Məhkəmə qərarları › İş №2-1(114)-696/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-696/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-696/2025 02.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı artıq işlədiyi iş saatlarına görə pulun ona ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı artıq işlədiyi iş saatlarının hesablanaraq 15190 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Ə1885ş/h-001-22 nömrəli əmri ilə Samux rayon Polis şöbəsinin Cinayət axtarışı bölməsinin axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq “Polis baş leytenantı” rütbəsi verilmişdir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Ə3100ş/h-001-22 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə (öz arsuzu ilə) müvafiq olaraq polis baş leytenantı İddiaçı Samux RPŞ-nin Cinayət axtarışı bölməsinin axtarış üzrə əməliyyat müvəkkili “istefada olan polis baş leytenantı” sayılmaqla, 25 oktyabr 2022-ci il tarixdən xidmətdən xaric edilmişdir. Əmrdə göstərilmişdir ki, 20 oktyabr 2022-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 11 il 02 ay 04 gün təşkil edir.

3. İddiaçı xidmət etdiyi dövrdə artıq işlədiyi iş saatlarına görə əlavə pul ödənilməsi ilə bağlı Samux rayon Polis şöbəsinə etdiyi müraciətə, sonuncunun xx.xx.2024-cü il tarixli 3-13-105/2F-15xx/xx/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, DİN-in Baş Kadrlar İdarəsində saxlanılan arxiv şəxsi işində xidmətdən artı iş saatları işləməsi barədə məlumat aşkar edilmədiyi üçün əlavə pul təminatı verilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

4. Məhkəmənin sorğusuna Samux rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 13-105/2-8072/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, T.Arani küçəsi, ev 17, mənzil 18-də yaşayan İddiaçı Azərbaycan Respublikası DİN-nin Baş Kadrlar İdarəsində saxlanılan arxiv şəxsi işində xidmətdən artıq iş saatları işləməsi barədə məlumat aşkar edilməmişdir. İşlədiyi müddətdə tərtib olunmuş cədvələ əsasən əməliyyat qrupunun üzvü olmuş, müvafiq qaydada xidmət etmişdir.

5. Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2024cü il tarixli 3-13-21/2-4141/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sabiq polis əməkdaşı İddiaçı daxili işlər orqanlarında xidmət keçməsinə dair tərtib olunmuş siyahıya əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Postpatrul xidməti taborunun polis nəfəri vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin operatoru vəzifəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Samux rayon Polis şöbəsinin Cinsyət axtarışı bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş və xx.xx.2022-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə (öz arsuzu ilə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

6. Məhkəmənin sorğusuna Samux rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 105/2-6927/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Samux rayon Polis Şöbəsinin CAB-nin Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Həmin dövr ərzində İddiaçı vəzifə maaşı 420 manat olmuşdur. İddiaçı Samux rayon Polis Şöbəsində xidmət etdiyi müddətdə əməliyyat qrupunda olması barədə cədvəllər Daxili İşlər Nazirliyinin müvafiq əmr və təlimatlarının tələblərinə müvafiq olaraq saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı Samux rayon Polis Şöbəsində xidmət etdiyi müddətdə iş saatlarından əlavə işə cəlb edilməmiş və bu barədə əmr verilməmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Samux rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasını qanunsuz hesab etməklə, onun Samnux rayon Polis şöbəsində CAB-də axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi dövrdə artıq işlədiyi iş saatlarının hesablanaraq 15190 AZN (on beş min bir yüz doxsan) barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdə Daxili İşlər Nazirliyi Gəncə ŞBPİ-nə işə qəbul olmuşdur. xx.xx.2022-ci il tarixdən "istefada olan polis baş leytenantı" olaraq öz raportu ilə işdən azad olunmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Samux Rayon Polis şöbəsində CAB-də axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, həftənin hər günü 11 saat işdə olmaqla, 5 gündən bir əməliyyat qrupunda sutkalıq xidmətdə olmuşdur. 2 il 3 ay ərzində həftədə 77 saat işdə olmuşdur. Əmək Məcəlləsində nəzərdə tutulmuş 40 saatdan 37 saat artıq iş saatı edir ki, bu da 115 həftəyə 4255 saat əlavə iş saatı edir. Xidmət etdiyi dövrdə polis əməkdaşının orta aylıq maaşının 600 manat olduğunu nəzərə alınsa, ortalama ayda 168 saat iş saatları olduğundan 1 saat işin qiyməti 3.57 manat edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, əlavə iş saatları 4255 saat edir ki, bu da 4255 saat X 3.57 manat=15190 manat təşkil edir. Yuxarıdakı hesablamaya uyğun olaraq onun Samux rayon Polis şöbəsində CAB-də axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi dövrdə artıq işlədiyi iş saatlarının hesablanaraq ona 15190 AZN (on beş min yüz doxsan manat) məbləğində pulun ona ödənilməsini heç bir qanuni əsas göstərmədən cavabdeh Samux RPŞ xx.xx.2024-cü il tarixli 3-13-105/2F-1542/11/24 nömrəli məktubla qanunamüvafiq hesab etməmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh Samux rayonu Çobanabdallı bələdiyyəsinin yerləşdiyi Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümken hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Ə1885ş/h- 001-22 nömrəli əmri; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Ə3100ş/h- 001-22 nömrəli əmri; - Samux rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-105/2F-15xx/xx/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Samux rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 13-105/2-8072/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-21/2-4141/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sabiq polis əməkdaşı İddiaçı daxili işlər orqanlarında xidmət keçməsinə dair tərtib olunmuş siyahı; - Məhkəmənin sorğusuna Samux rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 105/2-6927/25 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

21. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin Post-patrul xidməti taborunun polis nəfəri vəzifəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin operatoru vəzifəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Samux rayon Polis şöbəsinin Cinsyət axtarışı bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş və xx.xx.2022-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə (öz arsuzu ilə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı xidmət etdiyi dövrdə artıq işlədiyi iş saatlarına görə əlavə pul ödənilməsi ilə bağlı Samux rayon Polis şöbəsinə etdiyi müraciətə, sonuncunun xx.xx.2024-cü il tarixli 3-13-105/2F-15xx/xx/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, DİN-in Baş Kadrlar İdarəsində saxlanılan arxiv şəxsi işində xidmətdən artıq iş saatları işləməsi barədə məlumat aşkar edilmədiyi üçün əlavə pul təminatı verilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

22. Hazırki tələbində iddiaçı daxili işlər orqanlarında işlədiyi dövr ərzində artıq işlədiyi iş saatlarının hesablanaraq 15190 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

23. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.

24. Belə ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə görə: Maddə 73. Daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir. Zəruri hallarda, daxili işlər orqanları əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq olan müddətdə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddət xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir.

25. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə 5 aprel 2001-ci il tarixli, 74 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1) Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin. 2) Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əlavə haqq bu qərarla müəyyən edilmiş həddə (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən daha yüksək həddin müəyyən edildiyi hallar istisna olmaqla), digər müəssisə, idarə və təşkilatlarda isə həmin həddən aşağı olmayaraq ödənilsin. 3) Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqı büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda büdcə vəsaitləri çərçivəsində, digər müəssisə, idarə və təşkilatlarda isə öz vəsaitləri hesabına ödənilsin.

26. Hazırki işdə isə iddiaçı daxili işlər orqanlarında işlədiyi dövr ərzində xidmətdən artıq iş saatlarında işlədiyin qeyd etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

27. Məhkəmənin sorğusuna Samux rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli 105/2-6927/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Samux rayon Polis Şöbəsinin CAB-nin Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Həmin dövr ərzində İddiaçı vəzifə maaşı 420 manat olmuşdur. İddiaçı Samux rayon Polis Şöbəsində xidmət etdiyi müddətdə əməliyyat qrupunda olması barədə cədvəllər Daxili İşlər Nazirliyinin müvafiq əmr və təlimatlarının tələblərinə müvafiq olaraq saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı Samux rayon Polis Şöbəsində xidmət etdiyi müddətdə iş saatlarından əlavə işə cəlb edilməmiş və bu barədə əmr verilməmişdir.

28. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

29. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

30. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar