Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-679/2023 20.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən pensiyasından tutmanın dayandırılması və pensiyadan tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hazırda pensiya alır, pensiyaya çıxmışdır. Həmin vaxtdan bir xeyli vaxt sonra ünvanına cavabdeh təşkilat tərəfindən məktub göndərilərək pensiyasından geri tutulma barədə məlumat verilmişdir. O, bu barədə caavbdehə məktub ünvanlayaraq əmək pensiyasının tutulmasının dayandırılmasını və əsassız tutulan pensiyanın geri ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ona göndərilən xx.xx.2022-ci il tarixli məktubda xidməti yoxlamaları zamanı guya ki, onun xx.xx.2014-cü ildən xx.xx.2020-ci il tarixə kimi adıma aktiv əmək müqaviləsi olmuş və Е. Məmmədov adlı şəxsin yanında işləmişdir. Halbuki, o həmin şəxsin işçisi olmamış və həmin şəxs 2015-ci ildən Bakı şəhərində yaşayır, aralarında heç bir əmək müqaviləsi olmamışdır. Ona görə də ondan 3561 manat geriyə tutulma barədə qərar verilmişdir. Hazırda iddiaçının pensiyasından hər ay qanunsuz tutulma aparılır. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı 20 fevral 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara təyin olunan yaşa görə müavinət ödənilmişdir. X1 ilə qarşılaşdırma zamanı uyğunsuzluq aşkar edilmiş, xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək adına əmək müqaviləsi olduğu məlum olmuşdur. Bu səbəbdən onun yaşa görə müavinət ödənişi dayandırılmışdır. Nəticədə ona xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək adına aktiv əmək müqaviləsi olduğu üçün 3757,27 manat artıq ödəmə müəyyən olunmuşdur. Sonra isə, xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmadığı halda ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2020-ci il tarixdən bəra edilmiş və xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə ona xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək 3835.81 manat artıq ödəmə müəyyən olunmuşdur. Beləliklə, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-сi il tarixədək 3757,27 manat, xx.xx.2020-сi il tarixdən xx.xx.2022-ci il tarixədək 3835.81 manat olmaqla, ümumilikdə ona müavinət üzrə artıq ödənilmiş 7593.08 manat məbləğin bir hissəsi ilə ona xx.xx.2021-ci il tarixindən ötən dövr üzrə ödənilməli olan ailə başçısını itirməyə görə əmək pensiyasının 3142.64 manat məbləği əvəzləşdirilmiş və 889.12 manat tutulmuş məbləğ çıxılmışdır və qalıq 3561,32 manat borc qalmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti; - Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Xətai kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1092/8 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarının təsdiqlənmiş surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********854000 nömrəli məktubu; Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bundan sonra, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 3757,27 manat artıq ödəmə müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı ilə iddiaçıya artıq ödənilmiş məbləğin bölünərək onun aylıq müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsinin bərpa edilməsi qərara alınmışdır. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələbinə görə, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu müavinət alan şəxsin razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış və birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş sosial müavinətin tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması barədə sosial müavinət alan şəxsin razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2022-ci il tarixli, **********8 qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-679/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-679/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver