Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-69/2024 05.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 35 nömrəli qərarı ilə Goranboy şəhərində yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi ilə əlaqədar X13, X2, İddiaçı, X8 və X6 verilmiş və torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-502A KOD 50901004 nömrəli şəhadətnamə tərtib edilmişdir.
2. xx.xx.2011-ci il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 0.06 torpaq sahəsi üzərində X10 fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və həmin tarixdə tikintisi başa çatmış ev kimi istismara qəbul edilmişdir.
3. ünvan 2 ünvanında yaşayan X7, X4 və X8 xx.xx.2011-ci il tarixli ərizələrdə Goranboy şəhəri, Z.Əliyev küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə X9 adına qeydiyyata alınmasına etirazlarının olmadığını bildirmişlər.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Goranboy şəhəri, Z.Əliyev küçəsi, 11 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 143.1 kv.m olan fərdi yaşayış evi üzərində X9 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hüquq subyekti kimi xx.xx.2011-ci il tarixdə X9 adına texniki pasport tərtib edilmişdir.
5. İddiaçı Goranboy şəhəri, Z.Əliyev küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-V-0005-8/2023 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, onun ərizəsi əsasında Goranboy şəhəri, Z.Əliyev küçəsi, 11 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün ərizəsinin icrasından imtina olunmuşdur.
6. İddiaçı əmlak haqqında məlumatın təqdim edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024-cü il tarixli **********18 nömrəli cavab məktubunda bildirilmişdir ki, X9 adına ünvan 3 fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli ********** saylı qeydiyyat nömrəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. Mövcud qanunvericiliyin tələblərində qeyd olunduğu kimi reyestrdən sənədlərin deyil məlumatların verilməsinin mümkünlüyü nəzərə alınaraq sözügedən sənədlərin surətinin verilməsi mümkün deyildir.
7. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3-16-5/6-11-4896/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, notariat qaydasında təsdiq edilmiş ərizələr, həmçinin onların qeydə alındığı 2006-2023-cü illərə dair 7E (imza təsdiqləri, etibarnamələr və s.) indeksli notariat reyestrləri arxivə təhvil verilməmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli MA seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1999-cu il tarixli 35 saylı qərarına əsasən atası X9, anası X1, onun, keçmiş həyat yoldaşı X3 və qızı X5 birgə mülkiyyətlərinə ünvan 3 ünvanda yerləşən 0.06 ha həyatyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-502A KOD 50901004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vardır. Bu günlərdə ona məlum olmuşdur ki, atası 0.06 ha həyəyanı torpaq sahəsinə və üzərində tikilmiş yaşayış evinə razılıqları olmadan 7 saylı Bərdə Ərazi İdarəsindən çıxarış almışdır və həmin çıxarış əsasında məhkəmədə iddia qaldıraraq onu və ailə üzvlərini həmin evdən çıxarmaq istəyir. Çıxarışda qeyd edilir ki, ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 yaşayış otağından, yaşayış sahəsi 103.7 kv.m, yardımçı sahəsi 39.4 kv.m ibarət ev və 138.8 kv.m və 21.5 kv.m olan təsərrüfat damları, eləcə də 0.06 ha həyətyanə torpaq sahəsi şəxsi mülkiyyət əsasında atası X10 məxsusdur. Hesab edir ki, bu qanunsuzdur, atasının adına verilən ******* saylı seriya MA olan çıxarış etibarsız hesab edilməlidir. Çünki yuxarıda qeyd etdiyi kimi həmin həyətyanı torpaq sahəsi birgə mülkiyyətdədir. Atası həmin torpaq sahəsini bütövükdə mülkiyyətinə keçirdərkən onların xəbəri və razılığı olmamışdır. O, heç bir razılıq ərizəsinə imza etməmişdir. O, cavabdehə yazılı vəkil sorğusu ilə müraciət etmişdir ki, ona həyətyanı torpaq sahəsinin və evin hansı əsasla atasının adına keçməsi ilə bağlı sənədlərin surətlərini versinlər. Lakin cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsi vəkil sorğusuna cavab versə də, sənədlərin surətlərini verməmişdir. Hesab edir ki, cavabdeh AR Daşınmaz Əmlakın Dövlət Kadastr və X16 şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi atası Şanxay Vəliyevə həmin torpaq sahəsinə və evə çıxarış verərkən onun mülkiyyət huququnu pozmuşdur.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki tələb “Goranboy şəhəri, Z.Əliyev küçəsi, 11 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair X9 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
17. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13 zəruri cəlbetmıə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.
19. İddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).
21. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Torpağın mülkiyyətə verilməsinə dair JN-502A KOD 50901004 nömrəli şəhadətnamə; - Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin tikinti işlərini aparmaq üçün icazə sənədi; - Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı; - xx.xx.2011-ci il tarixli razılıq ərizələri; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-V-0005-8/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********18 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3-16-5/6-11-4896/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı xx.xx.2015-ci il tarixli fərdi uçot kartası.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
24. Belə ki, iş materialları və işin faktiki hallarından müəyyən edilir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 35 nömrəli qərarı ilə Goranboy şəhərində yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi ilə əlaqədar X13, X4, İddiaçı, X8 və X6 verilmiş və torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-502A KOD 50901004 nömrəli şəhadətnamə tərtib edilmişdir. xx.xx.2011-ci il tarixdə Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən X10 ünvan 1 ünvanında yerləşən 0.06 torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və həmin tarixdə ev tikintisi başa çatmış tikinti obyekti kimi istismara qəbul edilmişdir. ünvan 2 ünvanında yaşayan X7, X4 və X8 xx.xx.2011-ci il tarixli ərizələrdə Goranboy şəhəri, Z.Əliyev küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə X9 adına qeydiyyata alınmasına etirazlarının olmadığını bildirmişlər. Bundan sonra qeyd edilən sənədlər əsasında Goranboy şəhəri, Z.Əliyev küçəsi, 11 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 143.1 kv.m olan fərdi yaşayış evi üzərində X9 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
25. İddiaçı həmin çıxarışın ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-V-0005-8/2023 nömrəli məktubu ilə imtina cavabı verilmişdir.
26. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayır və həmin qənaətini aşağıdakılarla əsaslandırır.
27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
28. Beləliklə, mübahisə daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsassız olması ilə bağlıdır və inzibati orqanın həmin aktın rəsmiləşdirilməsi üzrə hərəkətlərindən qaynaqlanır. Daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassız aparılmışdırsa və bunun nəticəsində həmin daşınmaz əmlak üzərində hüquqlarına toxunulmuş şəxs əsassız qeydiyyatı mübahisələndirməyə haqlıdır. Bu halda qeydiyyatın əsaslılığına qiymət verilməlidir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
30. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
31. Sadalanan normaların məzmunundan görünür ki, daşınmaz əmlak üzərində hüququnu qeydə aldırmaq istəyən şəxs “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan birini təqdim etməli, səlahiyyətli inzibati orqan tərəfindən isə hüquqların dövlət qeydiyyatını qanunla müəyyən olunmuş müvafiq əsasa uyğun aparılmalı və qeydiyyat haqqında müvafiq dövlət aktı (çıxarış) verilməlidir.
32. Bu qərarın 30-cu bəndinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş torpaq sahəsi üzərində hüquqları təsdiq edən şəhadətnamə və xx.xx.2013-cü il tarixədək inşa edilmiş tikililərə münasibətdə icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslar qismində müəyyən edilmişdir.
33. Həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinə gəlincə məhkəmə qeyd edir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 35 nömrəli qərarı ilə Goranboy şəhərində yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi ilə əlaqədar X13, X4, İddiaçı, X8 və X6 verilmiş və torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-502A KOD 50901004 nömrəli şəhadətnamə tərtib edilmişdir. ünvan 2 ünvanında yaşayan İddiaçı, X4 və X8 xx.xx.2011-ci il tarixli ərizələrdə Goranboy şəhəri, Z.Əliyev küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə X9 adına qeydiyyata alınmasına etirazlarının olmadığını bildirmişlər. Bundan sonra üçüncü şəxs X13 həmin torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini öz adına qeydə aldırmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində əsas qismində nəzərdə tutulmuş həmin sənədləri cavabdeh orqana təqdim etmiş və cavabdeh orqan qanunamüvafiq qaydada sözügedən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini üçüncü şəxsin adına rəsmiləşdirmişdir.
34. İddiaçı iddiasının maddi-hüquqi əsası kimi ona istinad etmişdir ki, torpaq sahəsi və fərdi yaşayış evi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zamanı onların xəbəri və razılığı olmamışdır. O, heç bir razılıq ərizəsinə imza etməmişdir. Buna görə də cavabdeh orqan 2011-ci ildə həmin torpaq sahəsini və fərdi yaşayış evini əsassız olaraq X9 adına qeydə almışdır.
35. İddiaçı yuxarıda qeyd olunan xx.xx.2011-ci il tarixli ərizədə göstərilən imza nümunəsinin ona məxsus olmadığını, torpaq sahəsi və fərdi yaşayış evi üzərində atası X9 xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına razılığının olmadığını əsas gətirdiyi üçün məhkəmə iddiaçının adından tərtib edilmiş xx.xx.2011-ci il tarixli ərizədə göstərilən imza nümunəsinin ona aid olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Bu zaman məhkəmə həm İddiaçı xx.xx.2015-ci il tarixə tərtib olunmuş fərdi uçot kartoçkasını, həm də həm iddiaçının sərbəst imza nümunələrini ekspertiza tədqiqatına təqdim edərək, ekspert qarşısında İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2011-ci il tarixli ərizədə “İmza” və “Tarix” qrafalarında icra edilmiş imza nümunələrinin İddiaçı xx.xx.2015-ci il tarixə tərtib olunmuş fərdi uçot kartoçkasında “Vətəndaşın şəxsi imzası” adlanan 16-cı və “Hazırlanmış şəxsiyyət vəsiqəsinin vətəndaşa verdildiyi tarix və ərizəçinin şəxsi imzası” adlanan 23-cü qrafalarda icra edilmiş imza nümunələri ilə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.
36. Razılıq ərizəsində iddiaçının imza nümunəsinin başqa cür olmasına baxmayaraq, iddiaçıdan alınmış sərbəst imza nümunələrində o, hazırda “ASM” kimi imza atsa da, 2011ci illərdə “ВАШО” kimi imza etdiyini, imzasını tez-tez dəyişdirini bildirməklə, sərbəst imza nümunələrində imzasını “ВАШО” kimi imzalamışdır.
37. Ekspert tərəfindən iddiaçının əlavə sərbəst imza və eksperimental xətt nümunələrinin təqdim edilməməsi əsası ilə ekspertiza keçirilməsindən imtina edilmişdir.
38. Buna baxmayaraq, məhkəmə iddiaçının imzasını tez-tez dəyişdirməsi barədə dəlillərini səmimi və inandırıcı qəbul etməyərək və həmin halın özünü də nəzərə alaraq qeyd edir ki, adi vizual baxışla məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı fərdi uçot kartasında “Vətəndaşın şəxsi imzası” adlanan 16-cı və “Hazırlanmış şəxsiyyət vəsiqəsinin vətəndaşa verdildiyi tarix və ərizəçinin şəxsi imzası” adlanan 23-cü qrafalarda icra edilmiş imza nümunələrinin məhz xx.xx.2011-ci il tarixli razılıq ərizəsində icra edilmiş imza ilə eynilik təşkil etməsini görmək mümkündür.
39. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0.06 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X9 mülkiyyət hüquqları qeydə alınarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, şəhadətnamədə adı qeyd edilmiş digər mülkiyyətçilərin, o cümlədən iddiaçının razılığı əsasında yalnız X9 adına qeydiyyat düzgün aparılmışdır.
40. Göründüyü kimi, topaq sahəsinə və fərdi yaşayış evinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydin ləğv edilməsi üçün hər hansı bir hüquqi əsaslar mövcud deyildir. Ona görə də, iddia təmin edilməməlidir.
41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva