Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-671/2023 03.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayonu, Ağamalıoğlu adına sovxozun xx.xx.1992-ci il tarixli 58 nömrəli əmri ilə anası X1 verilmiş 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu, Ağamalıoğlu adına sovxozun xx.xx.1992-ci il tarixli 58 nömrəli əmri ilə mərhum anası X1 0.06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədən 10 il əvvəl Şirazi adlı əmisi istifadə etmişdir, hazırda heç kim istifadə etmir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia olunan torpaq sahəsindən iddiaçının əmisi istifadə etdiyinə və bu səbəbdən mübahisə olduğuna görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Ağstafa rayon Dövlət arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Ağstafa rayonu, Ağamalıoğlu adına sovxozun xx.xx.1992-ci il tarixli 58 nömrəli əmrindən çıxarışın məzmunundan görünür ki, X1 0.06 ha torpaq sahəsi verilmişdir. -Ağstafa rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 82 nömrəli məktubunda bildirilir ki, Ağstafa rayonu, Ağamalıoğlu adına sovxozun xx.xx.1992-ci il tarixli 58 nömrəli əmri ilə X1 verilmiş 0.06 ha torpaq sahəsinin yerləşmə yerini, planı və koordinatlarını müəyyən edən sənədlər arxivdə mühafizə edilmir. -Ağstafa rayon Xətai bələdiyyəsi tərəfindən X1 verilmiş 0.06 ha torpaq sahəsinin yerquruluşu planından çıxarış hazırlansa da, həmin bələdiyyənin xx.xx.2013-cü il tarixli, 15 nömrəli məktubunda həmin yerquruluşu planından çıxarışın hazırlanmasına əsas olmuş sənədlərin bələdiyyədə olmadığı bildirilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, yuxarıda adı çəkilən müvafiq əmr əsasında iddiaçının mərhum anasına torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi əmr əsasında Ağstafa rayonu ərazisində istənilən torpaq sahəsinə iddia etmək mümkün olardı. İddiaçı müvafiq sənədlər əsasında anasına Ağstafa rayonu, Xətai kəndinin ərazisindən 0.06 ha torpaq sahəsinin verildiyini iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin anasına ayrılmış sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-671/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-671/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver