Məhkəmə qərarları › İş №2-1(114)-688/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-688/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-688/2022 05.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə qarşı şəhid adının və ailəsinə şəhid ailəsi statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə qarşı mərhum oğlu X5 şəhid statusu adının, ailəsinə isə şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X6 xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmiş, xx.xx.2019-cu il tarixdə gecə 21-22 radələrində Elmirə təhkim olunmuş “KAMAZ” markalı “B 195 QQ” hərbi nömrə nişanlı avtomobillə Tərtər rayon Talış kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən, şərti adı “Ruslan” adlandırılan 2 nömrəli döyüş mövqeyindən 4-cü taborun yerləşdiyi istiqamətdə hərəkətdə olarkən avtoqəzaya düşmüş, oğlu Elmir Bayramov “Açıq kəllə-beyin travması, Sol ayağının yerdəyişmiş açıq sınığı” diaqnozu ilə N saylı hərbi hissənin Naftalan şəhəri ərazisində yerləşən X9 gətirilmiş, vəziyyəti çox ağır olduğu üçün SQ BKH-nm reanimatoloqunun nəzarəti altında sanitar ambulansla SQ BKHna təxliyyə olmuş, BKH-nın reanimasiya şöbəsində əlli üç gün komada yatmış və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.2019-cu il tarixli əmrində, N saylı hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 227 nömrəli əmrindən çıxarışda, N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3522 saylı arayışında da “Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə əlaqədardır” göstərilmişdir. O, cavabdeh orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə oğlu X5 şəhid statusunun verilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, lakin ona tam qanunsuz və əsassız imtina məktubları verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin etibarnamə üzrə X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, mərhum X6 N saylı hərbi hissənin 1574-cü taborunun ərazisində keçirdiyi avtoqəza nəticəsində xx.xx.2019-cu il tarixdə müalicə aldığı Silahlı qüvvələrin Baş Klinik Hospitalında “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində vəfat etmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 866 nömrəli ekspert rəyinin surətindən görünür ki, E.C.Bayramovun xx.xx.2019-cu il tarixli məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sol aşağı ətrafın budun aşağı 1/3-i səviyyəsindən amputasiyası. Bundan əlavə təqdim edilmiş tibbi sənədlərdən göründüyü kimi o, “Avtoqəza nəticəsində (xx.xx.2019-cu il) müştərək travma açıq kəllə-beyin travması, baş beyinin ağır dərəcədə əzilməsi, sol alın və təpə sümüyünün basılmış sınığı, sol alın payının intraparenximal hematoması, yayılmış subaraxnoidal qansızma vəbeyin ödemi, pnevmosefaliya, postravmatik serebral koma, KQŞ 7 bal, sol qamış sümüyünün proksimal metafizinin açıq, çoxqəlpəli, çəp, yerinidəyişən sınığı, sol baldırın sıxılma sindromu, sol ayağın və baldırın işemik qanqrenası, bədənin müxtəlid nahiyyələrinin küt travması, travmatik şok, İİİ-İV dərəcə diaqnozu ilə müalicədədir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənməsi inkar olunmur, dərəcəsinə görə isə ümumilikdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli, 0116əç nömrəli ərmindən çıxarışın surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq, 157-ci Motoatıcı brqiadanın (157 nömrəli hərbi hissə) 1574-cü motoatıcı taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X6 xx.xx.2019-cu il tarixdə, saat 13:40 radələrində müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində vəfat etdiyi üçün (ölüm hərbi xidmət vəzifələrinin icrası ilə əlaqəlidir) xx.xx.2019-cu il tarixdən Azərbaycan ordusunun şəxsi heyətinin siyahısından çıxarılmışdır. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə əlaqəlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 3522 nömrəli məktubda bildirilmişdir ki, mərhum oğlu X6 xidməti vəzifələrini yerinə yetirərkən vəfat etdiyinə görə xx.xx.2019-cu il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3295 nömrəli arayışının surətindən görünür ki, mərhum X6 xx.xx.2019-cu il tarixdə ona təhkim olunmuş hərbi avtomobillə keçirdiyi avtomobil qəzasında xəsarətlər almış, hospitala təhliyyə olunmuş və müalicədə olduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə əlaqəlidir. “Ölüm haqqında” xx.xx.2019-cu il tarixli, AZ-İ 959155 nömrəli şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1503 nömrəli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 1910 nömrəli bildirişinə və Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli, 0116 nömrəli əmrindən çıxarışına əsasən, mərhum X6 N sayklı hərbi hissənin 1574-cü taborunun ərazisində keçirdiyi avtoqəza nəticəsində xx.xx.2019-cu il tarixdə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində vəfat etmişdir.Bu səbəbdən də Elmir Bayramova “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusunun verilməsi mümkün olmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələri). İddiaçı mərhum oğlu X5 şəhid statusu adının, ailəsinə isə şəhid ailəsi statusunun verilməsi vəzifəsinin şəhid statusunun verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə oğluna şəhid statusunun adının, ailəsinə isə şəhid ailəsi statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin halların, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçının mərhum oğlu X4 xx.xx.2019-cu il tarixli, AZ-İ 959155 nömrəli “Ölüm haqqında” şəhadətnamənin məzmunundan görünür ki, mərhum X6 xx.xx.2019-cu il tarixdə “Kəskin ürək və böyrək çatışmazlığı, kəllə-beyin travması” nəticəsində vəfat etmişdir. Şəhadətnamədə qeyd olunan ölüm səbəbi isə mərhuma “şəhid” statusunun verilməsi üçün əsas deyildir. Beləliklə, cavabdeh orqan iddiaçının mərhum oğluna şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum oğlu qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.5-ci və 1.2.6-cı bəndlərinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab olunurlar. Nazirlər Kabinetinin 05 mart 1999-cu il tarixli, 35 nömrəli və 22 may 2006-cı il tarixli, 131 nömrəli Qərarları ilə Qaydaların 1.2.6-cı bəndinə “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası əlavə edilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Republikası Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə qarşı şəhid adının və ailəsinə şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə qarşı şəhid adının və ailəsinə şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar