeyd olunan adlar və xüsusi işarələrdən əmtəə nişanı kimi istifadə edilməsinə 1 nömrəli əlavə qaydasında müvafiq icazə verilməsi nəzərdə tutulmuşdu. Hazırda da Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında” Əsasnamənin 3.1.42-ci yarımbəndinə əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq, Azərbaycan xalqının tarixi adlarından, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən istifadəyə icazə vermək Nazirliyin vəzifələrinə daxil edilmişdir. Qeyd olunan normadan aydın olur ki, ilkinlik iddia sənədinin müvafiq səlahiyyətli quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Göründüyü kimi bu baxımdan ilkinlik iddiaçıya məxsusdur. Yəni, iddiaçı əmtəə nişanının qeydiyyata alınması məqsədilə iddia sənədini üçüncü şəxsdən daha əvvəl cavabdeh orqana təqdim etmişdir. Lakin, cavabdeh orqan əmtəə nişanının qeydiyyata alınması ilə bağlı ilkinliyin üçüncü şəxsə məxsus olduğunu qeyd edərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia sənədini cavabdehə təqdim edərkən ona zəruri sənədləri əlavə etməmiş, sənədlərin bəzilərini sonradan təqdim etmişdir. Məhkəmə bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan yanaşmasından da məlum olur ki, ilkinlik bütün sənədlərin təqdim edildiyi ən son tarixlə yox, əmtəə nişanının qeydiyyata alınması məqsədilə iddia sənədi ilə ilk müraciət edilmə tarixinə əsasən müəyyən edilir. Odur ki, sonradan iddia sənədinə hər hansı sənədin əlavə olunmasına görə ilkinlik müddətinin də həmin tarixə əsasən müəyyən edilməsi yolverilməzdir və cavabdeh orqan bununla bağlı müvafiq qanunvericilik normalarının tətbiqində səhvə yol vermişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarında üçüncü şəxs Taleh Muradovun dəlillərinə münasibət bildirilməmişdir. Belə ki, üçüncü şəxs cavabdeh orqana ünvanladığı ərizəsini belə əsaslandırmışdır ki, məhsulların eyni loqo və adla istehsal edilməsi satış bazarında çaşqınlıq və qeyri-müəyyənlik yaratmaqla qanunsuz rəqabətə səbəb olmuşdur. Cavabdeh orqan isə qərarda bu dəlilə münasibət bildirməmiş, digər dəlillər əsasında iddiaçıya məxsus əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi barədə qərar qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 03.04.2019-cu il tarixli, A30-8 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 03.04.2019-cu il tarixli, A30-8 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar