Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-681/2022 17.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Goranboy rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 13.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, bacısı X5 uşağı kimi Goranboy rayon qeydiyyat şöbəsində X1 adına tərtib edilmiş 17.05.1993-cü il tarixli 9 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı X6 25.06.1965-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Nərimanlı kəndində anadan olmuşdur. O, X2 ilə 1984-cü ildə rəsmi nikaha düşməklə ailə qurmuş, lakin övladları olmamışdır. X2 1992-ci ildə Ağdərə ərazisində gedən 1-ci Qarabağ müharibəsində şəhid olmuş, X6 isə 05.02.2020-ci il tarixdə Gəncə şəhərində avtomobil qəzası nəticəsində ölmüşdür. İddiaçı bacısının vərəsəlik məsələləri ilə məşğul olan zaman məlum olmuşdur ki, bacısının övladı olmadığı halda onun adına Goranboy rayon Qeydiyyat şöbəsinin 17.05.1993-cü il tarixdə 9 nömrəli doğum haqqında akt qeydi ilə “X3” adlı uşağ qeydə alınmış, uşağın doğum tarixi 08.08.1987-ci il, doğuldu yer “Ermənistan Respublikası Basarkeçər rayonu, Nərimanlı kəndi”, atası “X2”, anası “X6” kimi göstərilmişdir. İddiaçı sözügedən doğum akt qeydinin ləğv edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə içlaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, X6 onun qızı, X2 isə kürəkənidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 19.10.2021-ci il tarixli, AZ-İİ 224335 ölüm haqqında şəhadətnamadən görünür ki, X6 05.02.2020-ci il tarixində ölmüşdür. -surəti işə əlavə edilmiş 30.07.2015-ci il tarixli, 238 nömrəli AR SHXÇDX Göygöl rayon şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Məmmədov Səfyəddin Şahsuvar oğlu 03.07.1992-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. -30.11.2021-ci il tarixli, 05/Q-479/15 nömrəli Goranboy rayon Qeydiyyat şöbəsinin məktubundan görünür ki, X1 adına tərtib edilən doğum akt qeydinin ləğv edilməsi cavabdehin səlahiyyətlərinə aid olmadığı bildirilərək imtina edilmişdir. -Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 31.03.2022-ci il tarixli, 05/Q-170/13 nömrəli məktubda bildirilir ki, X1 adına tərtib edilmiş doğum akt qeydinin tərtib edilməsinə əsas olmuş sənədlərin qanunveriçiliklə müəyyən edilmiş saxlama müddəti bitdiyinə görə ləğv edilmişdir. Həmin məktuba qoşma kimi əlavə edilmiş 17.05.1993-cü il tarixli, 9 nömrəli doğum haqqında bərpa akt qeydinin surətindən görünür ki, həmin akt 08.08.1987-ci ildə anadan olmuş X1 adına tərtib edilmiş, atası kimi X2, anası kimi X6 qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının qızı X6 1959-cu il də X2 ilə rəsmi nikaha daxil olmuşdur. X2 1992-ci ildə, Məmmədova Elminaz isə 2020-ci il tarixdə ölmüşlər. İddiaçı qızının vərəsəlik məsələləri ilə məşğul olarkən ona məlum olmuşdur ki, Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən 17.05.1993-cü 9 nömrəli dağum akt qeydi ilə X3 adlı uşaöın doğumu qeydə alınmışdır. İddiaçı cavabdehə müvafiq aktın ləğv edilməsi üçün müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -23-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -26-cı bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. -28-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Goranboy rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 17.05.1993-cü il tarixli 9 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Goranboy rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 17.05.1993-cü il tarixli 9 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Goranboy rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-681/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-681/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver