Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-701/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “Elçin-93” kiçik müəsissəsinin Cavabdehnə qarşı müqavilənin müddətinin artırılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı «Elçin-93” kiçik müəssisəsinin Cavabdehnə qarşı (üçüncü şəxs X3) icarə müqaviləsinin müddətinin artırılması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh ilə “Elçin-93” kiçik müəssisəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli 142 nömrəli icarə müqaviləsinə əsasən Bakı-Tbilisi magistral yolunun sol tərəfindən, Şəmkir rayonu ilə Gəncə şəhəri ərazisinin sərhəddində Şəmkir rayonunun ərazisinə daxil olan torpaq sahəsindən 50 (əlli) ha örüş sahəsi 15 il müddətinə “Elçin-93” kiçik müəssisəsinə icarə verilmiş, müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir.
2. “Elçin-93” kiçik müəssisəsinin icarə müqaviləsinin müddətinin artırılması ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin orqanın xx.xx.2022-ci il tarixli M-21/4-104/4 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, sözügedən torpaq sahəsi Azərabycan SSR Nazirlər Sovetinin 29 may 1984-cü il tarixli 192 nömrəli qərarına əsasən, Şamxor rayon X1 İcraiyyə Komitəsinin qərarı ilə X2 ayrılmış və torpaq sahəsi liseyin təlim-təsərrüfat fəaliyyəti üçün nəzərdə tutulmuşdur. II. Məhkəmədə icraat
3. İddiaçı “Elçin-93” kiçik müəssisəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixli 142 nömrəli icarə müqaviləsinin müddətinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2004-cü il tarixli 39 nömrəli sərəncamına əsasən Bakı-Tbilisi magistral yolunun sol tərəfindən, Şəmkir rayonu ilə Gəncə şəhəri ərazisinin sərhəddində Şəmkir rayonunun ərasizinə daxil olan torpaq sahəsindən 50 (əlli) ha örüş sahəsi 15 il müddətinə "Elçin-93" kiçik müəssisəsinə icarəyə verilmişdir. Bununla bağlı Cavabdeh ilə aralarında 04 mart 2004-cü il tarixli 142 nömrəli Torpaq icarəsi müqaviləsi bağlanmışdır. Həmçinin, qeyd olunan fakt Torpaqdan müvəqqəti istifadə hüququna dair 10 iyul 2004-cü il tarixli JN-9589 nömrəli şəhadətnamə ilə təsdiq olunmuşdur. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, 04 mart 2004-cü il tarixli 142 nömrəli Torpaq icarəsi müqaviləsinin 5.1-ci maddəsinə əsasən icarəçi icarə müqaviləsinin müddətinin uzadılması üçün "icarəyəverən"ə təklif etmək hüququ vardır. Bu səbəbdən tərəflərindən dəfələrlə Cavabdehnə icarə müqaviləsinin uzadılması ilə bağlı müraciət olunmuşdur. Lakin buna baxmayaraq, həmin orqan tərəfindən onlara heç bir cavab verilməmişdir. Aşağıda qeyd olunan hüquq normalarına əsasən, hesab edirlər ki, tərəflərindən Cavabdehnə icarə müqaviləsinin müddətinin uzadılması barədə təqdim olunmuş ərizə qanun normalarına tam şəkildə uyğundur. Buna görə də, hazırda icarə müqaviləsinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul olunması zərurəti yaranmışdır. III.Prosessual məsələlər
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
6. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, Cavabdeh ilə bağlanılmış xx.xx.2004-cü il tarixli 142 nömrəli icarə müqaviləsinin müddəti bitdiyindən müqavilənin müddətinin artırılması tələbinə baxılmasının mümkün olmadığı, digər tərəfdən, müqavilənin müddətinin artırılması tələbinin inzibati məhkəmə icraatının predmeti olmadığı, “Torpaq icarəsi haqqında” AR Qanununun tələblərinə uyğun olaraq iddia tələbinin “icarə müqaviləsinin bağlanmasına dair inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qeyd edilməli olması və həmin tələblə eyni məzmunlu ərizə ilə cavabdeh orqana müraciət etməsi təklif olunmuşdur. Bununla əlaqədar qeyd edilən xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər.
8. Məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
9. Cavabdehin və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:
10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
12. İddia tələbində Cavabdeh ilə “Elçin-93” kiçik müəssisəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli 142 nömrəli icarə müqaviləsinin müddətinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, Cavabdeh ilə bağlanılmış xx.xx.2004-cü il tarixli 142 nömrəli icarə müqaviləsinin müddəti bitdiyindən müqavilənin müddətinin artırılması tələbinə baxılmasının mümkün olmadığı, digər tərəfdən, müqavilənin müddətinin artırılması tələbinin inzibati məhkəmə icraatının predmeti olmadığı “Torpaq icarəsi haqqında” AR Qanununun tələblərinə uyğun olaraq iddia tələbinin “icarə müqaviləsinin bağlanmasına dair inzibati akt qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qeyd edilməli olması bildirilmiş və həmin tələblə eyni məzmunlu ərizə ilə cavabdeh orqana müraciət etməsi təklif olunmuşdur. Bununla əlaqədar qeyd edilən xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
14. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları və çatışmazlıqları aradan qaldırmamışdır.
15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən və iddiaçı hazırkı tələb inzibati mübahisənin predmeti olmayan tələb olduğundan iddia mümkün sayılmamalıdır.
16. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva