Məhkəmə qərarları › İş №2-1(114)-688/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-688/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-688/2021 16.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X2) qarşı cavabdehin hərəkətləri nəticəsində dəymiş 3000 (üç min) manat maddi zərərin ona ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxs X2) qarşı 02.03.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, torpaq sahəsi üzərində sahibkarlıq, istifadə hüququnun müdafiəsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə 02.06.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin hərəkətləri nəticəsində dəymiş 3000 (üç min) manat maddi zərərin iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 02.06.2021-ci il tarixli, 2-1(114)-688/2021 nömrəli qərardad ilə iddiaçının nümayəndəsinin ərizəsi təmin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq hissəsində özünə X3 500 kv.m torpaq sahəsi alaraq, mənzil təminatını təmin etmək üçün həmin torpaqda fərdi yaşayış evi inşa etdirərək hasara aldırmışdır. Lakin Cavabdeh Memarlıq şöbəsinin rəisi və həmin idarənin hüquqşünasının qanunsuz hərəkətləri nəticəsində tərəfindən inşa edilmiş evinin hasarı heç bir məhkəmə qərarı olmadan sökülmüşdür. Həmin hasarın yerləşdiyi torpaq sahəsi heç bir şəxsə aidiyyəti olmamışdır. İş üzrə üçüncü şəxs X1 iddiaçı ilə həmin küçədə yaşayır. İddiaçının inşa etdirdiyi hasarın üçüncü şəxsə heç bir aidiyyəti olmamasına baxmayaraq, üçüncü şəxs qanunsuz olaraq Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə müraciət etmiş və Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə və inşa etdirdiyi hasara baxış keçirilərək həmin hasarın heç kimin hüquqularını pozmadığı, sərhəd daxilində inşa edildiyini müəyyən edərək üçüncü şəxsə məlumat versə də, sonradan yenədə üçüncü şəxsin iştirakı ilə cavabdeh tərəfindən onların birgə hərəkəti nəticəsində iddiaçının inşa etdirdiyi hasar uçurdularaq ona əhəmiyyətli dərəcədə maddi zərər dəymişdir. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 16 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə gəlmiş, üçüncü şəxs və cavabdehin nümayəndəsi gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, cavabdehin hərəkətləri nəticəsində dəymiş 3000 (üç min) manat maddi zərərin iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, söküntünün cavabdeh tərəfindən aparaılmadığını bildirmiş və bu səbəbdən iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, üçüncü şəxs X2 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, qeyd edilən hasarın sökülməsi üçün İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: - Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 30.12.2014-cü il tarixli, 2283 nömrəli sərəncamının surəti; - Cavabdeh məhkəməyə ünvanladığı 15.04.2021-ci il tarixli, 03/396 nömrəli məktubun surəti; - Videodisk (söküntü zamanı aparılmış çəkiliş). Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə iclası zamanı tərəflərin və şahidlərin izahatları ilə, eləcə də, iddia ərizəsinə əlavə edilmiş videodiskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq hissəsində yerləşən 500 kv.m torpaq sahəsi üzərindəki hasar həqiqətəndə cavabdeh orqan tərəfindən sökülmüşdür. Belə ki, iddia ərizəsinə əlavə edilmiş videodiskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun şimal-şərq hissəsində yerləşən 500 kv.m torpaq sahəsinin üzərindəki hasar X6 polis əməkdaşlarının və Cavabdeh əməkdaşlarının iştirakları ilə sökülmüşdür. Məhkəmə qeyd edilən halları araşdırıb müəyyən etmək üçün məhkəmə iclasında şahidlər X4 və X7 dindirilmişdir. Şahid qismində dindirilən X4 ifadəsində qeyd etmişdir ki, söküntü gedən zaman sözügedən ərazidə olmuşdur. Onun həmin əraziyə getməyi barədə heç bir göstəriş verilməyib sadəcə ona problemli sahənin olduğu deyilmiş və o, maraq üçün sözügedən əraziyə getmişdir. Hal-hazırda Cavabdehndə işləmir 2018-ci ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. Kimin göstərişi ilə söküntünün aparıldığını bilmir. Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı Telman Məmmədovu sözügedən ərazidə görmüşdür. Şahid qismində dindirilən X7 ifadəsində qeyd etmişdir ki, sözügedən əraziyə getməyi ilə bağlı heç bir göstəriş verilməyib, o, sözügedən əraziyə yaxın ərazidə olmuş və insanların toplaşdığını görüb ora yaxınlaşmışdır. Kimlərin orada olduğu yadında deyil. Söküntünü aparan traktorlar Cavabdeh balansında deyil. Həmçinin üçüncü şəxs X2 da, izahatında qeyd edilən hasarın sökülməsi üçün Cavabdehnə müraciət etdiyini qeyd etmişdir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Mübahisəli obyektin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı bir rəsmi göstərişin verilməsi barədə hər hansısa yazılı sənəd olmasa da, şahidlərin dindirilməsi və iddia ərizəsinə əlavə olunmuş videodiskdən görünür ki, həqiqətəndə sözügedən hasar cavabdeh orqan tərəfindən sökülmüşdür. Hazırki iş üzrə iddiaçıya məxsus torpaq sahəsində yerləşən hasarın real olaraq mövcud olmaması iddiaçıya dəymiş ziyanın mövcudluğunu təsdiq edir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətinə cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakdan istifadə, sahiblik və sərəncam hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, istənilən inzibati orqan və ya inzibati akt qəbul etməyə səlahiyyət olan hüquqi şəxs konstitusion prinsiplərə hörmət etməli, mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Axverdiyev Azərbaycana qarşı» 29.01.2015ci il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, «qanunla nəzərdə tutulmuş şərtlərə» uyğun olaraq həyata keçirilməlidir; «ictimai marağa» uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-ci maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi iş materialları ilə cavabdeh inzibati orqanın təqsiri nəticəsində iddiaçıya maddi ziyan vurulması təsdiq olunur. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə, vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin və şahidlərin izahatlarına, həmçinin iddia ərizəsinə əlavə edilmiş videodiskə əsasən məhkəmə hesab edir ki, məhkəmədə yaranmış daxili inam əsasında İddiaçı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin hərəkətləri nəticəsində dəymiş 3000 manat maddi zərər Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 3000 (üç min) manat maddi zərərin İddiaçı ödənilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar