Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-679/2022 27.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı adının “yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin siyahısı”na daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət edərək onun 1998-ci ilin iyul ayında atəşkəs dövründə döyüş bölgəsində yerləşən xüsusi təyinatlı hərbi hissədə qulluq edərkən mərmi partlayışından 1-ci qrup əlil olduğunu nəzərə alıb adının Gəncə Şəhər İcra Hakimiyyətində atəşkəs dövründə hərbi xidmət zamanı 1-ci qrup əlil kimi siyahıdan çıxarılaraq, 1999-cu ildən Qarabağ müharibəsi şəhidləri və əlilləri siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ilin yanvar ayında hərbi xidmətə çağırılmışdır. 1998-ci ilin iyul ayının 25-də Fizuli rayonunun Şükürbəyli kəndində mərmi partlayışı nəticəsində əlindən, gözündən aldığı ağır xəsarətlərlə bağlı 1-ci qrup əlil olmuşdur. Gəncə Şəhər İcra Hakimiyyətində hərbi xidmət dövründə əlil olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota duranların növbə siyahısında adı birincidir. Müharibədə əlil olmuşların mənzil növbəsi siyahısı isə ayrıdır. Atəşkəsdən sonra hərbi xidmət dövründə əlil olmuşların siyahısını onlardan ayırıblar. Atəşkəs dövründə hərbi xidmət zamanı əlil olmuşların siyahısında adı birinci olsa da, ona bugünə kimi mənzil verilmir. O, cavabdeh inzibati orqana adının döyüşlər zamanı əlil olmuşların siyahısına salınmasını xahiş etsə də, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatı onun müraciətinə xx.xx.2021-ci il tarixli, M-72-2-068-2-t-1 nömrəli məktubla imtina cavabı vermişdir. Cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, cavabdeh inzibati orqanın imtinası ilə onun konstitusiyada təsbit olunmuş hüquqları pozulmuşdur. Məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, müharibədə iştirak etməmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. İş materiallarına Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, M-72-2- 068-2-t-1nömrəli məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli arayışı, Gəncə Şəhər İcra Hakimiyyətində hərbi xidmət dövründə əlil olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota duranların dəqiqləşdirilmiş siyahısının surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin arayışı, iddiaçıya məxsus xx.xx.1997-ci il tarixli, AO ******* nömrəli hərbi biletin surəti, 0036 nömrəli, xx.xx.2019-cu il tarixli, 025417 nömrəli və xx.xx.2001-ci il tarixli, 007548 nömrəli vəsiqələrin surətləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 6814 nömrəli sərəncamının surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə işin halların, iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.3. maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı dövlət tərəfindən mənzillə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. -34.1. maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İddia tələbindən məlum olur ki, İddiaçı 1998-ci ilin iyul ayında atəşkəs dövründə döyüş bölgəsində yerləşən xüsusi təyinatlı hərbi hissədə qulluq edərkən mərmi partlayışı nəticəsində 1-ci qrup əlil olduğunu nəzərə alıb adının Gəncə Şəhər İcra Hakimiyyətində atəşkəs dövründə hərbi xidmət zamanı 1-ci qrup əlil kimi siyahıdan çıxarılaraq, 1999-cu ildən Qarabağ müharibəsi şəhidləri və əlilləri siyahısına əlavə edilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmaması əsası ilə imtina cavabı almışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 35-ci maddəsinin “a” bəndinə, 67-ci maddəsinin “a” bəndinə əsasən (AR MN-in 1997-ci il tarixli, 30 nömrəli əmri) hərbi xidmətə yararsız hesab edilmişdir. “Hərbi travmadır. Xəstəlik hərbi xidmət dövrü alınmışdır”. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 01 oktyabr 1999-cu il tarixli, 6814 nömrəli sərəncamının surətindən görünür ki, Kəpəz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təqaüdçüsü, İ qrup əlil İddiaçı mənzil növbəsinə götürülməsi haqqında müdriyyət və həmkarlar ittifaqı təşkilatının xx.xx.1999-cu il tarixli, 24 saylı birgə qərarının təsdiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 11 yanvar 2022-cii l tarixli, **********8 nömrəli arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 1-ci dərəcə əlilliyə görə 235.31 (iki yüz otuz beş manat, otuz bir qəpik) manat məbləğində əmək pensiyası və “Sosial ödənişlər” altsisteminə əsasən 1-ci dərəcə əlilliyə görə 400 (dörd yüz) manat məbləğində Prezident təqaüdü alır. Gəncə Şəhər İcra Hakimiyyətində Hərbi xidmət dövründə əlil olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota duranların dəqiqləşdirilmiş siyahısının surətindən görünür ki, İddiaçı adı siyahıda birincidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planının hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Sərəncamdan məlum olduğu kimi iki kateqoriya şəxslərin - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırki inzibati iş üzrə İddiaçı əlilliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması və ya sonuncunun şəhid ailəsi olması iş materiallarında olan sənədlərdə öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarından məlum olur ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 6814 nömrəli sərəncamı ilə 1-ci qrup əlil kimi mənzil uçotuna alınmışdır və hazırda iddiaçının adı “Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmış hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin siyahısı”nda 1-ci sıradadır. Məhkəmə hesab edir ki, İddiaçı əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmadığına və iddiaçı şəhid ailəsi olmadığına görə, hazırki iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı adının “yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin siyahısı”na daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-679/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-679/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver