Məhkəmə qərarları › İş №2-1(114)-682/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-682/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-682/2022 27.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X7 və üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs şəxslər X12,X10,X8, X16 və X18) qarşı JN-0927 (Kod ********) nömrəli Dövlət aktında göstərilən 1.37 ha torpaq sahəsinin 4/5 hissəsinə ümumi mülkiyyət (birgə mülkiyyət) kimi mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux Rayon Dövlət Notariat Kontorunun 4Ə- 277 nömrəli, 18.05.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən paylı mülkiyyət kimi 1.13 ha torpaq sahəsinin onun adına, yerdə qalan 0.24 ha torpaq sahəsini X4 adına, yəni 4/5 hissəsinin öz adına, 1/5 hissəsinin isə X4 adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11.02.2022-ci il tarixli qərardadı ilə X12, X10, X8, X16 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 27.05.2022-ci il tarixdə iddiaçının nümayəndəsi «iddianın dəqiqləşdirilməsinə dair» ərizə təqdim edərək, JN-0927 (Kod ********) nömrəli Dövlət aktında göstərilən 1.37 ha torpaq sahəsinin 4/5 hissəsinə ümumi mülkiyyət (birgə mülkiyyət) kimi mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 may 2007-ci il tarixdə Samux rayonu Dövlət Notariat Kontorunda Reyestrdə 4Ə-277 nömrə ilə qeyd edilmiş alqı - satqı müqaviləsinə əsasən Samux rayonu, Kolayır kəndində yaşayan X9 məxsus 1.37 ha torpaq sahəsinin 1.13 ha satın almışdır. Vicdanlı alıcı kimi ona satılan pay torpağının dəyəri onun tərəfindən tam ödənilmişdir. Torpağa Mülkiyyət Hüququna X27 əsasən 5 nəfər mülkiyyətçidən X10 istisna olmaqla, qalan 4 nəfər, X12, X8, X16 və X18 öz paylarını ona satmışdır. Bu barədə həmin şəxslər 18 may 2007-ci il tarixli Alqı - satqı müqaviləsində qeyd olunmuşdur. X4 alqı - satqı prosesində iştirak etməməyinin səbəbi onun həmin vaxta başqa yerdə olması olmuşdur. X10 alqı - satqı prosesində iştirak etmədiyinə baxmayaraq o, da öz razılığını bildirmişdir. Ancaq qanunvericiliyə uyğun olaraq alqı satqı müqaviləsinə əsasən torpaq sahəsinin 4/5 hissəsi onun adına rəsmiləşdirilmişdir. Mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmişdir. 25 avqust 2021-ci il tarixli müraciətə Ərazi İdarəsində baxılmış və bildirilmişdir ki, torpaq sahəsi üzərində paylı mülkiyyət hüququnun qeydiyyata alınması üçün müqavilənin əsli və qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmaqla müraciət ediləcəyi təqdirdə ərizəsinin qanunamüvafiq qaydada təmin ediləcəyi bildirilmişdir. Müraciətinə cavab məktubuna əsasən alqı - satqı müqaviləsinin əslini təqdim edərək dövlət rüsumunun miqdarı barədə qəbz verilməsini və ödənişə hazır olduğunu bildirmişdir. Ancaq cavab məktubunda müraciətinin təmin olunacağı bildirilsə də, mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Təkrar olaraq nümayəndəsi X20 tərəfindən 18 may 2007-ci il tarixli alqı - satqı müqaviləsinə əsasən ona məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmasında köməklik göstərilməsi xahiş edilmişdir. Müraciətə cavab olaraq 24 dekabr 2021-ci il tarixdə ərizəsinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi əsassız və qanunsuz olduğundan məhkəmə qaydasında cavabdehin üzərinə tələbinə uyğun öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin **********65 nömrəli, 24.12.2021-ci il tarixli imtina məktubunda aparılan araşdırma zamanı iddiaçının müraciətinə əlavə edilmiş “Torpaqa mülkiyyət hüququna dair” JN-0927 saylı dövlət aktına əsasən 5 nəfərin ümumibirgə mülkiyyətində olduğu halda torpaq sahəsinin 4 nəfər tərəfindən satıldığı, digər hüquq sahibinin alqı-satqı müqaviləsində iştirakının təmin edilmədiyi və ya torpaq sahəsinin satılmasına dair digər hüquq sahibinin razılıq ərizəsinin müraciətə əlavə edilmədiyi, həmçinin torpaq sahəsinin bölünməsinə dair bölgü planının iddiaçı tərəfindən təqdim edilmədiyi müəyyən edildiyindən ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçının müraciətinə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0927 saylı dövlət aktına əsasən 5 nəfərin (X5, X4, X2, X11 və X13) ümumibirgə mülkiyyətində olduğu halda, torpaq sahəsinin 4 nəfər (X12, X8, X16 və X18 ) tərəfindən satıldığı, digər hüququ sahibinin (X4) alqı-satqı müqaviləsində iştirakının təmin edilmədiyi və ya torpaq sahəsinin