Məhkəmə qərarları › İş №2-1(114)-683/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-683/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-683/2022 25.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İddiaçı və onun vəkili X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən ərazisi 1450,0 kv.m-dən ibarət olan torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış binasına) texniki göstəriciləri özündə əks etdirən xəritə, sxem, plan və sair daxil edilməklə texniki pasportun məcburi qaydada hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən ərazisi 1450,0 kv.m-dən ibarət olan torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış binasına) dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 25 aprel 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən ərazisi 1450,0 kv.m-dən ibarət olan torpaq sahəsi və onun üzərində yerləşən tikili (qeyri-yaşayış binası) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 000108 nömrəli özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri və üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməyə əsasən Tərtər rayonu Avtovağzalının yerləşdiyi 1450,0 kv.m torpaq sahəsi və onun üzərində olan tikili "Fəxrəddin” firmasının mülkiyyətinə verilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə, 04685 nömrəli texniki pasport verilmişdir. 23 iyun 2021-ci il tarixdə "Fəxrəddin” firmasının adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kimi təsis edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən № ********** ilə qeydiyyata alınmışdır. Sözügedən ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində olan qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Ona məxsus olan Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən 1450,0 kv.m torpaq sahəsi və onun üzərində olan qeyri-yaşayış sahəsinə “Hüquqların dövlət qeydiyyatına alınması haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, № **********87 nömrəli məktubuna əsasən qeyd edilən ünvana texniki pasport verilməsindən əsassız şəkildə imtina edilmişdir. İmtinanın səbəbləri kimi Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasportda perimetr boyunca göstərilən ölçülərlə faktiki vəziyyətdə olan ölçülər arasında uyğunsuzluğun olması və bu səbəbdən də texniki pasportun tərtib edilməsinin mümkün olmadığı göstərilmişdir. Cavabdehin texniki pasportun verilməsindən imtina etməsini qanunsuz və əsassız hesab edir, həmçinin mülkiyyət hüququmun pozulması kimi qiymətləndirir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir və mülkiyyət hüququnun təmin edilməsini tələb edir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İddiaçı və onun vəkili X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişkər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyri-yaşayış binasına müayinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasportda perimetr boyunca göstərilən ölçülərlə faktiki vəziyyətdə olan ölçülər arasında uyğunsuzluq olduğundan, texniki pasportun tərtib olunması mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının müraciətindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli texniki pasportun surətindən görünür ki, Tərtər rayonunda yerləşən 1957-ci ildə tikilmiş 25.8 kv.m əsas, 64.36 kv.m köməkçi olmaqla ümumilikdə 90.06 kv.m-dən ibarət olan qeyri-yaşayış binası Respublika Avtovağzallar Birliyinin mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 10760 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamənin surətindən görünür ki, Tərtər şəhərində yerləşən əmlak üzərində Avtovağzalın mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən” xx.xx.1998-ci il tarixli, 108 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Tərtər şəhəri, E.Hüseynov küçəsində yerləşən 1450,0 kv.m torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası (avtovağzal) "xxxx" Firmasının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (qurumun əvvəlki adı "xxxx" Firması) xx.xx.1998-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. « Hüquqların dövlət qeydiyyatı haqqında » daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tərtər şəhəri, H.Əliyev prospektində 0.145 ha torpaq sahəsi və onun üzərində yerləşən 73.5kv.m qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdə iddiaçı « EFE-C » X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********87 nömrəli məktubunda bildirilmişdir ki, qeyri-yaşayış binasına müayinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasportda perimetr boyunca göstərilən ölçülərlə faktiki vəziyyətdə olan ölçülər arasında uyğunsuzluq olduğundan, texniki pasportun tərtib olunması mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının müraciətindən imtina edilmişdir.. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən 1450.0 kv.m torpaq sahəsi və onun üzərində olan tikili (qeyri-yaşayış binası) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir və bu hüququ ilə bağlı qeydiyyat dövlət reyestrində aparılmışdır. Hazırki işdə iddiaçı « Hüquqların dövlət qeydiyyatı haqqında » daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və qeyri-yaşayış binasına dair texniki pasportun verilməsini tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə istinad olunmalıdır. Həmin Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»n 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, torpaq sahəsinə və qeyri-yaşayış binasına dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, bu barədə reyestrdən çıxarışın, texniki pasportun və «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin verilməsi mütləqdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmiş və bu imtinasını faktiki və hüquqi baxımdan əsaslandırmamışdır. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. « Hüquqların dövlət qeydiyyatı haqqında » daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən 1450.0 kv.m torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar