Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-701/2025 13.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri Nizami bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə qarşı xx.xx.2023-cü il tarixli 15/59 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə şəhər Nizami bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 15/59 nömrəli qərarından (iclas protokolundan çıxarışdan) görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 373,82 manat vergi borcunun tutulması qərara alınmışdır.
2. Həmin qərar Gəncə şəhər Nizami bələdiyyəsi tərəfindən poçt rabitəsi vasitəsilə İddiaçı xx.xx.2024-cü il tarixdə göndərilmiş və oğlu “Məhəmməd Yolçuyev” adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir (SX01989195AZ nömrəli poçt xəbərnaməsi). II. Məhkəmədə icraat
3. İddiaçı cavabdeh Gəncə şəhəri Nizami bələdiyyəsinə qarşı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 373,82 manat vergi borcunun Gəncə şəhəri Nizami bələdiyyəsinə ödənillməsi barədə xx.xx.2023-cü il tarixli 15/59 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15/59 saylı qərara əsasən ondan ünvan 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə dair ödənilməmiş əmlak və torpaq vergisi borcunun ödənilmədiyinə görə 373.82 manat vergi borcu tutularaq Gəncə şəhər Nizami Bələdiyyəsinin büdcəsinə ödanilməsi qərara alınmışdır. Əsas isə qeyd olunan əmlaklar və torpaq sahəsi ona məxsusdur. Halbuki qeyd olunan əmlakların ona məxsus olması barədə hər-hansı bir sübut bələdiyyə tərəfindən təqdim olunmamış, qanunsuz olaraq ona vergi borcu hesablanmışdır. Belə ki, Gəncə şəhər Nizami bələdiyyəsi qərarında qeyd etmişdir ki, guya bələdiyyə tərəfindən ona borcun ödənilməsi barədə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Bundan başqa bələdiyyənin tərtib etdiyi 15 saylı protokol barədə onun heç bir məlumatı olmamış, bununla da ona 373.82 manat vergi borcu hesablanmışdır. Eyni zamannda qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan bundan sonra (bələdiyyə) inzibati icraat aparakən “İnzibati icraat haqqında” Qanunun müvafiq tələblərini pozaraq onun iştirakını təmin etməmişdir. Nəticə etibarilə onun hüquqlarını pozmuşdur. Bundan başqa qəbul edilmiş inzibati akt (qərar) tam olaraq qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, qərarın əsaslandırma hissəsində borcun hansı formada hesablanması qeyri-müəyyəndir. Daha sonra bələdiyyə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 200.1-ci maddəsini əsas tutaraq qeyd edir ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Lakin qeyd olunan əmlak onun xüsusi mülkiyyətində olmamaqla yanaşı Dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin əmlaka dair hər-hansı mülkiyyət və istifadə hüququna dair sənəd olmamış və bununla da qanunsuz olaraq ona vergi borcu hesablanmışdır.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər
6. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 15/59 nömrəli qərarını mübahisələndirmişdir. Məhkəmənin hazırlıq iclasında məlum olmuşdur ki, qanunla müəyyən olunmuş prosessual müddəti ötürmüşdür. Müddətin ötürülməsinin səbəbi isə səhhətində olan nasazlıqlar olmuşdur.
7. İşin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
9. Cavabdehin nümayəndəsi X2 müddətin bərpasına dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
10. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
14. İşin müəyyən edilmiş hallarına görə, Gəncə şəhər Nizami bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 15/59 nömrəli qərarından (iclas protokolundan çıxarışdan) görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə görə ödənilməmiş 373,82 manat vergi borcunun tutulması qərara alınmışdır.
15. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək, bu barədə xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır.
16. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
18. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
19. "İnzibati icraat haqqında" Qanuna görə: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.
20. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.2-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.
21. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
22. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, mübahisələndirilən qərar Gəncə şəhər Nizami bələdiyyəsi tərəfindən poçt rabitəsi vasitəsilə İddiaçı xx.xx.2024-cü il tarixdə göndərilmiş və oğlu “Məhəmməd Yolçuyev” adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir (SX01989195AZ nömrəli poçt xəbərnaməsi).
23. İddiaçı müddəti ötürdüyünə görə əvvəlki məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim etsə də, lakin müddətin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.
24. İddiaçının təqdim etdiyi tibbi sənədlər isə 2024-cü ilin yanvar və aprel aylarına aid olmaqla, məhz iddiaçının qərarı aldıqdan sonra iddia qaldırdığı dövrə təsadüf etmir. Yəni, ötürülmüş müddətdə iddiaçının xəstə olmasına dair hər hansı sənəd təqdim edilməmişdir.
25. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı məhz ötürülmüş dövrdə də xəstə olduğunu və bu barədə tibbi sənədlərinin mövcud olduğunu bildirdiyi üçün iclas təxirə salınaraq, həmin sənədlərin təqdim edilməsi üçün imkan yaradılsa da, iddiaçı məhkəmə iclasına gəlməmiş və həmin sənədləri təqdim etməyə, bir sözlə müddətin ötürülməsinin üzrlü səbəblərini sübuta yetirməyə cəhd göstərməmişdir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
27. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
28. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
29. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
30. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
32. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
33. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.
34. Buna görə də, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddiası mümkün sayılmamalıdır
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva