Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-69/2022 25.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi filialına qarşı 26.04.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsi iddiaçının əlilliyə görə aldığı əmək pensiyasına görə 13951 manat 09 qəpik məbləğində borcun tutulması barədə sənədlərə baxaraq, onun qanunsuz olaraq aldığı 13951 manat 09 qəpik məbləğində pulu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin xeyrinə tutulması barədə qərar qəbul etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsi öz qərarını belə əsaslandırmışdır ki, iddiaçıya 05.02.2018-ci il tarixdən əlil kimi 647 manat 65 qəpik aylıq əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun araşdırması nəticəsində onun əlilliyi etibarsız hesab edilmişdir və 31.11.2019-cu il tarixdən onun pensiya ödənişi ləğv edilərək, pensiya ödənişi dayandırılmışdır. 05.02.2018- 31.11.2019-cu il tarixlərdə qanunsuz olaraq alınmış pensiya məbləği 13951 manat 09 qəpik təşkil etmişdir. Lakin qeyd edilməlidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsini öz qərarında qeyd etmişdir ki, guya iddiaçı tərəfindən qanunsuz olaraq alınmış məbləğin bərpa edilməsi üçün ona 20.12.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin iddiaçı 13951 manat 09 qəpik vəsaiti bərpa etməkdən imtina etmişdir. Lakin iddiaçı qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsininin ona göndərilən xəbərdarlıq məktubunu almamışdır. İddiaçı ona təyin edilmiş pensiyanın verilmədiyini görəndən sonra məsələni aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinə müraciət etmiş, yalnız bundan sonra şifahi məlumat vermişdirlər ki, ona təyin edilmiş əlillik üçün pensiya ləğv edilmişdir. İddiaçı hesab edir ki, bu hal onun hüquqi müdafiəsini pozan hal kimi qiymətləndirilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin qərarı qanunsuz hesab edilməlidir. Məhkəmənin 25.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi filialına qarşı “11.02.2020-ci il tarixli **********9 nömrəli qərarın ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Həmçinin Məhkəmənin 25.01.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qərarın surətini iki ay əvvəl cavabdeh orqandan almış, qərar ona tarixsiz, nömrəsiz və imzasız verilmişdir, 2 gün sonra isə məhkəməyə müraciət etmişdir. Ona gözündə yaranmış problemlərə görə 2018-ci il tarixdə ikinci qrup əlillik dərəcəsi verilmişdir, 2020-ci il tarixdə əməliyyat olunduqdan sonra gözündə az miqdarda problem qalmışdır. Hazırda əlilliyinin etibarsız sayılmasını mübahisələndirmək niyyəti yoxdur. Ona əlillik dərəcəsini və pensiyanı cavabdeh təyin etmişdir, bu məsələdə onun günahı və səhvi yoxdur, ona görə də aldığı məbləği qaytarmalı deyil. O, Daxili İşlər Nazirliyinin xətti ilə müayinə olunmuş və sənədləri də komissiyaya Daxili İşlər Nazirliyi tərəfindən göndərilməmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya 05.02.2018-ci il tarixdən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 və Audit Departamentinin 31.11.2019-cu il tarixli göstəriş məktubuna əsasən İddiaçı 31.11.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyindən, təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçıya təyin edilmiş əlillik 31.11.2019-cu il tarixdən etibarsız hesab olunduğundan aylar üzrə heç bir əsas olmadan ödənilmiş 13951,09 manat məbləğin geri tələb edilməsi zərurəti yaranmışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 18.11.2019-cu il tarixli 029-3854-1219/5 №-li məktubda qeyd olunur ki, siyahıda qeyd olunan 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyatı yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunması məqsədəuyğun hesab edilir. İddiaçıya tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin (Forma-88) ləğv olunması, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsinin etibarsız hesab olunmasına birbaşa səbəbdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 08.02.2018-ci il tarixli məlumatdan görünür ki, İddiaçı ümumi xəstəlik (gözdən əlillik) səbəbindən 2-ci dərəcə əlillik müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 21.02.2018-ci il tarixli 116 nömrəli qərarından görünür ki, İddiaçı 05.02.2018-ci il tarixdən 21.02.2023-cü il tarixədək 2-ci qrup əlilliyə görə 628,79 manat məbləğində pensiya təyin edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 11.02.2020-ci il tarixli **********9 nömrəli qərarından görünür ki, qanunsuz aldığı pensiyaya görə İddiaçı ödənilmiş 13951 manat 09 qəpik məbləğində pulun şöbənin xeyrinə tutulması qərara alınmışdır. -surəti işə əlavə edilmiş ərizədən görünür ki, İddiaçı pensiyasının dayandırılması və aldığı vəsaitin geri qaytarılması barədə qərarların ona təqdim edilməsi üçün DSMF-nin Ağstafa rayon şöbəsinə 16.04.2021ci il tarixdə müraciət etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı ümumi xəstəlik (gözdən əlillik) səbəbindən 05.02.2-ci dərəcə əlillik müəyyən edilmiş, buna uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 21.02.2018-ci il tarixli 116 nömrəli qərarı ilə İddiaçı 05.02.2018-ci il tarixdən 21.02.2023-cü il tarixədək 2-ci qrup əlilliyə görə 628,79 manat məbləğində pensiya təyin edilmişdir. Daha sonra ƏƏSMN tabeliyində DSMF-nin Daxili Nəzarət və Audit Departamentinin 31.11.2019-cu il tarixli göstərişinə əsasən İddiaçı 31.11.2019-cu il tarixdə ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş əlillik dərəcəsi etibarsız hesab edildiyindən, təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmış və DSMF-nin Ağstafa rayon şöbəsinin 11.02.2020-ci il tarixli **********9 nömrəli qərarına əsasən ödənilmiş 13951 manat 09 qəpik məbləğində pulun şöbənin xeyrinə tutulması qərara alınmışdır. İddiaçı hazırda sözügedən qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 11.02.2020-ci il tarixli **********9 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün sosial təminat sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbul etmək sahəsində səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1: -1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. -2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. -3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. -3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya əlillik dərəcəsi cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək iddiaçıya pensiya təyin edilmiş və bundan sonra ona müvafiq ödəniş edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Məhkəmə iclası zamanı iddiaçı 2020-ci ildə əməliyyat oldunduğunu və gözündə olan problemin qismən aradan qalxdığını, eləcə də hazırda əlilliyinin etibarsız sayılmasını mübahisələndirmək niyyəti olmadığını bildirmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa (ikinci dərəcə əlilliyə) görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Digər tərəfdən həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavə əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 11.02.2020-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin 11.02.2020-ci il tarixli **********9 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-69/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-69/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver