Məhkəmə qərarları › İş №2-1(114)-7013/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-7013/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-7013/2025 27.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkünlük statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə aidiyyət məsələsinin mübahisələndirilməsinə dair Giriş hissəsi: Gəncə İnzibati Məhkəməsinin hakimi Nurəli Hüseynov, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkünlük statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə aidiyyət məsələsinin mübahisələndirilməsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X2 məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-7268/2025 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3-36-3/2- 414/2026 nömrəli məktuba əsasən, Nəcəfova X1 məcburi köçkünlərin vahid elektron bazasında Ağdam rayonundan məcburi köçkün kimi ünvan 2 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmışdır. Komitə tərəfindən ona məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir.

Əsaslandırma hissəsi:

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.

5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi. Maddə 10. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 43. İnzibati məhkəmənin təşkili İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.

7. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı

17. Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: 17.1. Abşeron rayonu.

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia - öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2ci maddəsinin tələbinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilən müddəalarla müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

9. Məhkəmə sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 3-36-3/2- 414/2026 nömrəli məktuba əsasən, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla ünvan 2 ünvanında müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşdığı qeyd edilmişdir.

10. Cavabdeh orqan tərəfindən məcburi köçkünlərə münasibətdə müvəqqəti məskunlaşma yeri üzrə müvafiq qeydiyyat həyata keçirilir. iddiaçı Ağdam rayonunda qeydiyyatda olsa da, Ağdam rayonundan məcburi köçkün olmaqla hazırda, yuxarıda da qeyd edildiyi kimi, ünvan 2 ünvanında yaşayır.

11. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi isə birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır.

12. Məhkəmə hesab edir ki, hazırkı işin ərazi aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin tələbi nəzərə alınmaqla hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə edilən şəxsin olduğu yerə görə müəyyən edilməlidir.

13. Odur ki, Belə olan halda şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədi ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə məqsədi ilə hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır.

14. Qeyd edilənləri nəzərə alaraq məhkəmə işi müvafiq qərardadla aidiyyəti üzrə baxılması üçün göndərmiş Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə aidiyyətinin həlli üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.

15. Şərh olunan xüsusatlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

Nəticəvi hissə:

16. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 8.1.2, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkünlük statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(114)- 7013/2025 nömrəli inzibati iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar