Məhkəmə qərarları › İş №2-1(114)-70/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-70/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-70/2023 22.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X5 və X11) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə (üçüncü şəxslər X5 və X11) qarşı Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolun (qərarın) və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11 may 2022-ci il tarixli qərardadı ilə X5 və X11 üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmənin 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə hazırki iddia ilə məhkəmədə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Bundan sonra iddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolun (qərarın) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,03 ha torpaq sahəsində iki otaqlı mənzil əvvəllər valideynlərinin olmuşdur. Sözügedən daşınmaz əmlak xx.xx.1961-ci ildə mərhum atası X3 mülkiyyətinə verilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolu əsasında atsına məxsus torpaq sahəsi qardaşı oğlu X1. Bunday sonrada qardaşı oğlu həmin torpaq sahəsini X2. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı iclası 22 may 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı Məhəmməl oğlu və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehə və üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddia müddətinə riayət edilməklə verilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan: - Bərdə Rayon Dövlət Arxivinin 16 yanvar 2019-cu il tarixli 19 saylı arayışına əsasən Bərdə rayon Kəkəntərli Kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956-cı illər üzrə 5 saylı Təsərüfatbaşına Kitabın 22 saylı şəxsi hesabına əsasən Alaçadırlıkəndi üzrə mərhum vətəndaş X3 adına 1955-ci ildə 0,08, 1956-cı ildə 0,07 ha həyətyanı torpaq sahəsi olduğu qeyd olunmuşdur. - Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolu(qərarı) əsasında X4 300 kv.m. fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlfk Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* çıxarışa əsasən Bərdə şəhəri C.Məmməquluzadə küçəsi 12A X6 mülkiyyətindədir. Belə ki, "xxxx" MMC-nin Bərdə Layihə-Tədqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçını naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə TEKUİS məlumat bazasında “Hüquqların qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında X6 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin koordinatları bötüvlükdə üst-üstə düşür. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən üçüncü şəxslər satılmış torpaq sahəsi iddiaçının atasına verilmiş və həmin torpaq sahəsinin üzərində iddiaçının atası tərəfindən ev inşa etdirilmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13 noyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh 13 noyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar