Məhkəmə qərarları › İş №2-1(114)-679/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-679/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-679/2020 10.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı xx.xx.2019-cu il təvəllüdlü oğlu X1 dəyişdirilərək “Əlixanlı” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü oğlu X1 dəyişdirilərək “Əlixanlı” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırılmışlar ki, nikahları Gəncə Regional “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixli, 549 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə oğlu X3 anadan olmuş və xx.xx.2020-ci il tarixdə 309296 nömrəli doğum haqqında şəhadətnamə almışlar. Onlar uşağın soyadının İddiaçı1 atasının adına uyğun olaraq “Əlixanlı” kimi qeyd edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Cavabdehnə müraciət etsələr də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiklərindən hazırki tələblə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək xx.xx.2019-cu il təvəllüdlü oğlu X1 dəyişdirilərək “Əlixanlı” kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, 05/Q-495/13 nömrəli məktub ünvalayaraq işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı 320454 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X4 arasında nikah bağlanmış, nikahdan sonra ərə və arvada “Mustafazadə” soyadı verilmişdir; xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı 309296 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdıə Gəncə şəhərində anadan olmuşdur; Cavabdeh İddiaçı1 ünvanladığı xx.xx.2020-ci il tarixli, 44 nömrəli imtina məktubundan görünür ki, X1 baba soyadına yazılmasının qanunvericiliyin tələblərinə uyğun olaraq imkan xaricində olduğu bildirilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X5 Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçıların uşağının soyadının dəyişdirilməsindən imtina etmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. Belə ki, inzibati orqan iddiaçıların müraciətinə xx.xx.2017ci il tarixdə yazılı məlumat vermiş, iddiaçılar isə xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslı deyil. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinin tələblərinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 2.11ci maddəsinin tələblərinə əsasən uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Valideynlərin arzusu ilə “ov”,”yev” sonluqlu soyadlar “zadə” sonluqlu ifadə formaları ilə əvəz edilə bilər. Valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarının 5.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Həmin Qaydaların 5.3-cü maddəsinin tələblərinə əsasən isə soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdeh inzibati orqanın hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının və xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olduğundan iddia tələbi rədd edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyindən, uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verildiyindən, hazırki halda isə iddiaçıların hər ikisinin soyadları “Mustafazadə” olduğundan, xx.xx.2019-cu il təvəllüdlü ovladları X1 “Əlixanlı” kimi qeyd edilməsi halı istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə, cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olduğundan, həmçinin, iddiaçılar iddia tələbinin əsaslığını sübut etməli olduğu halda, bunu edə bilmədiklərindən iddia tələbinin təmin edilməməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçılarİddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı xx.xx.2019cu il təvəllüdlü oğlu X1 dəyişdirilərək “Əlixanlı” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı xx.xx.2019-cu il təvəllüdlü oğlu X1 dəyişdirilərək “Əlixanlı” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, H.Əliyev prospekti, bina 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar