Məhkəmə qərarları › İş №2-1(114)-683/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-683/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-683/2021 06.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 01.03.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux şəhərində yerləşən Samux bələdiyyəsinin 09.01.2004-cü il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddaçı Samux şəhərində doğulub həmin ünvanda yaşamasına baxmayaraq 1998-ci ildə aqrar islahat aparılarkən ona pay torpaq sahəsi verilməmişdir. Bu məqsədlə iddiaçı Samux bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin 09.01.2004-cü il tarixli qərarı ilə bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi ayrılmış, bundan sonra həmin torpaq sahəsinə mülkiyyət hüququ verilməsi rayon Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmiş və qərarın təsdiqi Aqrar İslahat Komitəsindən xahiş olunmuşdur. Bundan sonra Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən torpaq sahəsinin cizgi planı çəkilmiş və təsdiq olunaraq iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi 15 ildən artıqdır ki, iddiaçının istifadəsindədir. İddiaçı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahəni 2004-cü ildən istifadə edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının müraciəti üzrə aparılan araşdırma zamanı həmin torpaq sahəsinin Ərazi İdarəsinin baza və xəritə məlumatlarına əsasən bələdiyyənin ehtiyyat fondunda saxlanılan kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğu aşkar edilmişdir. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 08.06.2018-ci il tarixli, **********11 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Samux rayon Aqrar İslahat Komissiyasının 01.07.2004-ci il tarixli, 01 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, X2 pay torpağı verilməsinə dair bələdiyyənin 09.01.2004-cü il tarixli qərarının nəzərə alınması və veriləcək pay torpağının mülkiyyət hüququna dair sənədlərin hazırlanması DT və XK-nın Samux rayon şöbəsinə tapşırılması qərara alınmışdır. -Samux rayon Nəbiağalı bələdiyyəsinin 09.01.2004-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, X2 bələdiyyə ehtiyat fondundan orta torpaq formasına uyğun torpaq sahəsi verilməsi qərara alınmışdır. -16.02.2013-cü il tarixli AZ-İ 824357 nömrəli “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 arasında nikah bağlanmış, arvada Quliyeva soyadı verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi bələdiyyənin 09.01.2004-ci il tarixli 02 saylı qərarına əsasən iddiaçıya verilmiş torpaq sahəsidir. Bələdiyyənin müvafiq iclas protokolundan da göründüyü kimi həmin torpaq sahəsi iddiaçıya aqrar islahat zamanı torpaq payı verilmədiyinə görə ayrılmışdır. Mövcud torpaq qanunvericiliyinə əsasən bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Samux rayon Nəbiağalı bələdiyyəsinin 09.01.2004-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı verilmiş torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar