Məhkəmə qərarları › İş №2-1(114)-671/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-671/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-671/2022 18.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 13.01.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.03.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya almaq hüququnun təmin edilməsi və həmin tarixdən yığılan pensiya məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 6 dekabr 2021-ci il tarixli müraciət ünvanlamış, 17 dekabr 2021 -ci il tarixli imtina məktubu gəlmişdir. İmtinaya əsas kimi qeyd olunmuşdur ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Halbuki onun 01.01.2006-cı il tarixədək olan sosial sığorta stajı güzəştli şərtlərlə görə əmək pensiyasına çıxmağa əsas verir. Belə ki, onun 01.01.2006-cı il tarixədək olan ümumi sğorta stajı 26 il 4 ay 8 gün edir. Bunu onun əmək kitabçası və texniki peşə liseyində təhsil almağı ilə bağlı verilmiş attestat təsdiqləyir. 01.01.2006-cı il tarixədək olan bu ümumi stajı 18 il 7 ay 9 isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən xüsusilə ağır və zərərli peşələrdə işləmə müddətidir. Bu faktı "xxxx" ASC və "xxxx" ASC-dən verilən arayışlar və əmək kitabçasındakı müvafiq qeydlər təsdiq edir. Yuxarıda qeyd edilənlərə görə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ödənilməyən pensiya məbləğinin ona 06.12.2018-ci il tarixdən ödənilməsini xahiş etmiş və iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh 17.12.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”-nin 9.1 -ci maddəsinin İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1)İddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2)İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3)İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; və 4)yetərli pensiya kapitalı. Hazırki iş üzrə 4-cü şərtə əməl edilməmişdir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39,200.00 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 28,574.10 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Həmçinin, qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 17.12.2021-ci il tarixli, **********5 nömrəli imtinası, 02 nömrəli, 15.04.2021-ci il tarixli "xxxx" ASC-nin və 03 nömrəli, 15.03.2021-ci il tarixli "xxxx" ASC-nin arayışları, 05.05.1979-cu il tarixində tərtib edilmiş İT- İ ******* nömrəli əmək kitabçasının kserosurəti, cavabdehin məhkəməyə ünvanladığı 17.02.2022-ci il tarixli etiraz məktubu, cavabdehin məhkəməyə ünvanladığı 14.04.2022-ci il tarixli, **********5 nömrəli Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı məxsus İT-İ ******* nömrəli, 05.05.1979-cu il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, o, 21.09.1978-ci il tarixdən 20.11.2020-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 02 nömrəli, 15.04.2021-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İddiaçı "xxxx" ASC-nin Daşkəsən “Alünit” İstehsalat Sahəsində 21.09.1978-ci il tarixdən 03.05.1979-cu il tarixədək və 03.07.1981-ci il tarixdən 27.04.1985-ci il tarixədək 2092303a-18559 koduna uyğun gələn “təmirçi-çilingər” peşəsində, 16.01.1997-ci il tarixdən 25.12.1998-ci il tarixədək isə 2010100a-11429 koduna uyğun gələn “partladıcılar” peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarında pensiya sıyahısı üzrə güzəştli şərtlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilən 2 nömrəli pensiya siyahısında mövcuddur. 03 nömrəli, 15.03.2021-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 17.03.1989-cu il tarixdən 13.06.1994-cü il tarixədək, 05.01.1999-cu il tarixədək 01.03.1999-cu il tarixədək, 01.03.1999-cu il tarixdən 23.11.2020-ci il tarixədək “Açıqda dağ-mədən işləri və yer səthində işlər” kateqoriyasında “fəhlələr” peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarına əsasən İddiaçı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. Həmçinin, həmin arayışda İddiaçı 01.07.2009-cu il tarixdən 07.12.2009-cu il tarixədək, 08.02.2010-cu il tarixdən 08.04.2010-cu il tarixədək, 14.05.2010-cu il tarixdən 14.07.2010-cu il tarixədək, 17.08.2010-cu il tarixdən 11.09.2010-cu il tarixədək əmək fəaliyyəti güzəştli staj kimi hesablanmamalı olması qeyd olunmuşdur. Cavabdehin istər 17.12.2021-ci il tarixli, **********5 nömrəli imtina məktubunda, istər 14.04.2022-ci il tarixli, **********5 nömrəli Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında məktubda, istərsə də 17.02.2022-ci il tarixli etiraz məktubunda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinaya əsas səbəb kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi göstərilmişdir. Tətbiq edilən maddi hüquq: “Əmək Pensiyaları haqqında“ Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Etirazda qeyd olunduğu kimi cavabdehin etirazını yeganə dəlili iddiaçının pensiya kapitalının yaranmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb Qanuna 01.07.2017-ci il tarixdən sonra daxil edilmişdir. İddiaçı isə həmin tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Belə ki, qanun dəyişilənədək iddiaçı artıq 25 il sığorta stajı və bu müddətin 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə münasibətdə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ qazanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadında “Qazanılmış hüquq” anlayışına belə tərif verilmişdir ki, yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. İş materialları ilə iddiaçının 57 yaşına çatması, 25 ildən artıq ümumi iş stajı, həm də 12 il 6 aydan artıq güzəştli iş stajı olması təsdiq olunur. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun olması öz təsdiqini tapdığından məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin olunmalıdır. İddia tələbinin digər, yəni 06.12.2018-ci il tarixindən pensiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı cavabdehə 06.12.2021-ci il tarixdə müraciət etdiyi və həmin vaxta qədər, yəni 24.03.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ artıq yarandığından ona müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənişlər ödənilməlidir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi və 06.12.2018-ci il tarixdən pensiya məbləğinin ödənilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar