Məhkəmə qərarları › İş №2-1(114)-694/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-694/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-694/2025 03.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2015-ci il tarixdə AA 330550 nömrəli məcburi köçkün vəsiqəsi verilmiş və o, 2012-ci ilədək məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq müavinəti almışdır.

2. İddiaçının aylıq müavinətin bərpa olunması ilə bağlı Cavabdehnə etdiyi müraciətinə rəsmi qaydada cavab verilməmişdir.

3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-1936/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin status sektorunun xx.xx.2015-ci il tarixli protokoluna əsasən ona Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olmaqla AA seriyalı 330550 nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Məcburi köçkün statusu qüvvədədir.

4. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-31/2/1-259/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı 2002-ci ilə kimi Ağdam rayonunun Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olmasına baxmayaraq sənəd təqdim etmədiyinə görə məcburi köçkünlər üçün nəzərədə tutulmuş vahid aylıq müavinət ona ödənilməmişdir. Vətəndaş İddiaçı 2002-ci ildən sonra işlə əlaqədar Bakı şəhərinin Binəqədi rayonuna daimi qeydiyyata düşmüşdür. İddiaçın tələb olunan sənədləri sentyabr 2024-cü ilin aylıq hesabatına daxil edilərək Qaçqınların və X1 üzrə Dövlət Komitəsində komissiyada baxılması üçün göndəriləcəkdir.

5. Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-31799/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı işğaldan əvvəlki qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Ağdam rayonunun Məlikli kəndindən məcburi köçkün düşmüşdür. Əvvəllər məcburi köçkünlər üçün ayrılmış vahid aylıq müavinəti almamışdır. Maddi vəziyyəti və dolanışığı yaxşı deyil. Ərizəyə əlavə edilmiş 330550 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, o, məcburi köçkündür. Ərazi İcra Nümayəndəsinə zəng edib məlumat aldıqda bildirmişdir ki, əvvəllər ona məcburi köçkünlər üçün ayrılmış yemək pulu xərci üçün ödənilən müavinəti 2012-ci ilə qədər ödənilib, lakin o vaxtdan sonra dayandırılıb. Ərizəyə əlavə olunmuş Cavabdehnə yazdığı xx.xx.2023-cü il tarixli məktundan və poçt qəbzindən görünür ki, məcburi köçkünlər üçün ayrılmış yemək pulu xərci üçün ödənilən müavinətinin bərpa edilməsi üçün yazılı müraciət etmişdir. Lakin müraciətinə cavab verilməmişdir. Ona görə də hesab edir ki, adının "vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı" siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. Cavabdeh yerləşdiyi Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzürlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

17. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2015-ci il tarixli AA 330550 nömrəli məcburi köçkün vəsiqəsi; - İddiaçının aylıq müavinətin bərpa olunması ilə bağlı Cavabdehnə etdiyi müraciəti; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-1936/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 5-31/2/1-259/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-31799/24 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

21. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı məcburi köçkündür. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin status sektorunun xx.xx.2015-ci il tarixli protokoluna əsasən ona Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olmaqla AA seriyalı 330550 nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. İddiaçı 2002-ci ilə kimi Ağdam rayonunun Məlikli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olmasına baxmayaraq, sənəd təqdim etmədiyinə görə məcburi köçkünlər üçün nəzərədə tutulmuş vahid aylıq müavinət ona ödənilməmişdir.

22. İddiaçının aylıq müavinətin bərpa olunması ilə bağlı Cavabdehnə etdiyi müraciətinə rəsmi qaydada cavab verilməmişdir.

21. Məhkəmə qeyd edir ki, Məcburi köçkünlərə yemək xərci, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən aylıq müavinətin verilməsi və ödənilməsi ilə bağlı münasibətlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”la və digər normativ aktlarla tənzimlənir.

22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna görə: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: - məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na görə”: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.2. məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla).

29. Həmin normaların məzmunundan aydın olur ki, məcburi köçkün, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşdükdə ona aylıq müavinət ödənilmir.

30. Hazırki işdə isə iddiaçı xx.xx.2002-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır.

31. Məhkəmə onu da qeyd edir ki, məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024cü il tarixli 5-31/2/1-259/2024 nömrəli cavab məktubunda İddiaçı 2002-ci ildən sonra işlə əlaqədar Bakı şəhərinin Binəqədi rayonuna daimi qeydiyyata düşdüyü göstərilsə də, onun məhz xidməti işlə əlaqədar Bakı şəhəri Binəqədi rayonuna daimi qeydiyyata düşməsi hazırki halda müəyyən edilmir.

32. İddiaçı da məhkəmə iclaslarına gəlməyərək, sözügedən hala dair hər hansı sübut təqdim etməmiş, 2002-ci ildə Bakı şəhərinin Binəqədi rayonuna daimi qeydiyyata düşməsinin məhz xidməti işi ilə bağlı olmasını sübut etməyə cəhd göstərməmişdir.

33. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

40. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar