Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-699/2024 18.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 adına Gəncə şəhər Təcili və X1 Xəstəxanasının poliklinika şöbəsinə qarşı imtinanın ləğv edilərək əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Həkim Məsləhət Komissiyasına qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi öhdəliyinin cavabdeh Həkim Məsləhət Komissiyasının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbi üzrə X2 adına Gəncə şəhər Təcili və X1 Xəstəxanasının poliklinika şöbəsinin üzərinə əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-699/2024 nömrəli qərardadı ilə cavabdeh Həkim Məsləhət Komissiyası əsl cavabdeh X2 adına Gəncə şəhər Təcili və X1 Xəstəxanasının poliklinika şöbəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası onun barəsində xx.xx.2023-cü il tarixli, 182 nömrəli qərar vermişdir. Orada yazılmışdır ki, “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Buna baxmayaraq, həkim məsləhət komissiyası xx.xx.2023-cü il tarixdə diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda olmamasına, eləcə də Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsaslanıb, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin göndərilməsindən 117 nömrəli aktla imtina etmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciər etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik dərəcəsinin təyini üçün Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinə müraciət etmişdir. Anamnez: Özünü 1994-cü ildən xəstə hesab edir. Xəstəliyinin səbəbini döyüş zonasında hərbi xidmət keçərkən aldığı travma ilə əlaqələndirir. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı şəhər 1 nömrəli Şəhər klinik Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma, travma-diaqnoz: “Üzün orta hissəsinin dəlib keçən odlu silah yaralanması,soltərəfli travmatik haymorit. Göz almasının kontuziyası. Sol haymor cibinin radikal əməliyyatı-haymorotomiya” və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu travmanın nəticəsidiaqnoz: “Xroniki irinli haymoritin kəskinləşməsi, radikal əməliyyatdan sonrakı vəziyyət” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin xx.xx.2023-cü il tarixli 3-43-41/2-202 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 3-3-12/2-N-339 nömrəli arayışı, Bakı ş.1 nömrəli Şəhər Klinik Xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-312/2-N-339 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Diaqnoz : “Üzün orta hissəsinin dəlib keçən odlu silah güllə yaralanması nəticəsində üz sketinin deformasiyası postravmatik yara infeksiyası,əng sümüyünün, göz almasının travması, postravmatik kontuziyası. Xroniki irinli haymoritin kəskinləşməsi. L2-S1 fəqərəarası diskinin sol tərəfli yırtığı,cərrahi əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2023) Hipertoniya xəstəliyi. Termik yanığının qalıq əlamətləri. Qida funksiyasının pozulması”. Poliklinikada xəstənin tibbi sənədləri HMK-sı tərəfindən yoxlanılaraq diaqnozu və ağırlaşması əlillik meyarlarına uyğun gəlmədiyi üçün xəstəyə xx.xx.2023-cü il tarixdə 117 nömrəli imtina aktı yazılıb bir nüsxəsi xəstəyə verilmişdir. Əsaslandırıcı hissə: İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Bakı şəhər 1 nömrəli Şəhər klinik Xəstəxanasında “Üzün orta hissəsinin dəlib keçən odlu silah yaralanması, soltərəfli travmatik haymorit. Göz almasının kontuziyası. Sol haymor cibinin radikal əməliyyatı-haymorotomiya” diaqnozu ilə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi isə N nömrəli hərbi hissədə “Xroniki irinli haymoritin kəskinləşməsi, radikal əməliyyatdan sonrakı vəziyyət, Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Poliklinikada xəstənin tibbi sənədləri HMK-sı tərəfindən yoxlanılaraq diaqnozu və ağırlaşması əlillik meyarlarına uyğun gəlmədiyi üçün xəstəyə xx.xx.2023-cü il tarixdə 117 nömrəli imtina aktı yazılmışdır. İddiaçı daha sonra ixtisaslaşmış tibb müəssisəsindən göndəriş götürmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”-nın 1.5-ci maddəsinə əsasən, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İcbari Tibbi Sığorta üzrə X3 Heyətinin xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarı ilə təsdiq edilmiş Həkim Məsləhət Komissiyası haqqında Əsasnamənin: 2.1. Komissiyanın məqsədi Agentlik tərəfindən müəyyən edilmiş qaydada “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyindəki tibb müəssisələrinə (bundan sonra – tibb müəssisələri) müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinin müddəti (müalicə həkiminin 6 günlük nəzarətindən sonra) və xarakterini (əmək qabiliyyətinin tam və ya hissəvi itirilməsi) müəyyən etməkdən, müalicə həkimlərinin fəaliyyətinə nəzarət etməkdən və əmək qabiliyyətinin itirilməsi ekspertizalarında onlara məsləhət verməkdən, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilindən, həmçinin Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərişlərin düzgün verilməsinin tənzimlənməsindən ibarətdir. 4.1 Komissiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən 25 həkimdən az olmayan tibb müəssisələrində yaradılır. 4.12. Komissiyanın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiyanın sədrinin səsi həlledicidir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiyanın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər. 4.15. Əlillik dərəcəsinin təyini məqbul hesab edilməyən hər bir vətəndaşa Komissiya tərəfindən imtina aktı tərtib edilir və aktın bir nüsxəsi vətəndaşa təqdim olunur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin verilməsinə nail olmaqdır. “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən göndərişin verilməsi üçün şəxs Komissiyaya müraciət edir və komissiya şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdıraraq, o cümlədən zərurət olduqda diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsi ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərməklə, son nəticədə göndərişin verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul edir. İş üzrə iddiaçının göndəriş verilməsi üçün cavabdehə müraciət etməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Bununla belə, iş materiallarında cavabdeh orqan tərəfindən şəxsin müraciəti əsasında onun barəsində müvafiq sənədlərin toplanması, həmin sənədlərin təhlil edilməsi, diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib-göndərilməməsi, başqa sözlə, qanunvericiliyin tələbinə uyğun icraatın aparılması və həmin icraat nəticəsində göndərişin verilməsindən imtina barədə qərarın qəbul edilməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, iş materiallarında yalnız cavabdehin imtina aktları və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin iddiaçıya ünvanladığı məktub mövcuddur. Cavabdehin imtinası formativ xarakterli olmaqla, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin məktubunda isə iddiaçının ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunduqdan sonra yeni tibbi sənədlərlə birlikdə cavabdehə müraciət etdiyi təqdirdə təyin olunan diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nomrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olduğu halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X4 Sisteminə yerləşdiriləcəyi barədədir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə isə qəbul edilən qərarın qanuniliyinə qiymət verməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamış, sonda inzibati akt qəbul edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsi öhdəliyi cavabdeh X2 adına Gəncə şəhər Təcili və X1 Xəstəxanasının poliklinika şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-699/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-699/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver