Məhkəmə qərarları › İş №2-1(114)-678/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-678/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-678/2022 12.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 13.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.075 ha həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya atasından ünvan 2 ünvanda miras olaraq 0.075 ha torpaq sahəsi qalmışdır. Sözügedən torpaq sahəsi **********64 saylı “torpaq sahəsinin planı və ölçüsü” və 30.03.2021-ci il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda 0.06 ha torpaq sahəsi olması qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində 0.06 ha deyil, 0.75 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının nümayəndəsi X8 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qeydiyyata alınmayan 0.015 ha torpaq sahəsi 0.06 ha torpaq sahəsi ilə bitişikdir və ümumilikdə torpaq sahəsinin hamısı babası X5 istifadəsində olmuşdur. Sonradan həmin sahənin 0.06 ha hissəsi atasının adına rəsmiləşdirilmiş, qalan hissə isə istifadələrində olsa da rəsmiləşdirilməmişdir. 0.075 ha torpaq sahəsində yerləşən yaşayış evində yaşayırlar, sahə 4 tərəfdən daş hasarla bağlanmışdır və sahə ilə bağlı mübahisə yoxdur. Cavadehin nümayəndəsi X10 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, cavabdeh orqan tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi X6 ayrılmış, eyni zamanda torpaq sahəsinin ünvanı qeyd edilməmişdir. Bundan əlavə torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plancizgisi iddiaçı tərəfindən verilmiş ərizəyə əlavə olunmamışdır. İddiaçının iddia etdiyinə görə 0.075 ha sahə 0.06 ha sahə ilə eynidir, yəni istifadəsində olan sahənin 0.06 hissəsi iddiaçının mülkiyyətinə verilmişdir, yerdə qalan 0.015 ha torpaq sahəsi sənədləşdirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 18.03.2022-ci il tarixli, **********73 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədilə təqdim edilmiş Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin 261 saylı 18 oktyabr 2021-ci il tarixli arayışından məlum olmuşdur ki, torpaq sahəsi X7 ayrılmış, eyni zamanda torpaq sahəsinin ünvanı qeyd edilməmişdir. Həmçinin torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizgi sənədləri ərizəyə əlavə olunmamışdır, bu səbəbdən də torpaq sahəsinin yerləşmə məkanını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 30.03.2021-ci il tarixli, ********** nömrəli Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda İddiaçı adına 0.06 ha torpaq sahəsi qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş AA 552560 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətində 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 15.11.2021-ci il tarixli, **********60 nömrəli məktubundan görünür ki, 0.075 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. -surəti işə əlavə edilmiş 18.09.2021-ci il tarixli 261 nömrəli Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, Bərdə şəhər X1 İcraiyyə Komitəsinin 1948-1950ci illər üzrə Təsərrüfatbaşına kitabının 63 saylı şəxsi hesabına əsasən ailə başçısı X9 olduğu, adına olan həyatyanı torpağın 0.075 ha olduğu qeyd olunmuşdur. -21.10.2021-ci il tarixli, 1412-05/69 nömrəli doğum arayışından görünür ki, İddiaçı 22.04.1947-ci ildə Bərdə şəhərində anadan olmuşdur. X2 kimi qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş 21.10.2021-ci il tarixli ölüm arayışından görünür ki, X9 25.12.1980-ci ildə Bərdə şəhərində ölmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının yaşadağı Bərdə şəhəri 20 yanvar küçəsində yerləşən 1 saylı evin yerləşdiyi torpaq sahəsinin ümumi həcmi 0.075 ha-dır. Həmin torpaq sahəsinin 0.06 ha hissəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tam 0.075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi Bərdə rayon Dövlət Arxivinin 261 saylı 18.10.2021-ci il tarixli arayışında sözügedən torpaq sahəsinin ünvanının qeyd edilməməsi, həmçinin torpaq sahəsinin məkan göstəricilərini və yerləşmə vəziyyətini əks etdirən təsdiq olunmuş plan-cizginin ərizəyə əlavə olunmadığı qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının müraciətinə obyektiv hərtərəfli araşdırmamış, yalnız torpaq sahəsinin ünvanının qeyd edilmədiyini və torpaq sahəsinn plan-cizgisinin ərizəyə əlavə olunmadığını bildirərək iddiaçının ərizəsini təmin etməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsi onun mülkiyyətinə qeydiyyata alınmasını tələb etdiyi 0.075 ha torpaq sahəsinin müvafiq hissəsidir. Bununla bağlı qeyd edilmədir ki, qeydiyyata alınması tələb edilən torpaq sahəsinin 0.06 ha hissəsi artıq qeydiyyata alındığından, məhkəmə hesab edir ki, iddia tələbi 0.015 ha hissədə əsaslı olduğu üçün qalan hissədə təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə bitişik 0.015 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən və İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə bitişik 0.015 ha torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar