Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-681/2025 24.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın üzərinə aldığı torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi «Farforist» BYB məhəllə 13, sahə 183 küçəsində yerləşən 0,04 ha torpaq sahəsi Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 19 saylı qərarı və «Farforist» BYB-nin xx.xx.1988-ci il tarixli, 02 saylı qərarı əsasında bağ evi tikdirmək üçün ona ayrılmışdır. Bununla bağlı müvafiq sənədlər verilmiş, eyni zamanda xx.xx.2006-cı il tarixli torpaq sahəsinin kadastr planı hazırlanmışdır. Həmin sənədləri cavabdeh orqana təqdim edərək çıxarış almaq istəmiş, lakin, ona imtina məktubu verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin kadastr planında göstərilən ərazidə başqa şəxslərə məxsus tikililər var və ümumi istifadədə olan əraziyə düşür. Hesab edir ki, imtina əsassızdır. Çünki torpaq sahəsi daim onun istifadəsinə olmuş və hasara alınmışdır. Habelə, iddia ərizəsinə əlavə etdiyi çıxarışdan da görünür ki, onunla qonşuluqda olan Gəncə şəhəri, Sevinc qəsəbəsi «Farforist» BYB məhəllə 13, sahə 182 küçəsində yerləşən torpaq sahəsinə çıxarış verilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, «Farforist» BYB tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədləri Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmçinin DT və XK-nin tərtib etdiyi torpaq sahəsinin kadastr planında qeyd olunan torpaq sahəsinin koordinatları başqa şəxslərə məxsus tikililərə və ümumi istifadədə olan (yol) əraziyə düşür. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin sahənin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir. Həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi əks olunmalıdır. İddiaçı torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər təqdim etmədiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Daha sonra etiraz ərizəsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının qanunu ilə əsaslandırılmışdır. Daha sonra iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçıya ayrılan Gəncə şəhəri, Gəc zavodu (indiki Sevinc qəsəbəsi) ərazisində yerləşən və faktiki istifadəsində olan 373 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etiraz ərizəsinin məzmununa uyğun izahat verib iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini «Farforist» BYB-nin xx.xx.1988-ci il tarixli, 02 saylı qərarından çıxarış, DT və XK-nin Gəncə şəhər şöbəsinin verdiyi xx.xx.2006-cı il tarixli rəy, **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı», Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu və məhkəmə qərardadı üzrə alınmış mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, «Farforist» BYB-nin xx.xx.1988-ci il tarixli 02 nömrəli protokolu əsasında Gəc zavodu ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 400 kv.m (0,04 ha) torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etməsinə baxmayaraq müraciəti təmin edilməmiş və sonuncu tərəfindən imtina bununla əsaslandırılmışdır ki, «Farforist» BYB tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış hüququn qeydə alınması üçün əsas hesab edilir və iddiaçıya da hazırkı torpaq sahəsi «Farforist» bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 02 nömrəli iclas protokolu ilə ayrılmışdır. Cavabdeh orqanın hüququn qeydiyyatından imtina etməsi ilə nəticələnən dəlilləri isə əsaslı olmamış və araşdırma ilə təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, məhkəmə inzibati iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyi almışdır. Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılmış xx.xx.2006-cı il tarixli, **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı»ndakı koordinatlara əsasən 400 kv.m. torpaq sahəsi TEKUİS və AZCAD məlumatlarına əsasən bələdiyyə mülkiyyətidir. İddiaçının nümayəndəsi tərəfindən naturada təqdim edilən və faktiki istifadəsində olan 373 kv.m. torpaq sahəsi TEKUİS və AZCAD məlumatlarına əsasən bələdiyyə mülkiyyətidir. Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılmış xx.xx.2006-cı il tarixli, **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı»ndakı koordinatlara əsasən 400 kv.m. torpaq sahəsinin 292 kv.m. hissəsi TEKUİS və AZCAD məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir və üzərində tikililər vardır. Torpaq sahəsinin 107 kv.m. hissəsi TEKUİS və AZCAD məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla infrastruktur (yollar və küçələr) sahəsidir. İddiaçının nümayəndəsi tərəfindən naturada təqdim edilən və faktiki istifadəsində olan 373 kv.m. torpaq sahəsi TEKUİS və AZCAD məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir və üzərində tikililər yoxdur. Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılmış xx.xx.2006-cı il tarixli, **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı»ndakı koordinatlara əsasən 400 kv.m. torpaq sahəsi ilə iddiaçının nümayəndəsi tərəfindən naturada təqdim edilən və faktiki istifadəsində olan 373 kv.m. torpaq sahəsi üst-üstə düşmür. Belə ki, həmin torpaq sahələri ara məsafəsi 100 metrdir. Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılmış xx.xx.2006-cı il tarixli, **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı»ndakı koordinatlara əsasən 400 kv.m. torpaq sahəsinin 292 kv.m. hissəsi faktik olaraq başqa şəxslərin istifadəsindədir, 107 kv.m. hissəsi isə faktik ərazidə olan yol ilə üst-üstə düşür. **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı»ndakı koordinatlara əsasən 400 kv.m. torpaq sahəsi və iddiaçının nümayəndəsi tərəfindən naturada təqdim edilən və faktiki istifadəsində olan 373 kv.m. torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılmış xx.xx.2006-cı il tarixli, **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı»ndakı koordinatlara əsasən 400 kv.m. torpaq sahəsinin 292 kv.m. hissəsi üzərində faktiki tikililər mövcuddur. İddiaçının nümayəndəsi tərəfindən naturada təqdim edilən və faktiki istifadəsində olan 373 kv.m. torpaq sahəsi üzərində tikililər yoxdur. Naturada təqdim edilən 373 kv.m. torpaq sahəsinin yaxınlığından hava elektrik ötürücü xətti keçir. Göründüyü kimi, İddiaçı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi torpaq sahəsi ayrılan zaman səlahiyyətli qurumun qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış və ondan təyinatına uyğun istifadə etmək istəyir. Eyni zamanda məhkəmə onu da diqqətə çatdırır ki, iddiaçı faktiki istifadəsində olan torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydə alınmasını istəyir. Əsas kimi isə onu qeyd edir ki, torpaq sahəsi ayrılan zaman məhz həmin yer onun faktik sahiblik və istifadəsindədir. Doğrudur ki, iddiaçıya DT və XK –nin Gəncə şəhər şöbəsi **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı» hazırlamışdır. Lakin iddiaçının faktik sahibliyində olan torpaq sahəsinin koordinatları ilə plan və ölçü sənədinin koordintaları eynilik təşkil etmir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Nə qədər ki, iddiaçı həmin ərazini sahə və konfiqurasiya üzrə istifadə edir, qonşu torpaq sahələri ilə naturada heç bir mübahisə yoxdur, hər bir kəs özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə edir bu zaman hüquqları faktiki istifadə üzrə qeydə alınmalıdır. DT və XK –nin Gəncə şəhər şöbəsi tərəfindən hazırlanmış **********1000067 nömrəli «Torpaq sahəsinin kadastr planı»ndakı koordinatlara əsasən 400 kv.m. torpaq sahəsinin 292 kv.m. hissəsinin faktik olaraq başqa şəxslərin istifadəsində olması, orada tikililər olması, habelə, 107 kv.m. hissəsinin isə faktik ərazidə olan yol ilə üst-üstə düşməsi halları özlüyündə plan-ölçü sənədinin qüsurlu hazırlanmasına dəlalət edir. Yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir. Bu isə iddiaçının əleyhinə şərh oluna bilməz. «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki: «Azərbaycan Respublikasında X3 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X3 X5nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;... Azərbaycan Respublikasında X3 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;... Göründüyü kimi,X3 X5 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçıya ayrılan Gəncə şəhəri, Gəc zavodu (indiki Sevinc qəsəbəsi) ərazisində yerləşən 373 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla qeydə alınmaqla, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Gəncə şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılan Gəncə şəhəri, Gəc zavodu (indiki Sevinc qəsəbəsi) ərazisində yerləşən 373 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əliyev