satılmasına dair digər hüquq sahibinin razılıq ərizəsinin müraciətə əlavə edilmədiyi, həmçinin torpaq sahəsinin bölünməsinə dair bölgü planının təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 9-cu,11-ci, 12.1-ci və Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l bəndini nəzərə alaraq iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X12 məhkəmə iclasında bildirmişdir ki, müqavilə imzalanarkən qardaşı X1 şəhərində olduğu üçün müqavilə təsdiq olunduğu zaman iştirak etməmişdir. Hazırda o vəfat edib, uşaqları isə Moskva şəhərində yaşayır. Bundan əlavə bildirmişdir ki, alqı-satqı müqaviləsində qardaşı Samir istisna olmaqla digər birgə mülkiyyətçilər Dövlət aktında göstərilən həm suvarılan, həm də çoxillik əkin yerinin 1.13 ha-lıq hissəsini, yəni daha dəqiq özlərinə məxsus olan 4/5 hissəsini satmışlar. Digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Samux Rayon Dövlət Notariat Kontorunun 4Ə-277 nömrəli, 18.05.2007-ci il tarixli alqı-satqı müqaviləsi, 18JN-0927 (Kod ********) nömrəli Dövlət aktı, cavabehin **********99 nömrəli, 07.09.2021-ci il tarixli və **********65 nömrəli, 24.12.2021-ci il tarixli məktubları, **********89 nömrəli, 04.02.2022-ci il tarixli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş, JN-0927 (Kod ********) nömrəli, 22.08.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Samux rayon Kolayır kənd sakinləri X12, X10, X8, X16 və X3 təsərrüfatı məqsədi ilə 1.37 ha torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir. Dövlət aktında torpaq sahəsinin ölçüsü 1.37 ha-dır. Həmin torpaq sahəsi 2 planşetdə, 1-ci planşetdə suvarılan yerdə 11415.10, 2-ci planşetdə isə çoxillik əkmələr yerindən 2262.69 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, Samux Rayon Dövlət Notariat Kontorunda 4Ə-277 nömrəli reyestrdə qeydə alınmış, 18.05.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Samux rayon Kolayır kəndində yaşayan X12, X8, X16 və X18 JN-0927 (Kod ********) nömrəli Dövlət aktına əsasən 1.37 ha pay torpağından 1.13 ha ha topaq sahəsini İddiaçı satmışlar. İş materiallarına əlavə edilmiş, 09.07.2021-ci il tarixli, AZ-ll 185347 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 17.09.2008-ci il tarixdə ölmüşdür. Tətbiq olunan maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 1.13 ha torpaq sahəsi əvvəlki mülkiyyətçilərin payları müəyyənləşdirlmədən ümumi mülkiyyətlərində (birgə mülkiyyət) olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsində görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Yuxarıda sadalanan maddi hüquq normalarının müqayisəli təhlilindən belə nəticə hasil olunur ki, birgə mülkiyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir, lakin əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamağından asılı olmayaraq bu razılıq ehtimal olunur, həmçinin birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verməsi ilə əlaqədar əqd həmin mülkiyyətçinin lazımi səlahiyətlərinin olmaması mülahizəsinə görə qalan iştirakçıların tələbi ilə etibarsız sayıla bilər. İşin faktiki hallarından göründüyü kimi sözügedən müqavilə göstərilən səbəblərlə mübahisələndirilməmişdir. Belə olan halda İnzibati İcraat Haqqında Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.11.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə cavabdehin etirazının digər dəlili: torpaq sahəsinin bölgü planının təqdim olunmaması ilə bağlı qeyd edir ki, torpaq sahəsinin bölgüsünə dair bölgü planının təqdim etmə müqavilə tərəflərinin vəzifəsi yox, hüququdur. Təsadüfi deyildir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanununun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalı sənədlər arasında torpaq sahəsinin bölgü planı nəzərdə tutulmamışdır. Buna görə də bölgü planının təqdim olunmaması qeydiyyatdan imtina üçün əsas ola bilməz. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı JN-0927 (Kod ********) nömrəli Dövlət aktında göstərilən 1.37 ha torpaq sahəsinin 4/5 hissəsinə ümumi mülkiyyət (birgə mülkiyyət) kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə malikdir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-0927 (Kod ********) nömrəli Dövlət aktında göstərilən 1.37 ha torpaq sahəsinin 4/5 hissəsinə İddiaçı ümumi mülkiyyət (birgə mülkiyyət) kimi mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar