Məhkəmə qərarları › İş №2-1(114)-68/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-68/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-68/2024 12.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1995-ci il tarixdə Bərdə rayonun Köbər kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla, Bərdə rayonun Mirzəxan kəndində yaşayır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 273 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və 5-ci taborun 14-cü bölüyünün 3-cü taqımının 2-ci manqanın atıcısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 368 nömrəli əmrinə əsasən iddiaçı səfərbərlikdən tərxis edildiyinə görə xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişdir. SX seriyalı, ******* nömrəli hərbi biletdəki məlumata əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, Vətən müharibəsində iştirak etmişdir. N nömrəli hərbi hissənin “29 noyabr 2020-ci il tarixdən 05 dekabr 2020-ci il tarixədək Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə elektron formada göndərilmiş N nömrəli hərbi hissə və tabeçilikdə olan hərbi hissələr üzrə təltif olunmaları barədə” vəsatətə əsasən iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2373 nömrəli sərəncamı ilə “Laçının azad olunmasına görə” medalla təltif edilmişdir. N nömrəli hərbi hissə tərəfindən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1819 nömrəli məlumata əsasən adları qeyd olunan hərbi qulluqçular (iddiaçının adı siyahının 54-cü sırasında) hərbi hissənin döyüş əməliyyatlarında birbaşa iştirak etməmişdir, lakin onlar hərbi hissənin dislokasiya olunduğu ərazidə ümumqoşun ehtiyyatını təşkil etmişlər və bu səbəbdən döyüş əməliyyatlarına cəlb olunması haqqında əmrdə adları olmadığı üçün arayış-məlumat tərtib etmək mümkün deyildir. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 692 nömrəli məktubda qeyd olunur ki, N nömrəli hərbi hissədən verilən rəsmi məlumata əsasən iddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə xidmət etmiş, lakin birbaşa döyüş əməliyyatlarına cəlb olunmamışdır. Buna görə də şəxsi heyətin döyüş əməliyyatlarına cəlb edilməsi haqqında hərbi hissə komandirinin müvafiq əmrində adı olmadığı üçün onun barəsində müvafiq məlumatların Nazirliyin nəzdində fəaliyyət göstərən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üzrə komissiyaya” göndərilməsi mümkün olmamışdır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələrlə cavabdehə müraciət etmişdir. N nömrəli hərbi hissənin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 2598 nömrəli məktubuna əsasən iddiaçı hərbi hissənin şəxsi heyəti ilə birlikdə heç bir döyüş əməliyyatlarına cəlb olunmamışdır. N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4229 nömrəli məlumata əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər iddiaçı qismən səfərbərlik zamanı xx.xx.2020-ci il tarixdə 5-ci taborun 14-cü bölüyün 3-cü taqım 2-ci manqasının atıcısı vəzifəsinə xidmətə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə hərbi qeydiyyata durmaq üçün Goranboy rayon şöbəsinə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ehtiyatda olan əsgər iddiaçı qismən səfərbərlik zamanı xidmət etdiyi 5-ci tabor 14-cü bölüyün şəxsi heyəti tam tərkibdə döyüş əməliyyatları zamanı hərbi hissənin daimi dislokasiya məntəqəsi olan Tərtər rayonunun Sarov yaşayış məntəqəsində yerləşmiş və N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında hər hansı təminat növü üzrə tapşırıqlar yerinə yetirməmiş, heç bir döyüş əməliyyatlarında iştrak etməmişdir. İddiaçı tərəfin dəlilləri: İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələrlə cavabdehə müraciət etmişdir. İddiaçı cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunması xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı könüllü olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində “Vətən müharibəsində” sıravi əsgər kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etməsinə görə iddiaçı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xx.xx.2020-ci il tarixində “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İddiaçının döyüş əməliyyatlarında iştirakı hərbi biletində də təsdiq edilmişdir. Lakin iddiaçıya “Veteranlar haqqında” Qanuna uyğun olaraq bu günədək müharibə veteranı vəsiqəsi verilməmişdir. İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizələr ilə veteran vəsiqəsinin və statusunun verilməsi üçün cavabdehə müraciət etmiş, lakin ərizələrinə cavab verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2023-cü il tarixli, 3-25-11/2-3369/2023 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında analoji işlər üzrə münasibətini təkrarlamaqla əlavə olaraq bildirmişdir ki, N nömrəli hərbi hissədən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 1819 nömrəli məktuba əsasən iddiaçı Vətən Müharibəsi zamanı döyüş əməliyyatlarında birbaşa iştirak etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, iddiaçı hərbi xidmətə “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı əsasında çağırılmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Vətən müharibəsində iştirak etmiş, mükafatlandırma qaydasında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamış, cavabdehin etirazının əsası kimi sadəcə olaraq iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirak etməməsi göstərilmişdir. Bununla bağlı məhkəmə nəzərə çatıdırır ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. İddiaçı Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi nəticəsində hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli, 2373 nömrəli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə almamış və imtinasının əsası kimi yalnız iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirak etməməsini göstərmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı adı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar