Məhkəmə qərarları › İş №2-1(114)-681/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-681/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-681/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vuqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı mənzilin onun adına özəlləşdirilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı ünvan 1 mənzil 36 saylı ünvanda yerləşən, iki otaqlı 30 kv.m yaşayış sahəsindən ibarət “A” literli mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 36 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinin balansındadır. Mənzil iki otaqlı 30.0 kv.m yaşayış sahəsindən ibarətdir. O, 2003-cü ildən ailə üzvləri ilə birlikdə adıçəkilən mənzildə yaşayır. Kommunal xərcləri vaxtı vaxtında ödəyir. xx xxx 1979-cu il tarixdən xx xxx 1981-ci il tarixədək keçmiş SSRİ Silahlı qüvvələrində, xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1998-ci il tarixədək isə Azərbaycan Silahlı qüvvələrində xidmət etmişdir. N saylı hərbi hissənin tərkibində aparılan döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranıdır. Adıçəkilən mübahisəli mənzil uzun müddətdir ki, onun istifadəsindədir. Sözügedən mənzilə dair onun adına maliyyə şəxsi hesab vərəqəsi açılması üçün ərizə ilə Gəncə rayon Mənzil İstismar Hissəsinə müraciət etmiş, lakin Gəncə rayon Mənzil İstismar Hissəsi tərəfindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1999-cu il tarixli 0128 saylı əmrinə əsasən Gəncə Qarnizonunda yerləşən hərbi şəhərciklər qapalı hərbi şəhərcik statusu almış, ona görə də bu onların səlahiyyətləri xaricindədir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinin bu hərəkətini qanunsuz hesab edib məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2-1(83)-605/2015 saylı qərarına əsasən ünvan 1 mənzil 36 saylı ünvanda yerləşən mənzilə dair maliyyə şəxsi hesab vərəqəsi onun adına açılmış və o, pasport qeydiyatına götürülərək istifadəsinə verilmişdir. Qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə edərək həmin mənzilin dövət reyestrində onun adına qeydə alınması üçün “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunun 8-ci maddəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunun 8- 10-cu maddələrində nəzərdə tutulan əsaslarla sənədləri tərtib edərək aidiyyəti üzrə Dövlət orqanına müraciət etmiş, müraciəti adı çəkilən idarə tərəfindən təmin edilmədiyindən qanunun ona verdiyi imkandan istifadə edərək ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş, yardıma uyğun nöqsanların aradan qaldırılması, yəni tələbin yönəldiyi inzibati orqanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin cavabdeh, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinin isə üçüncü şəxs qismində göstərilməklə yeni iddia ərizəsinin tərtib edilərək məhkəməyə təqdim edilməsi ona təklif olunmuş, lakin iddiaçı tərəfindən sərəncamın tələblərinə riayət edilməmiş və məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş ərizənin forma və məzmununa riayət edilməmiş, ərizədə cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. “İnzibati orqanların Təsnifatı”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsi inzibati orqan qismində göstərilməmişdir. Bundan başqa, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin əsasnaməsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi X3 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı mənzilin onun adına özəlləşdirilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar