Məhkəmə qərarları › İş №2-1(114)-704/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-704/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-704/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən 2.3995 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış, torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı torpağın icarə müqaviləsi əsasında 3 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və iddiaçı həmin torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. Eləcə də, həmin torpaq sahəsinin münbitliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün öz vəsaiti hesabına müəyyən işlər görmüş, habelə torpağın suvarılması üçün su xətti çəkdirmişdir. Həmin işlərin görülməsinə ümumilikdə 26500 manat vəsait sərf etmişdir. Lakin, müqavilənin müddəti bitdikdən sonra Şəmkir rayonu X6 müqavilənin müddətini uzatmaqdan imtina etmişdir. Onun həmin torpaq sahəsində gördüyü abadlıq işləri, onun tərəfindən quraşdırılmış qurğular torpaq sahəsinin dəyərinin əhəmiyyətli dərəcədə artmasına, tam münbitləşməsinə səbəb olmuşdur. Ona görə də o, məhkəmədə Şəmkir rayonu X1rşı pul tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsindən 26500 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin, borclu Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsi 2(076)-626 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icra etmədiyindən Şəmkir Rayon Məhkəməsinin 8(076)-392/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Şəmkir rayonu X3 adına olub Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. O, 2.3995 ha torpaq sahəsini "xxxx" MMC-nin təşkil etdiyi hərracda 07 fevral 2023-cü il tarixdə satın almışdır. Bununla bağlı X8 barədə 40/23 saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Torpaq sahəsi onun tərəfindən satın alındıqdan sonra Şəmkir Rayon Məhkəməsinin 8(076)-129/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadı ilə həmin torpaq sahəsi həbsdən azad edilmişdir. İddiaçı torpaq sahəsini satın aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da, həmin idarə tərəfindən torpaq sahəsinin ona hərac vasitəsilə satıdıqdan sonra notarial qaydada ǝqd bağlanmalı olduğu, həmçinin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğundan yalnız icarəyə verilməsinin mümkün olduğu qeyd edilərək, 07 avqust 2023-cü il tarixdə imtina edilmişdir. Halbuki, iddiaçı torpaq sahəsini tam qanuni əsaslarla açıq Hərrac vasitəsilə satın almışdır. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən JN-2926 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə"-də qeyd olunan xx.xx.2003-cü il tarixli Dəllər- Daşbulaq bələdiyyəsinin qərarına və xx.xx.2003-cü il tarixli 06 saylı İcarə müqaviləsinə əsasən vətəndaşa 50 il müddətinə icarəyə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-626/2018 nömrəli qərarına və "X8 barədə xx.xx.2023-cü il tarixli, 40/23 nömrəli protokol" sənədinə əsasən 2.3995 ha torpaq sahəsi Dəllər Daşbulaq kənd bələdiyyəsinin vətəndaşa olan borcunun əvəzinə mülkiyyətinə verilmişdir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edildikdən sonra, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 14 fevral 2014-cü il tarixli, 907 nömrəli qərarına əsasən notarial qaydada əqd bağlanılmalıdır. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hərrac vasitəsi ilə mülkiyyətə yox, icarəyə verilə bilər. Həmçinin müayinə nəticəsində aşkar olunmuşdur ki, torpaq sahəsində başqa şəxs tərəfindən bağ salınaraq istifadə olunur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosesual Məcəlləsinin 62.3 maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş « Torpaqdan müvəqqəti istifadə hüququna dair » JN-2926 KOD 50405028 nömrəli Şəhadətnamədən görünür ki, Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına və xx.xx.2003-cü il tarixli 06 saylı İcarə müqaviləsinə əsasən Şəmkir rayonu Daşbulaq Bələdiyyəsinin torpaq sahəsindən müvafiq ölçüdə torpaq sahəsi kənd təsərrüfatının inkişafı üçün 50 il müddətinə müvəqqəti istifadə üçün İddiaçı verilmişdir. -surəti işə əlavə edilmiş "xxxx" MMC-nin “X8 barədə” 40/23 nömrəli protokolundan görünür ki, ilkin satış dəyəri 7.200 (yeddi min iki yüz) manat məbləğində müəyyənləşdirilən, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı, 2.3995 ha torpaq sahəsi üzrə keçirilən hərracın qalibi İddiaçı olmuşdur. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 3-21-3-40/2-4350/2023 nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən 2.3995 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayonu, Dəllər- Daşbulaq kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 2.3995 ha torpaq sahəsi üzrə keçirilən hərracın qalibi iddiaçı olmuş, bundan sonra iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması, bu səbəbdən də həmin sahənin yalnız icarəyə verilməsinin mümkün olması göstərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin – -2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. -5.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. -5.2. maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -9.2. maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. -10.1 maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativhüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. -10.4. maddəsinə əsasən torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. -12.1 maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. -13.1 maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.3. maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. İstinad olunan normaların tələbindən də göründüyü kimi, torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir və bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün istifadəyə və icarəyə verilə bilər. Məhkəmə araşdırması nəticəsində də müəyyən edilmişdir ki, sözügedən sahə kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, hərrac vasitəsi ilə iddiaçıya satılmışdır. Mövcud qanunvericilik normalarında hərracın nəticələrinə dair protokolun mülkiyyət hüquqlarının qeydiyyatı üçün hüquqverici sənəd hesab edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin borcun ödəniş üsulu kimi hərraca çıxarılması öz-özlüyündə qanunsuz olduğundan hazırki halda qeyd olunan protokol mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi zəmin yarada bilməz. Qeyd olunan hal isə hazırki iddianın əsassız olduğunu deməyə əsas verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar