Məhkəmə qərarları › İş №2-1(114)-674/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-674/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-674/2022 25.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Goranboy rayonu, Alpout kəndində anadan olmuş və orta məktəbi bitirdikdən sonra xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (2il 20 gün) Azərbaycan SSR-nin ordu sıralarında hərbi xidmətdə olmuşdur. Onun xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək olan ( 12 il 18 gün) işlədiyi dövr ümumilikdə 14 il 1 ay 8 gün olduğu halda cavabdeh tərəfindən 14 il kimi qəbul edilmiş və xx.xx.1992-ci ildən -xx.xx.2005-ci ilədək "xxxx" ATSC-də işlədiyi (13 il 1 ay 8 gün) cavabdeh tərəfindən qəbul edilməyərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (14 il) sığorta kapitalı 10669 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının əmək kitabçasında qeyd olunmuş, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" ATSC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyildir. Yəni müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübut olmamış və sənədləri arxivə təhvil verilməmişdir. Buna görə də həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək, iddianın rədd olunması xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş, НЗ ******* nömrəli hərbi biletdən görünür ki, X2 xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. -X9 Filialının xx.xx.2022-ci il tarixli, 348(101)/3 nömrəli arxiv arayışından görünür ki, "xxxx" ATSC-nin arxiv sənədləri X9 Filialına təhvil verilməmişdir. - surəti işə əlavə edilmiş iddiaçıya məxsus ИT-l ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1992-ci ildə Sənaye Kombinatı Xüsusi Təmir-tikinti Trestinə ("xxxx" ATSC-yə) işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə isə öz ərizəsi əsasında işdən azad edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, "xxxx" ATSC-nin sənədlərinin X9 filialına təhvil verilmədiyi üçün X1 "xxxx" ATSC-də işləmə faktının araşdırılması mümkün olmamışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" ASC xx.xx.1999-cu il tarixdə vergi orqanında VÖEN ilə uçota alınmış, təşkilati-hüquqi forması isə açıq səhmdar cəmiyyətidir. -DSMF-nin publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubundan görünür ki, X9 filialının arxiv arayışına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin arxiv sənədləri təhvil verilmədiyinə görə həmin dövrlərin araşdırılması mümkün olmadığından X1 işlədiyini iddia etdiyi həmin illər onun sosial sığorta stajına daxil edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləmiş olduğu "xxxx" ATCS-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən qeyd olunan dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmadığından həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ATSC-də işləmişdir. Bu səbəbdən də həmin illərə aid arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının həmin dövr üzrə əmək fəaliyyətinin olmamasını deməyə əsas vermir, eyni zamanda bu hal ona məxsus əmək kitabçasında olan qeydlərin doğruluğunu şübhə altına almağa əsas vermir. Başqa sözlə, arxiv məlumatlarının olmaması, yəni müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh olunmamalıdır, çünki iddiaçının qeyd olunan müddətdə işləməsi barədə qeydlər əmək kitabçasında mövcuddur və bu qeydlər hər hansı şübhə doğurmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 20 gün) hərbi xidmət dövrü, eləcə də, onun xx.xx.1979-cu tarixdən xx.xx.1991-ci tarixədək olan (12 il 18 gün) işlədiyi dövr olmaqla ümumilikdə 14 il 1 ay 8 gün sığorta stajının olması işin mübahisəsiz halıdır. Əmək kitabçasına əsasən onun xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (13 il 1 ay 6 gün) işlədiyi müddət də nəzərə alındıqda iddiaçının ümumilikdə 27 il 2 ay 14 gün sığorta stajı yaranmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox (27 il 2 ay 14 gün) sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapır. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 27 il 2 ay 14 gün) malikdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ATSC-də işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ATSC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar