Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-672/2022 30.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndələri X6 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 13.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən onun barəsində çıxarılmış 08.12.2021-ci il tarixli, **********1192 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 17.12.2009-cu il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır, faktiki olaraq qaz sobaları və havatəmizləyici- aspiratorların pərakəndə satışı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Axırıncı dəfə 27.10.2021-ci il tarixində müəssisədə sonuncu operativ vergi nəzarəti qaydasında yoxlama aparılmışdır. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin buna baxmayaraq 27.10.2021-ci il tarixdə № 006035 akt əsasında 08.12.2021-ci il tarixli № **********1192 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Bu qərarla iddiaçıya 474.516.70 AZN məbləğində maliyyə sanksiyası vergi borcu hesablanmışdır. Əslində mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları operativ vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri-obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri-qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Buna görə də iddiaçı hesab edir ki, səyyar vergi yoxlamasına dair qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçının vəkili X7 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər təqdim etdiyi ƏDV bəyannamələrində ******* manat vergi tutulan dövriyyə əks etdiyi ******* manat, gömrük dəyəri ilə mal idxal etdiyi, elektron qaimə faktura tətbiq olunmaqla 12 706 manat dəyərində malların alışı və 43187 manat dəyərində malların satışı əməliyyatları apardığı və operativ vergi nəzarəti zamanı mal qalığının 55849 manat olduğu aşkar olunmuşdur. 01.01.2021-27.10.2021 tarix aralığında ümumilikdə 1770 çek üzrə 2950600,14 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Belə ki, vergi ödəyicisinin fəaliyyətinin iqtisadi göstəriciləri, obyektlərinin anbar tipli olması, pərakəndə adı altında fəaliyyət göstərdiyi obyektdə mal qalığının olmaması çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının aşkar olması faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın rəsmiləşdirilmədən əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Vergi ödəyicisinin anbarları mövcuddur, anbarın olması onun malları anbardan topdansatış qaydasında satdığını deməyə əsas verir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, iddiaçıya məxsus anbarda vitrin yoxdur və anbar topdansatış fəaliyyətinə uyğundur. Həmçinin iddiaçı 252 ədəd kassa çeki üzrə pulu bir əməliyyatla geri qaytarma edib ki, bu da iddiaçının topdansatışla məşğul olmasını deməyə əsas verir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27.10.2021-ci il tarixli **********7061 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə 27.10.2021-ci il tarixdən 25.11.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.12.2021-ci il tarixli **********1192 nömrəli qərarından görünür ki, İddiaçı Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat obyektindən nəqaliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə 474516,70 (dörd yüz yetmiş dörd min beş yüz on altı manat, yetmiş qəpik) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin **********1193 nömrəli Tələbnaməsindən görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.12.2021-ci il tarixli **********1192 nömrəli qərarı əsasında İddiaçı 474516,70 manat vəsait ödəməsi tələb olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 27.10.2021-ci il tarixli **********7061 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən 27.10.2021-ci il tarixdən 25.11.2021-ci il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti barədə operativ vergi nəzarəti təyin edilmiş və aparılmış nəzarət tədbirləri nəticəsində 27.10.2021-ci il tarixli 006035 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında 08.12.2021-ci il tarixli **********1192 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İddiaçı qeyd olunan qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, vergi qanunvericiliyi ilə pərakəndə satış və topdansatış ticarət fəaliyyətinin anlayışı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanının iddiaçıya məxsus obyektlərin anbar tipli olması, pərakəndə adı altında fəaliyyət göstərdiyi obyektdə mal qalığının olmaması, çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması hallarının onun topdansatış fəaliyyəti ilə məşğul olması kimi qiymətləndirməsi arqumenti əsassız sayılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən 08.12.2021-ci il tarixli, **********1192 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.12.2021-ci il tarixli, **********1192 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 08.12.2021-ci il tarixli, **********1192 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-672/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-672/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver