Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-682/2023 28.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndələri X3, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə,iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı) borcun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Sosial sığorta və işsizlik sığortası haqları ilə bağlı hesablanmış 1984.0 manat borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı bir neçə ildir ki, fəaliyyəti dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə sosial və işsizlikdən bəyannamələri təqdim etmə öhdəliyi Vergilər Nazirliyinə verildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən müəssisənin guya 1984.0 manat borcunun olması barədə vergi orqanına məlumat göndərilmişdir. Bundan sonra həmin borc məbləği müəssisənin şəxsi hesab vərəqəsində əks olunmuşdur. 12 saylı Ərazi Vergilər İdarəsinə müraciət ünvanlayaraq İddiaçı şəxsi vərəqində göstərilən İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə cədvəlində 1984.10 manat borc məbləğinin necə formalaşdığı soruşulmuşdur. Eyni zamanda müraciətdə qeyd edilmişdir ki, məşğulluq altsistemində heç bir işçinin qeydiyyatı yoxdur. 12 saylı Ərazi Vergilər İdarəsindən müracətə verilən cavabda müəssisənin borcları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin aidiyyəti şöbəsinə müraciət etməyi tövsiyyə edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də bu günə kimi rəsmi olaraq bir məlumat verilməmiş, şəxsi hesab vərəqəsində əks olunan borcun necə formalaşması izah olunmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının borc məbləği 2006-2008-ci illər ərzində yaranmışdır. Bu da iddiaçının hazırda fəaliyyətinin aktiv olmaması barədə gətirdiyi dəlilinin əsassız olduğunu sübut edir. Belə ki, vergi ödəyicisinin həmin dövrlərdə fəaliyyətinin dayandırılması ilə bağlı müraciəti olmamış, xx.xx.2006-cı il tarixdən fəaliyyəti aktiv olmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2006-2008-ci illər üzrə vergi orqanına təqdim olunmuş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrindən də göründüyü vergi ödəyicisinin həmin illərdə fəaliyyəti və işçiləri olmuşdur. Belə ki, həmin bəyannamələrdə 2006-cı ilin 1-ci rübü üzrə 5 nəfər, 2-ci rübü üzrə 5 nəfər, 3-cü rübü üzrə 5 nəfər, 4-cü rübü üzrə 5 nəfər, 2007-ci ilin 1-ci rübü üzrə 6 nəfər, 2-ci rübü üzrə 6 nəfər, 3-cü rübü üzrə 5 nəfər, 4-cü rübü 5 nəfər, 2008-ci ilin 1-ci rübü 5 nəfər, 2-ci rübü 5 nəfər, 3-cü rübü 5 nəfər, 4-cü rübü 5 nəfər işçi sayı bəyan etmiş və muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiləri hesablamışdır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyində ekspert gəldiyi nəticəni, yəni iddiaçının hansı əsasla 1342 manat borcunun olmasını əsaslandırmamışdır. Üçüncü şəxsin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının özünün təqdim etdiyi hesabatlarda 2006-2008-ci illər üzrə borc hesablanmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, Fondun rayon (şəhər) şöbəsində uçotda olan bütün sığortaedənlərin və sığortaolunanların uçotu Filialda mərkəzləşdiyi üçün iddiaçı "xxxx" Sahibkarlıq Müəssisəsi hal-hazırda Filialda uçotdadır. İddia predmeti olan borc məbləği isə Fonda ödənilməli olan, həmin dövrdə müəssisədə çalışmış sığortaolunanların pensiya və digər sosial təminat hüquqlarının əsası kimi fərdi şəxsi hesablarına əlavə edilməli olan məcburi dövlət sosial sığorta haqqına aiddir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sıgorta" (Hesabat)" altsistemində "X5"da "xxxx" Sahibkarlıq Müəssisəsinin şəxsi hesab vərəqəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə 1984,10 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla, ümumilikdə Fonda 1984,10 manat borcu qalmışdır. Qeyd olunan borc iddiaçı tərəfindən Fonda taqdim edilmis münssisa rahharinin va bas mühasibin imzaları, həmçinin möhürlə təsdiq edilmiş rüblük hesabatlarda da öz əksini tapmışdır. "Sosial Sığorta haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vəxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İddiaçı Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindən görünür ki, müəssisənin mdss üzrə 1984,10 manat qalıq borcu mövcuddur. -surəti işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3298 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqqhesab cədvəlləri və vergi ödəyicisinin vergi orqanlarına təqdim etdiyi 2006-2008-ci illərə dair verilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannamələrində göstərilənlərə əsasən sualda soruşulanlar üzrə 2006-2008-ci illərə dair hesablanmış sosial sığorta haqqlarının məbləği aparılmış ödənişlər çıxıldıqdan sonra 1342,00 manat (1922,0 - 580,0) məbləğində müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində 1984,10 manat qalıq borcu qeyd olunmuş, iddiaçı qeyd olunan borcun silinməsi ilə bağlı cavabdehə və üçüncü şəxsə müvafiq müraciət ünvanlasa da, borcun silinməsi təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli Qanununi ilə "Sosial sığortda haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 9-1.1-ci maddəyə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Eyni zamanda həmin Qanunla "Sosial sığortda haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əlavə edilmiş son abzasa əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanın 4.4-cü bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində orqan dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -85.5-1-ci maddəsinə əsasən Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxslərin hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Məhkəmə tərəfindən iddiaçının yaranmış borcunun düzgün hesablanıbhesablanmadığının müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyində 2006-2008-ci illərə dair hesablanmış sosial sığorta haqqlarının məbləği aparılmış ödənişlər çıxıldıqdan sonra 1342,00 (1922,0 - 580,0 = 1342,00) manat olduğu müəyyən edilmişdir. Məhkəmə tələbin qismən təmin edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı şəxsi hesab vərəqində qeyd olunmuş borc məbləğinin (1984.0 manat) silinməsini tələb etsə də, müvafiq ekspert rəyi ilə onun borc məbləği 1342 manat müəyyən edilmişdir, bu səbəbdən də iddia 642,0 (1984.0 - 1342 = 642,0) manat borcun silinməsi hissəsində əsaslı hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindən 642,0 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmçinin qeyd olunur ki, iddiaçıya vergi orqanı tərəfindən cəmi 1984 manat borc hesablansa da, ekspert rəyinə əsasən məhkəmənin gəldiyi qənaətə görə həmin məbləğin cəmi 1342 manat hissəsi əsaslı sayıldığından iş üzrə 50 manat ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə (642 manat) mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. Yəni, 642 manat 1984 manat məbləğin 32,35 faizini təşkil etdiyindən 50 manat məhkəmə xərcinin 33.83 manat hissəsi iddiaçıdan, qalan 16,17 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. İddiaçı Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindən 642,0 manat borcun silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsindən 16,17 manat, İddiaçındən 33.83 manat ekspertiza xərci tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-682/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-682/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver