Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-693/2024 18.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə qarşı kompensiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ödənilən zaman Azərbaycan Respublikası üzrə orta əmək haqqının məbləğinə uyğun olaraq orta aylıq əmək haqqının 2 mislinə birdəfəlik 1827,8 manat müavinət (2 misli x 913,9 azn orta əmək haqqı=1827,8 azn) və 265 manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı valideynlərini itirmiş, bundan sonra övladlığa götürülmüşdür. Gəncə şəhəri 18 saylı tam orta məktəbi 2023-ci ildə bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri" haqqında 07 noyabr 2001-ci il tarixli 179 saylı Qərarına əsasən o təhsil müəssisənin hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunmalıdır. Qeyd edilən Qərarın 1-ci bəndinə əsasən Qanunun müddəaları övladlığa verilən şəxslərə də şamil edilir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən hazırda Respublika üzrə orta əmək haqqının məbləği 913,9 manat təşkil edir. Qeyd edilənlərə əsasən ona orta aylıq əmək haqqının 2 mislində yəni 1827.8 manat (2x913,9=1827,8) birdəfəlik müavinət və 265 manat məbləğində pul kompensasiyası (paltar, ayaqqabı, yumşaq inventar və avadanlıq əvəzinə) verilməlidir. Hazırda məktəbi bitirdiyi tarixdən 3 il müddət keçməyib və buna görədə, ona müavinət və kompensasiya verilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 45 nömrəli Sərəncamından çıxarışında görünür ki, X2 ata və anasının vəfat etməsi ilə əlaqədar dayısı X4 qəyyumluğuna verilmişdir. -surəti işə əlavə edilmiş AZ-İ 014326 nömrəli, xx.xx.2021-ci il tarixli Övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1 Elmir Xoşbəxt oğlu və X9 tərəfindən övladlığa götürülmüş və ona « Hüseynova » soyadı və « Elmir qızı » ata adı verilmişdir. -surəti işə əlavə edilmiş E 604759 nömrəli « Tam orta təhsil haqqında » Attestatdan görünür ki, İddiaçı 2023-cü il tarixdə Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbi bitirmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölkə iqtisadiyyatının muzdla çalışan işçilərinin orta aylıq nominal əməkhaqqı 2020-ci il üzrə 707,7 manat, 2021-ci il üzrə 732,1 manat, 2022-ci il üzrə 839,4 manat və 2023-cü ilin yanvar-aprel ayları üzrə 913,9 manat olmuşdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-29-31/2-H-214-4/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının ata və anasının vəfat etməsi ilə əlaqədar dayısının qəyyumluğuna verilmiş və 2023-cü ildə tam orta məktəbi bitirmişdir. İddiaçı müvafiq qanunvericiliyin tələblərinə əsasən təhsil müəssisəsinin hesabına mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmunu, tədbirləri həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlər “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edlmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: -valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. -valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. -2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi-aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. -3-cü maddəsinin İ hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. -3-cü maddəsinin İİİ hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. -5-ci maddəsinin Vİİ hissəsinə əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. -9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. Bundan əlavə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarında qeyd olunmuşdur ki:- “Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: -1. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti nazirlik və təşkilatları dövlət himayəsində olan və olmayan, qəyyumluqda, himayədə olan, övladlığa verilən, habelə rəsmiləşdirilmədən yaxın qohumunun (baba, nənə, əmi, dayı, bibi, xala və s.) yanında yaşayıb tərbiyə olunan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün Qanunda nəzərdə tutulmuş güzəşt və imtiyazların həyata keçirilməsi ilə bağlı lazımi təşkilati tədbirlər görsünlər. -2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması norması haqqında” 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunsunlar. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, istinad olunan normaların məzmunundan da görünür ki, ümumi təhsil məktəblərini bitirmiş valideynlərini itirmiş uşaqların da müvafiq təhsil müəssisəsinin xərclər smetası hesabına 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunmaq hüququ var. Həmçinin müəyyən edilmişdir ki, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqı 913,9 manat olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı 265 manat dəyərində mövsümü paltar və ayaqqabı ilə də təmin edilməmişdir. Ona görə də həmin məbləğ iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya 265 manat məbləğində mövsümü paltar və ayaqqabı, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla (913,9 manat x 2=1827,8 manat) birdəfəlik pul vəsaitinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mövsümü paltar və ayaqqabının dəyəri olaraq 265 manat məbləğində kompensasiya, habelə respublika üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla (913,9 manat x 2=1827,8 manat) birdəfəlik pul vəsaitinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-693/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-693/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver