Məhkəmə qərarları › İş №2-1(114)-675/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-675/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-675/2024 26.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1992-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, hazırda Goranboy rayonu, Qarqucaq ərazi dairəsi, Şəfibəyli kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 266 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və Maddi-texniki təminat bölüyünün Təmir taqımının təmir manqasının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların adlı siyahısı tərtib edilmiş, həmin siyahıya iddiaçının adı da daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 364 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin N-ci səhifəsində iddiaçının “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etmişdir” qeydi aparılmış, qeydə hərbi hissənin möhürü vurulmuş və qərargah rəisi tərəfindən imzalanmışdır. Həmin qeydləe iddiaçının qeydiyyat kartasında da əks olunmuşdur. N saylı hərbi hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçı Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərmiş, xx.xx.2020-ci il tarixdən hərbi hissədə düşmənin artilleriya zərbələri nəticəsində sıradan çıxmış avtomobil texnikalarının vaxtında nasazlıqların aradan qaldırılmasında və şəxsi heyətin təhlükəsiz fəaliyyət göstərməsində bilavasitə manqa komandiri vəzifəsində xidmət etmişdir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-42-22/2-577/2023 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasında qismən Səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində Xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən Müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdən SHXÇDX-nin Goranboy rayon şöbəsində hərbi qeydiyyatdadır. İddiaçı tərəf ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 2/2-8847 nömrəli məktubunda bildirmişdir ki, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatda iştirak etdiyiniz ərazilərdə (Ağdam və Xocavənd rayonları) olmağınız əmrlərlə və müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı tərəfin dəlilləri: İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2012ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 44 günlük Vətən Müharibəsi zamanı iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi səfərbərliyə alınaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Ağdam, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş, bu barədə Hərbi biletinin N-ci səhifəsində N nömrəli hərbi hissə komandirinin möhürü və imzası var. 25 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Şəfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş arayış da bunu bir daha təsdiq edir. Bütün bunlara baxmayaraq iddiaçı ilə xidmətdə olan bütün döyüş yoldaşlarına Veteran adı və vəsiqəsi verilsə də, iddiaçı dəfələrlə cavabdehə və digər qurumlara müraciət etməyisinə baxmayaraq bu günə kimi Veteran adı və vəsiqəsi verilmir. Cavabdehin xx.xx.2023- cü il tarixli 2/2-8847 saylı məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayışməlumatda iştirak etdiyi ərazilərdə (Ağdam və Xocavənd rayonları) əmrlərlə və müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə ona "Müharıbə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədə müvafiq deyildir. İddiaçı hesab edir ki, bu ona qarşı bir haqsızlıqdır. Kiminsə səhlənkarlığı ucbatından iddiaçının döyüşlərdə olduğu müddət əmrlər kitabına qeyd olunmayıbsa bu iddiaçının səhvi deyildir. İddiaçı o vaxt heç bunlara fikirdə vermirdi, vətəni, xalqı, torpağı üçün vuruşmağı özümə borc bilirdi. İddiaçının 44 günlük Vətən Müharibəsində iştirak etməsi yuxarıda təqdim etdiyi və məhkəməyə təqdim etdiyi sənədlərlə bir daha təsdiq olunur. Bundan başqa onunla birlikdə Vətən Müharibəsində eyni hərbi hissədə vuruşan döyüş yoldaşları da bunu təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-42/2024 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, N nömrəli hərbi hissənin N dekabr 2023-cü il tarixli 1292 nömrəli məktubuna əsasən iddiaçı hərbi hissənin nizami hissə üzrə N sentyabr 2020-ci il tarixli 266 nömrəli əmrinə əsasən N sentyabr 2020-ci il tarixdən daxil olmuş və N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün Təmir tağımının təmir manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Həmçinin həmin əmrdə əlavə olaraq iddiaçının hansı qismində iştirak etməsi göstərilmişdir. Beləliklə həmin əmrdən görünür ki, o, bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş, xidmət etdiyi hərbi hissə isə Ağcəbədi rayonunda yerləşirdi. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək cavabdeh hesab edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlarının tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçməsi sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, qanunvericiliyinin tələblərinə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada xidmət keçməsi və tərxis olunmaması onun "döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs "statusunu əldə etməməsinə səbəb olur. Lakın, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Buna görə də, iddiaçıya "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, N6 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin 2-ci bəndində qeyd edilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin sonuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müharibə veteranı statusunun verilməsi zamanı döyüşlərdə iştirak etdiyi ərazilərlə bağlı hər hansı bir şərt və məhdudiyyət nəzərdə tutmamışdır. Yəni normanın tələbinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə müvafiq sənədlər əsasında müharibə veteranı statusunun verilməsi birbaşa təsbit edilmişdir. Həmçinin qeyd edilmişdir ki, döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəməyə sorğu əsasında daxil olmuş “hərbi qulluqçular barədə arayış-məlumat”ın surətində qeyd edilmişdir ki, iddiaçı Hərbi Hava Qüvvələrinin Komandanının xx.xx.2020-ci il tarixli 020 nömrəli əmri, Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0107 nömrəli əmri əsasında Ağdam və Xocavənd rayonlarında MTT üzrə fəaliyyət göstərmişdir. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına iddiaçı da daxil edilmişdir. Göründüyü kimi, iddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi təsdiq edilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh öz imtinasının əsası kimi yalnız iddiaçının birbaşa döyüş əməliyyatlarına cəlb olunmamasını göstərmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı adı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar