Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-704/2022 05.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmişdir. xx.xx.1998-ci ildən 2-ci qrup müddətsiz müharibə əlillidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 1998-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayınadək əmək pensiyası almışdır. xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Cavabdeh tərəfindən 2021-ci ili avqust ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Ona görə də xx.xx.2006-cı ildən xx.xx.2021-ci il tarixədək ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 12 iyul 2021ci il tarixli MN-15034 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (“ƏРQ”) 20.16.1-ci maddəsinə əsasən İddiaçıya Filial tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (627.85 manat) 80 faizi — 502.28 manat məbləğində əmək pensiyası təyin edilmiş və müraciət edilən xx.xx.2021-ci il tarixindən keçmiş 3 (üç) il müddət üçün yenidən hesablanmışdır. Qanunvericilikdə də keçmiş dövr üzrə alınmamış əmək pensiyasının məbləği ən çoxu 3 il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmulmuşdur. Bu səbəbdən də, iddia rədd edilməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 9/2-4270 nömrəli arxiv arayışından görünür ki, iddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 10 №-li əmrilə X2 İ batalyonun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 05 №-li əmrilə Tank əleyhinə divizionunun siyahısında qeyd edilərək, bütün təminat növlərinə yazılmaqla Avtomobil təmiri manqasında “baş-mexanikakumulyatorçu” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 211 №-li əmrilə xx.xx.1992-ci il tarixdən 2-ci batalyondan PDM bölüyünün tərkibinə keçirilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 95 №-li əmrilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdərə bölgəsinə ezamiyyətə getmiş hesab edilmişdir. «Hərbi xidmət haqqında» Qanunun 18-ci maddəsinin “V” bəndinə əsasən, Müdafiə nazirinin 1987-ci il tarixli əmrinin 1-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə hərbi xidmətə qismən yararlı olduğuna görə N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 144 №-li əmrilə xx.xx.1995-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Qazax RHK-na göndərilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 nömrəli zona TSEK-nin 039497 nömrəli arayışından görünür ki, iddiaçıya «Azərbaycan Respublikasının müdafiəsi zamanı travma almışdır» səbəbilə ömürlük ikinci qrup əlillik təyin edilmişdir. Əsas: 502 saylı, xx.xx.1998-ci il tarixli müayinə aktı. -surəti işə əlavə edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi zamanı səbəbilə İİ dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, MN-15034 nömrəli məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “v” bəndi (xəstəliyə görə) təxris olunmuşdur. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.1998-ci il tarixdən ümumi əsaslarla ömürlük ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmişdir. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-15034 nömrəli məlumat vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək ona 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən 2021-ci ilin avqust ayında təminat xərcliyinin (627.85 manat) 80 faizi - 502.28 manat məbləğində əlilliyə görə əmək pensiyası müəyyən edilməklə ödənilməyə başlanılmışdır. İddiaçının müraciəti əsasında ona ümumi əsasla əlilliyə görə aldığı pensiya ilə hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərq (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) cavabdeh tərəfindən hesablanaraq ödənilmişdir. İddiaçı hazırda xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. -20.1.12-ci maddəsinə əsasən bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.16.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə— 80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—55 faizi müəyyən edilir. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya), -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:- -49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüqunun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əsaslarla 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumi əsaslarla 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.2018-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-704/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-704/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver