Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-677/2023 01.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “1996-2005-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, hazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatda olmaqla Hacılar kəndində yaşayır. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Sonuncu xx.xx.1977-xx.xx.1978-ci illərdə “Paris Kommunası” sovxozunda, xx.xx.1979xx.xx.1985-ci illərdə “Sovet Ermənistanı” sovxozunda, xx.xx.1986-xx.xx.1989-cu illərdə Azərbaycan SSR Baş kolxoz və sovxoz tikinti idarəsinin Gədəbəy rayonu (161 nömrəli) səyyar dəstəsində sürücü işləmişdir. İddiaçı xx.xx.1990-cı il tarixli 8 nömrəli əmrlə Gədəbəy Təsərrüfathesablı tikinti sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli, 33 nömrəli əmrlə fəhləlikdən azad edilib, MM-34505 avtomaşının sürücüsü qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 1 nömrəli əmrlə öhdəsində olan avtomaşın özəlləşdirildiyinə görə işdən azad edilmişdir. Gədəbəy Təsərrüfathesablı tikinti sahəsinin 1996-2005-ci illərə dair əmək haqları cədvəlləri Gədəbəy rayon Dövlət arxivinə təhvil verilməmişdir. İddiaçı pensiya təyinatı məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialına müraciət etmiş, sonuncu isə iddiaçının sənədlərinin aidiyyəti üzrə baxılması üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) göndərmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixindək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla ) 18 il 6 ay təşkil edir. Bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1990-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Qazax-Tovuz regional filialının aktına əsasən əmək kitabçanısının surətində qeyd olunmuş Gədəbəy Təsərrüfat hesablı tikinti sahəsinin 1996-cı il tarixindən 2005-ci il tarixinədək olan əmək haqqı cədvəlləri Gədəbəy rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün iddiaçının həmin müəssisədən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəblə həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1996-2005-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan onun Gədəbəy Təsərrüfat hesablı tikinti sahəsində sürücü işlədiyi 1996-2005-ci illəri sığorta stajına daxil etməkdən imtina etmiş, buna səbəb kimi həmin illərə dair əmək haqqı cədvəllərinin Gədəbəy rayon Dövlət Arxivinə təhvil verilmədiyini göstərmişdir. Lakin iddiaçının Gədəbəy Təsərrüfat hesablı tikinti sahəsində xx.xx.2005-ci ilə kimi işləməsi mübahisələndirilə bilməz, bu fakt ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır. Əmək haqqı cədvəllərinin təhvil verilməməsi isə onun təqsiri deyil. Ona görə də hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı onun Gədəbəy Təsərrüfat hesablı tikinti sahəsində sürücü işlədiyi illəri (1996-2005-ci illər) sosial sığorta stajına hesablamalı və ona yaşa görə əmək pensiyası təyin etməlidir. Belə ki, iddiaçının həmin illərdə işləməsini təsdiq edən əmək kitabçası vardır. Cavabdeh təşkilatın bundan imtina etməsi üçün heç bir qanuni əsası yoxdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlara eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən 25 il sosial sığorta stajı mövcud olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsinin qanunazidd olduğu bildirilmişdir. İddiaçının 1990-2005-ci illərə dair əmək fəaliyyəti əmək kitabçasında qeyd olunsa da, Gədəbəy Təsərrüfathesablı Tikinti Sahəsinin 1996-cı il tarixdən 2005-ci il tarixədək olan əmək haqqı cədvəlləri Gədəbəy rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün iddiaçının həmin müəssisədən əmək haqqı alıb-almadığını müəyyən etmək və beləliklə, onun müraciətinin müsbət həlli mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun tələbindən göründüyü kimi, iddiaçıya əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarında olan iddiaçıya məxsus hərbi bilet, əmək kitabçası, əmək haqqı cədvəllərinə əsasən İddiaçı ümumilikdə sosial sığorta stajı təşkil edir: 1) Mübahisələndirilməyən dövr: 1. xx.xx.1974-xx.xx.1976-cı illər hərbi xidmət dövrü; 2. xx.xx.1977-xx.xx.1978-ci illər - "Paris Kommunası" sovxozunda işlədiyi müddət; 3. xx.xx.1979-xx.xx.1985-ci illər - "Sovet Ermənistanı" sovxozunda işlədiyi müddət; 4. xx.xx.1986-xx.xx.1989-cu illər - işlədiyi müddət; 5. 1990-1995 (5 il 3 ay) - Gədəbəy Təsərrüfathesablı Tikinti Sahəsində işləyib əmək haqqı aldığı müddət Cəmi 18 il 6 ay 18 gün, 2). Mübahisələndirilən dövr: 1. 1996-2005-ci illər - Gədəbəy Təsərrüfathesablı Tikinti Sahəsində işlədiyini iddia etdiyi, lakin əmək haqqı almadığı 10 il müddət Cəmi 10 il Buna səbəb kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı əsas gətirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Yuxarıda da qeyd etdiyim ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəliriərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidi. Qanunun bu müddəasından belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, iddiaçı işlədiyi aylar üzrə əmək haqqı almamış və məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İşlədiyi aylar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli imtinası; Gədəbəy rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş əmrlərdən çıxarışlar; NZ ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti; İT-İ ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti; Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 235 nömrəli; xx.xx.2021-ci il tarixli, 65/1 nömrəli; xx.xx.2021-ci il tarixli, 65 nömrəli arxiv arayışları; Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 86 nömrəli məktubu və ona əlavə edilmiş əmək haqqı arayışları; Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialın xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etirazı; cavabdehin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu; iddiaçının pensiya işinin təsdiq edilmiş surəti, Gədəbəy Rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-34-46/2-2/2023 nömrəli məktubu, əmrlərin təsdiq edilmiş surətləri təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2021-ci il tarixdə 65 yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1977-xx.xx.1978, xx.xx.1979xx.xx.1985, xx.xx.1986-xx.xx.1989-cu, xx.xx.1990-xx.xx.2005-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan iddiaçının xx.xx.1974-xx.xx.1976-cı illərdəki hərbi xidmət dövrünü və xx.xx.1977-xx.xx.1978-ci, xx.xx.1979-xx.xx.1985-ci, xx.xx.1986-xx.xx.1989-cu, 1990-1995-ci illərdə işlədiyi 18 il 06 ay 18 gün müddəti qəbul edir. İnzibati orqan iddiaçının 1996-2005-ci illərdə işlədiyi müddətin onun sosial sığorta stajına daxil etməyərək sonuncuya pensiya təyinatından imtina etmişdir. Cavabdehin arqumentini əsassız hesab edən məhkəmə bildirir ki, əvvəla əmək kitabçasının təsdiq edilmiş surətində iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixə kimi Gədəbəy Təsərrüfathesablı tikinti sahəsində sürücü işləməsi qeyd edilmişdir. Eyni zamanda, Gədəbəy rayon Dövlət Arxiv tərəfindən verilmiş arayışda da və arxiv idarəsində mühafizə olunan Gədəbəy Təsərrüfathesablı tikinti sahəsinin əmrlərində də iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixə kimi Gədəbəy Təsərrüfathesablı tikinti sahəsində işləməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Qeyd olunmalıdır ki, arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayış, əmrlərdən çıxarışlar iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edilməlidir. İddiaçının 1996-2005-ci illərdə Gədəbəy Təsərrüfathesablı tikinti sahəsində işlədiyi müddətdə əmək haqqı almaması və məcburi dövlət sosial sığorta haqqı tutmalarına cəlb olunmaması ilə bağlı cavabdehin arqumentinə gəlincə məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulsa da, həm “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə 1 yanvar 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını və əmrlərdən çıxarışları təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1996-2005-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin 1996-2005-ci illərə dair əmək əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları tapılsa da, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının xx.xx.1996-xx.xx.2005-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək Gədəbəy rayon Təsərrüfat hesablıTikinti Sahəsində işlədiyi 09 il 11 ay 28 gün müddətin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-677/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-677/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver