Məhkəmə qərarları › İş №2-1(114)-700/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-700/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-700/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Avtomobil X4 cavabdeh “X8” ASC-yə qarşı cavabdehin hesabına köçürülmüş pulun tutularaq iddiaçının hesabına köçürülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Avtomobil X6 cavabdeh “X8” ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “X8” ASC-nin hesabına köçürülmüş 17212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində pulun tutularaq X7 üzrə X10na köçürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Kredit Sazişi çərçivəsində Azərbaycan Avtomobil X6 tərəfindən "M-2 Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 4 (dörd) zolağa genişləndirilməsi" layihəsi (km 00+000- km 130+150) həyata keçirilir. Həmin layihə çərçivəsində dövlət ehtiyacları üçün tələb olunan əmlaklara görə kompensasiya məbləğinin hesablanması və ödənilməsinin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. "Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin" tikintisi layihəsi çərçivəsində tikinti altına düşən ağac və kol bitkilərinin kənarlaşdırılması zərurəti yarandığından müvafiq rəy verilməsi məqsədilə Azərbaycan Avtomobil X6 tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanmış və həmin müraciət əsasında Nazirliyin aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən layihə üzrə tikinti altına düşən ağacların, kolların sayı və növləri müəyyən edilmişdir. Layihə altına düşən 4243 ədəd ağacın köçürülməsinə, 940 ədəd ağacın həqiqi bərpa dəyəri ödənilməsi şərti ilə kəsilməsinə dair Dövlət Ekspertiza İdarəsinin 04 oktyabr 2019-cu il tarixli, ER-22/472 nömrəli ekoloji ekspertiza rəyi Azərbaycan Avtomobil X6nə təqdim edilmişdir. Sözügedən rəyin icrası ilə bağlı qeyd olunan ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Departamentinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti ilə götürülmüş və 217512,0 manat məbləğində həqiqi bərpa dəyərinin "X7 üzrə Dövlət Fondu"na ödənilməsi təmin edilmişdir. Bildirilir ki, həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planı və müstəqil qiymətləndiricinin hesabatına əsasən dövlət mülkiyyətində olan və "X8" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin tikinti altına düşən hissəsində 210 ədəd nar kolunun olması müəyyən edilmiş və həmin nar kollarının götürüləsi ilə bağlı "X8" ASC-yə 17212,0 manat vəsait ödənilmişdir. Sözügedən məbləğin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"na əsasən düzgün hesablanmadığı barədə "X8" ASC tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciət əsasında aparılmış araşdırma zamanı tərtib edilmiş aktda 210 ədəd nar kolu üçün hesablanmış 17212,0 manat vəsaitin "X7 üzrə X10"na deyil, "X8" ASC-yə ödənildiyi, habelə həmin yaşıllıqlara dəymiş ziyanın 17212,0 manat deyil, 33600,0 manat təşkil etdiyi qeyd edilmiş və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən Agentliyə daxil olan Təqdimatda "X8" ASC-nin istifadəsində olan torpaq sahəsində layihə altına düşən 210 ədəd nar koluna görə dəymiş ziyanın müəyyən edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 üzrə X10nun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı "X8" ASC-nin hesabına köçürülmüş 17212,0 manat məbləğində pulun geri çəkilməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Bununla bağlı yaşıllıqlara görə dəymiş ziyanın X7 üzrə dövlət fonduna tam ödənilməsinin təmin edilməsi məqsədilə tərəfimizdən zəruri tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinə ünvanlanmış 22 iyun 2022-ci il tarixli ********* məktubla "X8" ASC-yə ödənilmiş 17212,0 manat məbləğində pulun X7 üzrə dövlət fonduna ödəniləcəyi ilə bağlı aidiyyəti məhkəmə instansiyasında iddia qaldırılacağı bildirilmiş və yaşıllıqlara görə dəymiş ümumi ziyanın qalan hissəsinin, yəni 15788,0 manat vəsaitin aidiyyəti üzrə ödənilməsi üçün X7 üzrə dövlət fondunun bank hesabının təqdim olunması xahiş edilmişdir. Bununla bağlı X3 Xidmətindən Agentliyə daxil olmuş 24 iyun 2022-ci il tarixli 17/225 nömrəli məktuba əsasən 15788,0 manat vəsaitin təqdim edilmiş bank hesabına ödənilməsi təmin olunmuşdur. Bundan başqa, həmin yaşıllıqlara görə "X8" ASC-yə ödənilmiş 17212,0 manat məbləğində pulun X7 üzrə dövlət fondunun bank hesabına ödənilməsi üçün həmin ASC-yə 21 iyun 2022-ci il tarixli ********* nömrəli məktub göndərilmiş, lakin "X8" ASC tərəfindən vəsaitin ödənilməsi könüllü təmin olunmamışdır. Sözügedən məsələ ilə bağlı yaşıllıqlara dəymiş zərərin ödənilməsilə bağlı Azərbaycan Avtomobil X6 tərəfindən zəruri tədbirlərin görülməsi nəzərə alaraq, cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğuna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qərar qəbul edilmişdir. Hazırda yaşıllıqlara dəymiş zərərin tam olaraq ödənilməsinin təmin edilməsi məqsədilə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Eyni zamanda qeyd edirik ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planından çıxarışa əsasən qeyd olunan layihə çərçivəsində "X8" ASC-nə məxsus tikinti altına düşən ağac və kol bitkilərinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, torpaq sahəsi cavabdehin istifadəsindədir. İddiaçının nümayəndəsi Nümayəndə ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi ““X8” ASC-nin hesabına köçürülmüş 17212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində pulun tutularaq Azərbaycan Avtomobil X4 hesabına köçürülməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iddianı müdafiə etmişdir. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən torpaq sahəsi “X8” ASC-nin istifadəsində olduğuna görə qeyd olunan məbləğ həmin Cəmiyyətə ödənilməlidir, ona görə də iddia əsassızdır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 210 ədəd ağacın hamısı meyvə ağacı olmamışdır, onlardan 200 ədədi şam ağacı, qalanı isə meyvə ağacları olub. Həmin ağaclar 1991-1992-ci illərdə zavod tərəfindən əkilmişdir, 2006-cı ildən isə zavodun balansına verilmişdir. Şam ağacları satın alınmış, yaşıllıq üçün əkilmişdir. 024/06 nömrəli, 2006-cı il tarixli akdan da görünür ki, həmin ağacların dəyəri müəssisənin balansından 01,03 sətrində ******* manat məbləğin daxilində gedir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd olunmuşdur ki, Azərbaycan Avtomobil X4 əməkdaşları 2020 ci ildə "Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi hissəsinin tikintisi" layihəsi çərçivəsində layihənin Şəmkir rayonu inzibati ərazisindən keçən hissəsində tikintilərə maneə törətdiyinə görə ASC-nin balansında olan çoxillik (30 illik) və diametri 40 sm-dən yuxarı olan 210 ədəd ağacı heç bir məlumat vermədən kəsmişdir. Agentliyə çoxsaylı şikayətimizdən sonra dəymiş ziyanın guya 17272 (on yeddi min iki yüz yetmiş iki) manat təşkil etdiyini bildirmiş və həmin məbləği ödəmişdir.Agentliyin dəymiş ziyanın məbləğinin 17272 manat təşkil etməsi barədə absurd rəqəmi hardan alması çoxmaraqlıdır. Çünki həmin məbləğ nə qüvvədə olan qanunvericiliyə, nə də beynəlxalq normalara əsaslanır. Belə ki, Azərbaycan Respublikasl Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası" nın "Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi ( boy artımınln dayandırılması dərəcəsinədək) vı ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün miqdar" adlı 1 nömrəli əlavəsində tikinti abadlaşdırma məqsədi ilə diametri 40 sm olan bir ağacın qiyməti 800 manat müəyyən edilmişdir. Həmin qaydaya əsasən dəymiş ziyan hesablandıqda məbləğ 160000 manat təşkil edir. Həmçinin, ötən illə ərzində həmin ağacların suvarılması və xidmət göstərilməsi üçün də külli miqdarda xərc çəkilmiş, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akta əsasən bu məbləğ ümumilikdə 501000 manat təşkil edilmişdir. Agentlik qanunvericiliyin tələblərini kobud surətdə pozaraq səlahiyyət hədlərini aşmışdır. Yəni ağacların çıxarılmasını və onların qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi halda, Agentlik bu səlahiyyətləri özü və müstəqil ekspert vasitəsi ilə həyata keçirmişdir. Qeyd edirik ki, kəsilmiş 210 ədəd çox illik və diametri 40 və daha çox olan ağacların ASC-dəki balans qiyməti 501000 (beş yüz bir min) manat təşkil edilmişdir. Beləliklə, Agentliyin qanunsuz və səlahiyyət hədlərini aşaraq etdiyi hərəkətlər nəticəsində ASC-yə 501000 manat miqdarında zərər vurulmuş, lakin həmin məbləğ hazıradək ödənilməyərək kompensasiya edilməmişdir. Qeyd olunur ki, "X8" ASC qanunsuz olaraq kəsilmiş ağaclara görə ödənilmiş 17272 (on yeddi min iki yüz yetmiş iki) manat vəsaitlə razılaşmadığına görə Azərbaycan X1rşı 501.000 (beş yüz bir min) manat kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda iş üzrə məhkəmə baxışı davam edir. Bildiririk ki, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin X12"na uyğun olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin xx.xx.2005-ci il tarixli 201 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin X11 Məmulatı zavodunun bazasında "X8" ASC yaradılmış və səhmləri tam özəlləşdirilmiş, cəmiyyətin emissiya prospektində cəmiyyətin ümumi tikililəri və tikilialtı torpaq sahəsinin ölçüsü haqqında məlumat öz əksini tapmışdır. Qeyd edirik ki, müəssisə özəlləşdirilmədən öncə 1991-2005-ci illər ərzində ərazisində ümumilikdə 270 ədəd çoxillik həmişəyaşıl ağaclar əkilmişdir. ASC-nin səhmdarlarının xx.xx.2006-cı il tarixli Ümumi Yığıncağında müəssisənin ərazisinin və ətraf ərazinin çoxillik həmişəyaşıl ağaclarla abadlaşdırılması ilə bağlı məsələlər müzakirə olunmuş, bununla bağlı işgüzar komissiyanın yaradılması, əkilmiş ağacların isə müəssisənin balansına götürülməsinə dair akt tərtib edilməsi qərara alınmış, müvafiq komissiyanın xx.xx.2006-c il tarixdi aktına əsasən 270 ədəd ağac balansa qəbul edilmiş və onlara daim qulluq olunmuşdur. Azərbaycan Avtomobil X4 əməkdaşları 2020-ci ildə "Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi hissəsinin tikintisi" layihəsi çərçivəsində layihənin Şəmkir rayonu inzibati ərazisindən keçən hissəsində tikintilərə maneə törətdiyinə görə ASC-nin balansında olan çoxillik (30 illik) və diametri 40 sm-dən yuxarı olan 210 ədəd ağacı heç bir məlumat vermədən kəsmişdir. Ağaclar kəsildikdən torpaqda qalmış kökləri video qeydiyyata alınmış və fotoşəkillər də çəkilmişdir (əlavə olunur). Agentliyə çoxsaylı şikayətlərimizdən sonra dəymiş ziyanın güya 17272 (on yeddi min iki yüz yetmiş iki) manat təşkil etdiyini bildirmiş və həmin məbləği ödəmişdir. Agentliyin dəymiş ziyanın məbləğinin 17272 manat təşkil etməsi barədə absurd rəqəmi haradan alması çox maraqlıdır. Çünki həmin məbləğ hesablaması nə qüvvədə olan qanunverciliyə, nə də beynəlxalq normalara əsaslanır. Belə ki, Azərbaycan Respubllkası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nın "Fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması üçün miqdar" adlı 1 nömrəli əlavəsində tikinti abadlaşdırma məqsədilə diametri 40 sm olan bir ağacın qiyməti 800 manat müəyyən edilmişdir. Həmin qaydaya əsasən dəymiş ziyan hesablandıqda məbləğ 160000 manat təşkil edir. Həmçinin, ötən illər ərzində həmin ağacların suvarılması və xidmət göstərilməsi üçün də külli miqdarda xərc çəkilmiş, xx.xx.2020-ci il tarixdə tərtib edilmiş akta əsasən bu məbləğ ümumilikdə 501000 manat təşkil etmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin yanında Apellyasiya Şurasına və Azərbaycan Avtomobil X6nə şikayətlər edilmişdir. Agentliyin xx.xx.2021-ci il tarixi cavab məktubunda göstərilmişdir ki, ASC-yə sahibkarlıq məqsədilə verilmiş torpaq sahəsi üzərində 210 ədəd ağac yolun tikintisi altına düşdüyü müəyyən edilmiş, bununla əlaqədar müstəqil qiymətləndirici tərəfindən 210 ədəd ağaca dəymiş ziyan görə 17212 manat ödənilmişdir. Hesab edirik ki, Agentliyin bütün hərəkətləri qanunsuzdur. Belə ki, Agentlik qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq səlahiyyət hədlərini aşmışdır. Yəni ağacların çıxarılmasını və onların qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi halda, Agentlik bu səlahiyyətləri özü və müstəqil ekspert vasitəsilə həyata keçirmişdir. "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası"nın 1 nömrəli əlavəsində tikinti və abadlaşdırma məqsədilə 36,1-40 sm diametri olan ağacın birinin dəyəri 800 (səkkiz yüz) manat müəyyən edilmişdir. Agentliyin müstəqil qiymətləndirici kimi sifariş verdiyi "xxxx" MMC-dən qiymətin hansı meyarlarla təyin edilməsini müəyyən etmək məqsədilə həmin MMC-dən qiymətləndirmənin nəticlələri haqqında hesabat tələb edilmiş, lakin sözügedən müəssisə xx.xx.2021-ci il tarixi 48 nömrəli cavab məktubunda hesabatın Agentliyə və müvafiq məhkəməyə təqdim edə biləcəyini qeyd etmişdir. Qeyd edirik ki, kəsilmiş 210 ədəd çoxillik və diametri 40 və daha çox olan ağacların ASC-dəki balans qiyməti 501000 (beş yüz bir min) manat təşkil etmişdir. Beləliklə, Agentliyin qanunsuz və səlahiyyət hədlərini aşaraq etdiyi hərəkətlər nəticəsində ASC-yə 501000 manat miqdarında zərər vurulmuş, lakin həmin məbləğ hazıradək ödənilməyərək kompensasiya edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Avtomobil X4 iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli « Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə » Protokoldan görünür ki, "Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi hissəsinin tikintisi" layihəsi çərçivəsində yolun Şəmkir rayonunda tikinti altına düşən maneələrin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar X11 Məmulatları Zavoduna məxsus torpaq sahəsində meyvə ağaclarının alınmanın təsirinə məruz qalması səbəbilə müstəqil qiymətləndirici qismində cəlb olunuş, "xxxx" MMC tərəfindən müəyyən edilən mövcud bazar qiyməti 17212 (on yeddi min iki yüz on iki) manat məbləğində qiymətləndirilmiş və X11 Məmulatları Zavodunun nümayəndəsi qeyd olunan məbləğlə razılaşaraq protokolu imzalamışıdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, “X8” ASC-nin hesabına 17212 (on yeddi min iki yüz on iki) manat məbləğində pul köçürülmüşdür. -işə əlavə edilmiş Azərbaycan Avtomobil X4 “X8” ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən Agentliyə daxil olan Təqdimatda "X8" ASC-nin istifadəsində olan torpaq sahəsində layihə altına düşən 210 ədəd nar koluna görə dəymiş ziyanın müəyyən edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 üzrə X10nun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı "X8" ASC-nin hesabına köçürülmüş 17212 manat məbləğində pulun geri çəkilməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmiş, bu səbəbdən də, yaşıllıqlara görə dəymiş ziyanın X7 üzrə X10na tam ödənilməsinin təmin edilməsi məqsədilə həmin yaşıllıqlara görə "X8" ASC-yə ödənilmiş 17212 manat məbləğində pulun qısa müddətdə geri qaytarılması xahiş edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, "Bakı-Ələt-Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədi" avtomobil yolunun "Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin" tikintisi layihəsi çərçivəsində tikinti altına düşən ağac və kol bitkilərinin kənarlaşdırılması zərurəti yarandığından həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış kadastr planı və müstəqil qiymətləndiricinin hesabatına əsasən dövlət mülkiyyətində olan və "X8" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsinin tikinti altına düşən hissəsində 210 ədəd nar kolunun olması müəyyən edilmiş və həmin nar kollarının götürüləsi ilə bağlı "X8" ASC-yə 17212,0 manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən Agentliyə daxil olan Təqdimatda "X8" ASC-nin istifadəsində olan torpaq sahəsində layihə altına düşən 210 ədəd nar koluna görə dəymiş ziyanın müəyyən edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 üzrə X10nun müvafiq bank hesabına köçürülməsi, bunun üçün həmin yaşıllıqların götürülməsi ilə bağlı "X8" ASC-nin hesabına köçürülmüş 17212,0 manat məbləğində pulun geri çəkilməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Bundan sonra, iddiaçı tərəfindən “X8” ASC-yə ünvanlanmış məktubla qeyd olunan məbləğin qısa müddətdə geri qaytarılması xahiş olunsa da, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1.0.1-ci maddəsinə əsasən yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. -1.0.11-ci maddəsinə əsasən yaşıllıqların bərpa dəyəri - yaşıllıqların salınmasına, becərilməsinə və mühafizəsinə çəkilən xərclər də daxil olmaqla, yaşıllıqların zədələnməsi, məhv edilməsi və götürülməsi (kəsilməsi) zamanı onların dəyərinin müəyyən edilməsi üçün aparılan qiymətləndirmədir. -3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. -13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda. -13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. -13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir. -15.1-ci maddəsinə əsasən Yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -15.4-cü maddəsinə əsasən yaşıllığın götürülməsi ilə əlaqədar torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin götürülən yaşıllığa çəkdiyi xərc yaşıllıqların bərpa dəyəri hesablanarkən nəzərə alınır və həmin vəsait onlara ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”-nın:- -1.1-ci bəndinə əsasən bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. -1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. -2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. -2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda. -4.7-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci, 2.2.2-ci və 2.2.6-cı yarımbəndlərində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hesablanmış, onların bərpa dəyərini təşkil edən vəsaitlər torpaq mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçilərinə ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. Beləliklə müəyyən olunur ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yaşıllıq dedikdə meyvə ağacları nəzərdə tutulmamışdır həmin Qanun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” yaşıllıqlara görə bərpa dəyərinin ödənilməsini tənzimləmişdir. Hazırki iş üzrə cavabdeh “X8” ASC 210 ədəd şam ağacının məhv edildiyini iddia etsə də, işdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, cavabdehə meyvə ağaclarına görə kompensasiya ödənilmişdir və qeyd olunan aktı cavabdehin nümayəndəsi imzalamışdır Digər tərəfdən cavabdeh həmin ağacların “X8” ASC-nin balansında olmaqla dəyərinin 024/06 nömrəli, 2006-cı il tarixli akta əsasən 01,03 sətirdə ******* manat məbləğin daxilində olmasını iddia etsə də, bunu təsdiq edən mörəbər sübutu təqdim etməmişdir. Göründüyü kimi, mövcud qanunvericilikdə dövlət mülkiyyətində olan torpaq sahəsinin istifadəçisinə yalnız yaşıllığın dövlət ehtiyacları üçün alınmasına görə bərpa dəyərinin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh isə yol çəkilişi zamanı istifadəsində olan tərpaq sahəsində məhv edilmiş 210 ədəd ağacın məhz yaşıllıq (şam) ağacları olmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdeh “X8” ASC-yə ödənilmiş 17272 (on yeddi min iki yüz yetmiş iki) manat məbləğində pul Azərbaycan Avtomobil X4 hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “X8” ASC-nin hesabına köçürülmüş 17212,0 (on yeddi min iki yüz on iki) manat məbləğində pul tutularaq Azərbaycan Avtomobil X4 hesabına köçürülsün. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar