Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-703/2024 12.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Ermənistan SSRİ Vardenis rayon Göysu kənd ora məktəbində və xx.xx.1983cü il tarixdən xx.xx.1988-ci ilədək Ermənistan SSRİ Vardenis rayon Bahar kənd orta məktəbində müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.1989-cu il tarixli əmək kitabçasında onun 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987- 1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, 1988-1989-cu dərs ilində Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində noyabr ayının sonunadək müəllim işlədiyi qeyd edilmişdir. Qeydlərin qarşısında Vardenis rayon xalq maarif şöbəsinin müdirinin adı yazılsa da, imzalanmamış və möhürlə təsdiq edilməmişdir.
2. Vardenis rayon Xalq Təhsil şöbəsinin xx.xx.1983-cü il tarixli 3866 nömrəli əmrindən çıxarışa əsasən öz ərizəsinə əsasən İddiaçı cari ilin sentyabr ayının 1-dən Göysu kənd orta məktəbindən Bahar kənd orta məktəbinə yerləşdirilmişdir.
3. Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1983-cü il tarixli arayışında İddiaçı 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1984-cü il tarixli arayışında onun 1983-1984-cü illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1985-cü il tarixli arayışında onun 1984-1985-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1986-ci il tarixli arayışında onun 1985-1986-cı illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1987-ci il tarixli arayışında onun 1986-1987-cı illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1988-ci il tarixli arayışında onun 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi göstərilmişdir.
4. Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1988-ci il tarixli 185 nömrəli yoxlama aktında (arayışında) göstərilmişdir ki, İddiaçı 1988-1989-cu dərs ilində Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işləməklə, 1988-ci ilin noyabr ayının sonunadək (sentyabr, oktyabr, noyabr ayları üzrə 238 manat) əməkhaqqı almışdır.
5. İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.
6. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3- 17-1/1-S-1686/2023 saylı qərarla müəyyən edilir ki, İddiaçı müraciəti əsasında xx.xx.2023cü il tarixdə onun xx.xx.2006-cı il tarixədək 25 il 0 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən 16 il 3 ay sığorta stajına uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və aylıq pensiya məbləği dəyişməmişdir. Həmin qərarda “Əmək kitabçasında qeyd edilmiş sığorta stajı möhürlə təsdiq edilmədiyindən həmin illər staj kimi qəbul edilməmişdirş” qeydi göstərilmişdir.
7. İddiaçı onun 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinin tələblərinə əsasən ona xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 440,40 manata çatdırılmışdır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 34.627,68 manat, xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 377,32 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (440,24 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 21 il 2 ay 25 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (şahidçilik əsasında qeyd edildiyi üçün) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eyni zamanda bildirilir ki, sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) X1 təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxlacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2- 299819/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı həmin tarixdə ilkin yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1974-cü il tarixdən xx.xx.1980-ci il tarixədək kolxozda işlədiyi dövr (2 il 3 ay) onun sığorta stajına daxil edilmişdir. Vətəndaşın əmək pensiyası xx.xx.2023-cü il tarixində ümumi əsaslara görə yenidən hesablanmışdır. Onun sosial sığorta stajına xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1989-cu il tarixdən xx.xx.2006cı il tarixədək əmək fəaliyyəti dövrü və kolxoz stajı dövrü daxil edilmişdir.
9. Məhkəmənin sorğusuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/2-410/2024 nömrəli nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1981-ci i tarixdən xx.xx.1983-cü il tarixədək Ermənistan SSR Vardenis rayonu Göysu kənd orta məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində müəllim işləməsini təsdiq edən hər hansı sənəd Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində mövcud deyildir. İddiaçı xx.xx.1989-cu il tarixli 137 nömrəli əmrlə Gəncə şəhəri 7 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmiş, çalışmanın yaş həddinə çatdığı üçün məktəbin xx.xx.2022-ci il tarixli 288 nömrəli əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişllərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Ermənistan Respublikası Vardenis rayonu Xırda Mərzə sovetliyi Kəsəmən kəndi “Qırmızı Oktyabr” kolxozunda işlədiyi xx.xx.1974-xx.xx.1975-ci illərin, xx.xx.1978xx.xx.1980-ci illərin, Ermənistan SSRİ Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi 1981-1983-cü illərin, Ermənistan SSRİ Vardenis rayon Bahar kənd orda məktəbində sinif müəllimi işlədiyi 1983-1989-cu illərin onun sığorta stajına hesablanması və həmin illər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə ermənistan respublikasının vardenis rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1974-cü ilin dekabr ayından başlamışdır. Belə ki, o, 30 dekabr 1974-cü il tarixdə vardenis rayonu Xırda Məzrə sovetliyinin Kəsəmən kəndində "Qırmızı Oktyabr" kolxozunda kolxozçu kimi işə başlamışdır. Kolxozda işlər mövsümü olduğu üçün o 1975-ci ilin may ayında kolxozdan çıxmışdır. 1975-ci ilin noyabr ayında həqiqi hərbi xidmətə çağırılmış, 1977-ci ilin dekabr ayınadək xidmətdə olmuşdur. 1978-ci ilin may ayında o, yenidən Qırmızı Oktyabr kolxozuna işə girmiş və o vaxtki X4 İnstitutuna daxil olmuşdur. İnstitutda qiyabi oxuduğu üçün kolxozda iləməyə davam etmiş və 1980-ci ilin noyabr ayınadək həmin kolxozda işləmişdir. 1981-1982-ci tədris ilindən etibarən o, emənistan SSR vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi kimi fəaliyyətə başlamışdır. O, 1982-1983-cü dərs ilində yenə Göysu kənd məktəbində işləmişdir. 1983-1984-cü dərs ilində isə Bahar kənd orta məktəbinə dəyişilərək, 1988-ci ilin dekabr ayında qaçqın düşənədək həmin məktəbdə işləmişdir. Azərbaycana gəldikdən sonra 1989-cu ilin sentyabr ayında Gəncə şəhəri 7 saylı orta məktəbdə fəaliyyətə başlamış və 65 yaşı tamam olduğuna görə əmək pensiyasına çıxmışdır. Lakin əmək pensiyası hesablanarkən onun ermənistan Respublikasında işlədiyi illər sığorta stajıma hesablanmamışdır. Bununla bağlı o, DSMF X1 müraciət etmişdir. Onun müraciətinə baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin illərin onun sığorta stajına hesablanmasından imtina etmişdir. O, cavabdehin imtinasl ilə razı deyil. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. İddiaçı xx.xx.2024-cü il tarixli iclas zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Ermənistan SSRİ Vardenis rayon Göysu kənd ora məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci ilədək Ermənistan SSRİ Vardenis rayon Bahar kənd orta məktəbində müəllim işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, məlum hadisələrə əlaqədar ailəsi ilə birlikdə 1988-ci ilin noyabr ayının 30-da Ermənistan SSR-dən qaçqın düşmüşdür. Onun 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işləməsi barədə əmək kitabçasındakı qeydlər sonradan yazılsa da, həmin dövrdə həqiqətən işləməsi Vardenis rayon xalq maarif şöbəsinin arayışları ilə təsdiq olunur. Həmin dövrdə müəllimlərin şəxsi işləri işlədikləri məktəblərdə saxlanılırdı və hər tədris ili başa çatdıqda xalq maarif şöbəsinin bu barədə olan arayışı şəxsi işə əlavə edilirdi. İşlədiyi məktəblərin direktorları qaçqın düşən zaman müəllimlərin şəxsi işlərini özləri ilə götürməyə müvəffəq olub, hər müəllimə dair arayışı onların özlərinə vermişdir. Həmin vaxtdan etibarən də arayışlar onun özündə olmuşdur.
25. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 8).
26. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirilən dövr üzrə əmək kitabçasında qeydlər olsa da, həmin qeydlər imzalanmayaraq, möhürlə təsdiq edilmədiyindən həmin dövrlərin qəbul edilməsi mümkün olmamışdır. Vardenis rayon xalq maarif şöbəsinin arayışlarının nəzərə alınmamasının səbəbi isə, həmin dövrün araşdırılmasının və arayışların həqiqiliyin müəyyən edilməsinin mümkün olmaması olmuşdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Vardenis rayon xalq maarif şöbəsinin arayışları; - Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1988-ci il tarixli 185 nömrəli yoxlama aktı; - Vardenis rayon Xalq Təhsil şöbəsinin xx.xx.1983-cü il tarixli 3866 nömrəli əmrindən çıxarış; - xx.xx.1989-cu il tarixli əmək kitabçası; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2- 299819/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/2-410/2024 nömrəli nömrəli cavab məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, bu zaman onun xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Ermənistan SSRİ Vardenis rayon Göysu kənd ora məktəbində və xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci ilədək Ermənistan SSRİ Vardenis rayon Bahar kənd orta məktəbində müəllim işlədiyi illər pensiya hüququ verən sosial sığorta daxil edilməmişdir.
31. İddiaçı həmin dövrün sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək kitabçasının doldurulma qaydasının pozulması (şahidçilik əsasında qeyd edildiyi üçün) səbəbindən həmin dövrün sığorta stajına daxil edilməsindən və yaşa görə əmək pensiyasının yenidın hesablanmasından imtina etmişdir.
32. İddiaçının əmək kitabçasında onun 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi, 1983- 1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, 1988-1989-cu dərs ilində Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində noyabr ayının sonunadək müəllim işlədiyi qeyd edilərək, qeydlərin qarşısında Vardenis rayon xalq maarif şöbəsinin müdirinin adı yazılsa da, imzalanmamış və möhürlə təsdiq edilməmişdir.
33. Ona görə də məhkəmə cavabdeh inzibati orqanın iddiaçının mübhisələndirilən dövr üzrə sosial sığorta stajını təsdiq edən sənəd qismində əmək kitabçasını mötəbər sübut kimi qəbul etməməsini haqlı saysa da, bununla yanaşı onu da qeyd edir ki, Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1983-cü il tarixli arayışında İddiaçı 1982-1983cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1984-cü il tarixli arayışında onun 1983-1984-cü illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1985-cü il tarixli arayışında onun 1984-1985-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1986-ci il tarixli arayışında onun 1985-1986-cı illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1987-ci il tarixli arayışında onun 1986-1987-cı illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi, xx.xx.1988-ci il tarixli arayışında onun 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi göstərilmişdir.
34. Vardenis rayon xalq maarif şöbəsinin xx.xx.1988-ci il tarixli 185 nömrəli yoxlama aktında (arayışında) göstərilmişdir ki, İddiaçı 1988-1989-cu dərs ilində Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işləməklə, 1988-ci ilin noyabr ayının sonunadək (sentyabr, oktyabr, noyabr ayları üzrə 238 manat) əməkhaqqı almışdır.
35. Göründüyü kimi, iddiaçının 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi dövlər Vardenis rayon xalq maarif şöbəsinin yuxarıda qeyd edilən arayışlarında öz təsdiqini tapmışdır.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən...
37. İddiaçının hazırda mübahisə predmeti olan iş illəri onun Ermənistan Respublikasından qaçqın düşdüyü 1988-ci il tarixədək olan dövrə təsadüf etdiyindən, onun həmin illərdə işləməsini təsdiq edən digər sübutların mövcudluğunu araşdırmaq mümkün olmamışdır. Bu hal isə sosial təminat hüququnun subyekti olan iddiaçının pensiya almaq hüququnun məhdudlaşdırılması üçün əsas hesab oluna bilməz.
38. Məhkəmə iddianı təmin edərkən o halı da nəzərə alır ki, iddiaçının 1983-1984cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işləməsi barədə Vardenis rayon xalq maarif şöbəsinin arayışları mövcud olduğuna görə, həmin dövrlərdə iddiaçının işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yolu ilə öz hüquqi marağına çatmayacaq.
39. Bununla da, məhkəmə hesab edir ki, iddiaçının 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi işlədiyi, 1983-1984-cü, 1984-1985-ci, 1985-1986-cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi dövr Vardenis rayon xalq maarif şöbəsinin arayışlarında öz təsdiqini tapdığından, o, həmin dövrün sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. İddiaçı 1981-1982-ci və 1982-1983-cü illərdə Ermənistan SSR Vardenis rayonu Göysu kənd 8 illik məktəbində sinif müəllimi və 1983-1984-cü, 1984-1985-ci, 1985-1986cı, 1986-1987-ci, 1987-1988-ci illərdə Ermənistan SSR Vardenis rayonu Bahar kənd orta məktəbində sinif müəllimi işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva