Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-680/2025 18.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçının və üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçının (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsi və X2) qarşı “torpaq sahəsini dövlət reyestrində onun adına qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Kirovabad şəhəri XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən Sevinc qəsəbəsi Gəc zavodu ərazisində bağçılıq üçün İddiaçı 400 kv.m torpaq sahəsi ayrılmışdır. “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1990-cı il tarixli, 23 nömrəli arayışı ilə müəyyən edilir ki, həqiqətən Kirovabad şəhəri X5 İcariyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 nömrəli qərarına əsasən Sevinc qəsəbəsi Gəc zavodu ərazisindən ona bağ yeri üçün sahəsi 400 kv.m olan yer 19 nömrəli məhəllədə 82 nömrəli torpaq sahəsi ayrılmışdır. İddiaçıya Kirovabad şəhəri XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən bağçılıq üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Bu barədə JN 151A KOD 20000002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. İddiaçı Gəncə şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-2666/2024 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 151A saylı şəhadətnamənin adlı siyahı (DBF) məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtina etməsi onun hüquqlarını pozan və mülkiyyət hüququnun istifadə edilməsinə məhdudiyyət yaradan hərəkət hesab edib aradan qaldırılması və cavabdeh orqana qanuni istifadəsində olan Avtozavod ərazisində yerləşən 450 kv.m olan torpaq sahəsinin və onun üzərində olan tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin (48 kv.m) başqa şəxsə məxsus (X2 xx.xx.2008-ci il tarixli, **********10 reyestr nömrəli çıxarış) torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır: 1.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUlS) və AzCAİ) məlumatlarında xüsusi mülkiyyət göstərilmişdir. Lakin, həmin 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 352 kv.m hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədinin qeydə alınmadığı müəyyən olundu. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AzCAD məlumatlarına istinadən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Həmin 0.04 ha (400.0 kv.m) torpaq sahəsi üzərində inşa edilmiş yanmtikili mövcuddur. 2.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 48.0 kv.m hissəsi üzərində. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********10 reyestr nömrəli. ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsinin 48.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. 3.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin elektron baza materiallarına istinadən, qaz kəmərinin qorunma zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmamışdır. 4.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 48.0 kv.m hissəsi üzərində, “Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxanşa əsasən X1 mülkiyyətində olan torpaq sahəsinin 48.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.. 5.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş cizgi planında öz əksini tapmışdır. 6.Rəy hazırlanarkən, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUtS) və AzC'ad məlumatlarına istinad olunmuşdur. İddiaçı və üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasına gəlmiş, cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olumasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun faktiki istifadə etdiyi 352 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və faktiki istifadə etdiyi 352 kv.m torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X6 torpaq sahəsinin iddiaçının adına qeydə alınmasına dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın mütəxəssisi Elmar Aslanov öz izahatında bildirmişdir ki, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha (400.0 kv.m) torpaq sahəsi xüsusi mülkiyyət torpağıdır, həmin 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 352 kv.m hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədinin qeydə alınmadığı müəyyən olunmuşdur. 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 48.0 kv.m hissəsi üzərində. “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********10 reyestr nömrəli. ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X1 mülkiyyətindədir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, “Kirovabad şəhəri XDS İK-nin 23 avqust 1988-ci il tarixli 11 saylı qərarına əsasən Sevinc qəsəbəsi Gəc zavodu ərazisində bağçılıq üçün İddiaçı 400 kv.m torpaq sahəsi ayrılmış, bununla bağlı JN 151A KOD 20000002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Eyni zamanda mütəxəssis rəyində həmçinin məhkəmə iclasında iştirak edən mütəxəssis rəyini tərtib edən mütəxəssis Elmar Aslanov izahatında bildirmişdir ki, həmin 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 352 kv.m hissəsi üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədinin qeydə alınmadığı müəyyən olunmuşdur. Lakin, 0.04 ha (400.0 kv.m) torpaq sahəsinin 48.0 kv.m hissəsi üzərində “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən **********10 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X1 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək onun faktiki istifadə etdiyi 352 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və faktiki istifadə etdiyi 352 kv.m torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir və mütəxəssisin də izahatından məlum olmuşdur ki, faktiki istifadədə olan 352 kv.m torpaq sahəsinə münasibətdə başqa şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı faktiki istifadə etdiyi 352 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və faktiki istifadə etdiyi 352 kv.m torpaq sahəsinin plan və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-680/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-680/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver