Məhkəmə qərarları › İş №2-1(114)-688/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-688/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-688/2024 16.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1989-cu il tarixli 44 saylı doğum haqqında akt qeydində onun soyadının “İsmayılov” əvəzinə “Nəbiyev”, ata adının isə “İlham əvəzinə “Hüseyn” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının soyadının "Nəbiyev", adının "Röyal", ata adının "Hüseyn" olmasına baxmayaraq 25 oktyabr 1989-cu il tarixli 44 saylı doğum akt qeydində soyadı "Nəbiyev" əvəzinə "İsmayılov", ata adı isə "Hüseyn" əvəzinə "İlham" kimi qeyd edilmişdir. O, 03 sentyabr 2023-cü il tarixində Cavabdehnə rəsmi qaydada məktubla müraciət edərək 25 oktyabr 1989-cu il tarixli 44 saylı doğum akt qeydinə müvafiq dəyişiklik edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun atasının ad və soyadı “İlham İsmayılov”, anasının ad və soyadı isə “Tamella Nəbiyeva” olmuşdur. Onu uşaq vaxtı babası övladlığa götürdüyünə görə də doğum şəhadətnaməsində ata adı və digər məlumatlar fərqli yazılmışdır. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya doğum şəhadətnaməsi verilərkən akt qeydindən fərqli məlumatlar yazılmışdır. Hazırda akt qeydinə düzəliş üçün əsas yoxdur. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1989-cu il tarixli, 44 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə doğulmuş, ata qrafasında “X6”, ana qrafasında “X3” qeyd edilmişdir. -surəti işə əlavə edilmiş İ-AZ 160713 nömrəli xx.xx.1999-cu il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə anadan olmuş, ata qrafasında “X7”, ana qrafasında isə “X4” qeyd edilmişdir. -işə əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-622/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya aid doğum haqqında akt qeydində onun soyad və ata adı ilə ona məxsus digər sənədlərdə soyad, ata və ana adı arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçıya aid doğum haqqında akt qeydində onun ad, soyad və ata adı “X5”, ata qrafasında isə “X6” edilmişdir. İddiaçı doğum akt qeydində müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. 12-ci bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Qeyd edilməlidir ki, iddiaçının doğumu haqqında ilkin sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə onun ad, soyad və ata adı “X5”, ata qrafasında isə ata adı “X6” kimi qeyd edilmişdir. Odur ki, həmin şəxsin sonradan doğum haqqında akt qeydində olan məlumatlardan fərqli məlumatlar qeyd edilmiş sənədlər əldə etməsi onun doğum akt qeydində düzəliş edilməsinə əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar