Məhkəmə qərarları › İş №2-1(114)-705/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-705/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-705/2024 04.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə iddiaçıya məxsus torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1959-cu ildə Samux rayonun Qabağlılar kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən sahəsi 0,04 ha torpaq sahəsinə dair Gəncə şəhəri “Farforist” BYB-nin xx.xx.1988-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarış, Gəncə şəhəri, Gəc zavoduun “Farforist” BYB-yi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 714 saylı arayış, Kirovabad şəhəri, XDS İK-nin xx.xx.1998-ci il tarixli, 11 nömrəli protokolundan çıxarışa əasən, X7 adına xx.xx.2009-cu il tarixli, **********76 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış verilmiş, xx.xx.2009-cu il tarixdə AA004373 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Torpaq sahəsinin koordinatları və döngə nöqtəsi qeyd olunmuşdur: Döngə Koordinatları Döngə nöqtələri arasındakı məsafə nöqtəsi X Y Nöqtələr Məsafə (metrlə) 1 611658.05 4507204.58 4-1 15,97 2 611680.86 4507194.46 1-2 24,95 3 611.674.40 4507179.86 2-3 15,96 4 611651.58 4507189.97 3-4 24,95 xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanmış AN-İ ******* nömrəli (4Ə-431 reyestr nömrəli) daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı 0.04 ha torpaq sahəsini X1 almışdır. Həmin müqavilə əsasında Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqları olan 0,04 ha torpaq sahəsi – **********86 reyestr nömrəli daşınmaz üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsinə texniki pasportun verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmiş, iddiaçının ərizəsi xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İnzibati icraat zamanı xx.xx.2023-cü il tarixdə tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşir, təyinatı həyətyanı, faktiki istifadədədir. Hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü – 0,04 ha, faktiki – 0,0396 ha-dır. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə koordinatları arasında 510 metr məsafədə fərq var. Faktiki torpaq sahəsi üzrə : Döngə Koordinatları nöqtəsi X Y 0 611201,427 4507366,342 1 611194,050 4507352,328 2 611171,304 4507365,010 3 611179,366 4507378,422 Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-9013/2023 nömrəli məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Sevinc qəsəbəsində yerləşən 0,04 torpaq sahəsinə xx.xx.2023-cü il tarixli ********** saylı çıxarış üzrə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə ona məxsus torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizənin təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-10311/2023 nömrəli etirazında bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçıya məxsus 0,04 ha torpaq sahəsinin sənəd üzrə olduğu yerdən faktiki olaraq 510 metr kənar məsafədə yerləşdiyi, yəni torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Cavabdeh etirazında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9,23,2,11-ci maddələrinə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-705/2024 nömrəli qərardadı ilə Gəncə şəhəri Kəpəz rayonu Kəpəz bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Üçüncü şəxs məhkəmə iclaslarında nümayəndəsinin iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Yerquruluşunun Təşkili şöbəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunur: İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi, "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********76 reyestr nömrəli xx.xx.2009-cu il tarixdə tərtib edilmiş AA-004373 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının faktiki torpaq sahəsi ilə **********76 reyestr nömrəli xx.xx.2009-cu il tarixdə tərtib edilmiş AA-004373 nömrəli torpaq sahəsi arasında 510.0 metr məsafə olduğu müəyyənləşdi. Əlavə olaraq, **********76 reyestr nömrəli xx.xx.2009-cu il tarixdə tərtib edilmiş AA-004373 nömrəli torpaq sahəsinin bir hissəsi ərazidə mövcud olan yol ilə, bir hissəsi isə digər şəxslərin faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evi, "Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən **********76 reyestr nömrəli xx.xx.2009-cu il tarixdə tərtib edilmiş AA-004373 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsində yerləşmir. İddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 396.0 kv.m torpaq sahəsi mövcuddur. İddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 396.0 kv.m torpaq sahəsinin, elektron kadastr baza materiallarına istinadən, hər hansı digər şəxsin qanuni mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı. Rəy hazırlanarkən, naturada təqdim olunan faktiki istifadə sahəsinə, xx.xx.2009-cu il tarixdə tərtib edilmiş AA seriyalı 004373 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə və elektron kadastr bazası materiallarına istinad olunmuşdur. xx.xx.2024-cü il tarixdəki məhkəmə iclasında iştirak etmiş mütəxəssis X2 edənin suallarına cavab olaraq bildirmişdir ki, təqdimedilmiş ortofotoda qırmızı rənglə işarələnmiş sənəd üzrə, yaşıl rənglə işarələnmiş iddiaçının faktiki istifadə etdiyi sahədir. İddiaçının evi faktiki istifadə etdiyi torpaq sahəsində yerləşir. Torpaq sahəsinə dair ilkin plan və ölçü sənədində koordinatlar düzgün işlənilməmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hazırki işdə iddiaçı ona xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə məxsus olan torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan və ölçü sənədinin hazırlanıb verilməsini tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə istinad olunmalıdır. Həmin Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»n 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, bu barədə reyestrdən çıxarışın və «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi mütləqdir. İş materialları müəyyən olunur ki, ilkin mülkiyyətçinin adına xx.xx.2009-cu il tarixdə tərtib edilmiş AA004373 nömrəli torpaq sahəsinin planı və ölçüsündə əks olunan torpaq sahəsinin bir hissəsinin ərazidə mövcud olan yol ilə, bir hissəsi isə digər şəxslərin faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşdüyü mütəxəssis rəyi müəyyən olunmuşdur. Həmçinin, mütəxəssis məhkəmə iclasında verdiyi izahatında da, həmin sənəddə torpaq sahəsinin koordinatlarının düzgün işlənilmədiyi vurğulamışdır. “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”: 2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.3. Mərzçəkmə işləri aşağıdakı hallarda aparılır: 2.3.1. yerquruluşu işləri aparılan zaman torpaq sahələrinin sərhədləri yerdə (naturada) müəyyən ediləndə və bərkidiləndə; 2.3.2. qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslər tərəfindən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqlar ilk dəfə əldə edildikdə; 2.3.3. torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; 2.3.4. hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda; 2.3.5. torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını həyata keçirərək çıxarış təqdim etsə də, mərzçəkmə qaydalarını müfəssəl tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olmadan faktiki satılan torpaq sahəsinin hüdudlarını və koordinatlarını müəyyən etməmişdir. Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, mülkiyyət hüququna dair qeyd və onu təsdiq edən çıxarış qüvvədədir həmin sənədə uyğun texniki sənədlərin tərtib edilməsi və iddiaçıya təqdim edilməsi də zəruridir. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi bir çox məhkəmə qərarlarında bu növ işlərlə bağlı qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutulan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir Hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə 2009-cu ildə tərtib edilmiş plan və ölçü sənədində göstərilən torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Lakin, cavabdeh nəzərə almamışdır ki, həmin uyğunsuzluq mərzçəkmə işlərini həyata keçirməli olan əməkdaşlarının həmin işləri düzgün həyata keçirməməsi nəticəsində yaranmışdır. Cavabdehin imtina məktubundan isə görünür ki, cavabdeh həmin uyğunsuzluğu aradan qaldırmaq, əsassız mülki və inzibati məhkəmə mübahisələrinə mane olmaq əvəzinə plan və ölçü sənədinin verilməsindən imtina etmişdir. Halbuki, nə qədər ki, mülkiyyət hüququna dair qeyd qüvvədədir həmin qeydə uyğun texniki sənədlər də tərtib edilməlidir. Həmin qeyd cavabdeh tərəfindən ləğv edilmədiyindən texniki sənədlərin verilməsindən imtina sərəncam hüququnun, beləliklə də mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olur. Cavabdeh həmin uyğunsuzluğu müəyyən etməklə kifayətlənməməli, həmin uyğunsuzluğun aradan qaldırılmasına yönələn hərəkətlər etməklə, uyğunsuzluğun aradan qaldırılmaqla texniki sənədləri təqdim etməlidir. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X5 xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış üzrə torpaq sahəsinin faktiki vəziyyətinə uyğun plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar