Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-6793/2025 10.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ak.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunun həkiminə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Ak.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunun X6ya qarşı düzgün yazılmamış diaqnozun ləğv edilməsi, düzgün diaqnozun yazılması və həkimin ona vurduğu maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Ak.C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunun X6ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, düzgün yazılmamış diaqnozun ləğv edilməsi, düzgün diaqnozun yazılması və həkimin ona vurduğu maddi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən ürək xəstəsidir. Müntəzəm olaraq daimi müalicə götürür. Diaqnozu daim infarktan sonrakı UİX gərginlik stenokardiyası İİİ (üç) F.S. QDC İİ (iki) ürəyin artım fraksiyası 36% olub. xx.xx.2025-ci ildə vəziyyəti yaxşı olmadığı üçün Kardiologiya İnstitutunda müalicə götürməyə başlamış, xx.xx.2025-ci ildə xəstəxanaya daxil olmuşdur. Xəstəxanadan buraxılmışdır. X4 diaqnozunu düzgün yazmamışdır. O, məcbur olaraq yenidən Bakıya qayıtmışdır. Onunla telefon danışığında bildirilmişdir ki, onlara icazə vermirlər ki, diaqnozu tam doğru yazsınlar. Hətta o, həkimə Kardiologiya İnstitutunun verdiyi çıxarışı, hərbi hospitalın verdiyi çıxarışı, bütün sənədlərini təqdim etsə də, o yenə də öz bildiyini edib onun diaqnozunu düzgün yazmamışdır. X2 yazdığı diaqnoz səhvdir və o, buna etiraz edir. xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiziya və X3 MN-nin baş kardioloquna göndərilmişdir. Kardioloqlar yoxladıqda LVEF 36% olub. Ürək çatışmamazlığını İİİ fs QDC İİ iki olub. 24 oktyabr 2023-cü ildə Məhkəmə Tibbi müayinəsi gərginlik stenokardiyası İİİ (üç) FS infarktan sonrakı kardioskleroz QDC İİ dərəcə diaqnozu təsdiq edib. Akademik C.Abdullayev adına ET Kardiologiya İnstitutunun xx.xx.2024-cü il tarixdə verdiyi sənəd LVEF 37% İİİ (üç) FS. Bərdə rayon MRX xx.xx.2006, xx.xx.2006 ambulator müalicədə. Gərginlik stenokardiyası İİİ fs. QDC İİ yazılıb. xx.xx.2025-ci il Bərdə rayon xəstəxanasının verdiyi rəy yenə də İİİ (üç) FS-dir. X1 haqqı tələb etmək üçün xx.xx.2025-ci il 80.68 qəpik sığorta ilə getdiyi üçün pul ödəmişdir. Kardio ürək MRT müayinəsindən keçmişdir. Halbuki Beynəlxalq MRT müayinəsində ürəyinin gücü 30% olub. Lalə Həmzəyeva 9 gündə onun ürəyində hansı yeniliklər etmişdir ki, illərdir onun İİİ fs ürəyin gərginlik stenokardiyası İİİ fs QDC İİ olan diaqnozunu endirib İİ (iki) FS QDC iki eləmişdir. Lalə Həmzəyevanın bu səhvinə görə o, yollarda 400 manat pul tökmüşdür.
Əsaslandırma hissəsi:
3. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
4. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
5. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı hazırkı tələbində müalicə həkiminin ona səhv diaqnoz qoyduğunu iddia edərək, diaqnozun düzgün yazılması və həkimin ona vurduğu 400 manat maddi ziyanın ödənilməsini xahiş edir.
6. Bu mübahisədə cavabdeh fiziki şəxs olan həkim qoyulmaqla, o, inzibati akt qəbul etmək səlahiyyətinə malik deyildir və onun rəyi (diaqnozu) inzibati akt deyildir.
7. Eyni zamanda, həkimdən çəkdiyi yol xərci kimi maddi ziyan tələbi də cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir.
8. İddiaçının müvafiq rəyin (diaqnozun) düzgün qoyulmasında hüquqi marağı yekunda əlilliyin təyin edilməsi məqsədlidir və o, bu sahədə səlahiyyətli orqana (tibbi göndəriş rəsmiləşdirməklə) müraciət edə, qəbul edilmiş yekun qərardan narazı qaldığı halda bunu məhkəmədə mübahisələndirə bilər.
9. Eyni zamanda, ona həkim tərəfindən ixtisaslaşdırılmış tibbi yardımın düzgün göstərilmədiyini iddia edirsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.3cü maddəsinə müvafiq olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət edə bilər.
10. Belə ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2-ci bəndində göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
11. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacağından icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva