Məhkəmə qərarları › İş №2-1(114)-706/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-706/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-706/2022 04.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında,şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə 17.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 01.01.1997-ci il tarixdən, 01.01.2006-cı il tarixə kimi işlədiyi illərinin sosial sığorta stajına hesablanaraq əmək pensiyasına əlavə olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu isə bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinində qeyd olunmuş 02.08.1993-cü il tarixdən 01.01.2006-cı il tarixinə kimi Bərdə rayon 4 saylı Ərazi-Nəqliyyat Kontorundakı fəaliyyət dövürlərinin araşdırılması zərurəti yaranmışdır. Bərdə rayon Dövlət Arxivinin 06.09.2021-ci il tarixli N170 saylı məktubuna əsasən Bərdə rayon 4 saylı Ərazi-Nəqliyyat Kontorunun 01.01.1997-ci tarixindən 01.01.2006-cı il tarixinədək əmək haqqı kitablarının mühafizə edilməsi üçün arxivə təhvil verilmədiyindən qeyd olunan dövürlərin araşdırılması imkan xaricindədir. Bu baxımdan 01.01.1997-ci il tarixindən 01.01.2006-cı il tarixinə kimi olan dövrlərinin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı qeyd edir ki, işlədiyi illər əmək kitabcasında öz əksini tapmışdır, ancaq cavabdeh təşkilat 01.01.1997-ci tarixindən 01.01.2006-cı il tarixinə kimi olan işlədiyi illəri sığorta stajına hesablamır. Hesab edir ki, onun 01.01.1997-ci il tarixdən 01.01.2006-cı il tarixə kimi işlədiyi illərinin sosial sığorta stajına hesablanaraq əmək pensiyasına əlavə olunmasına dair qərar qəbul olunmalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, müəssisənin 1997-2006-cı illərə dair əmək haqqı kitabları arxivə təhvil verilmədiyinə görə həmin dövr sosial sığorta stajına daxil edilə bilməz. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddia tələbinin rədd olunması xahiş etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının 01.12.2021-ci il tarixli, **********1 nömrəli məkbunundan görünür ki, iddiaçının 01.01.1997-ci il tarixdən 01.01.2006-cı il tarixə kimi olan işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməmişdir. -surəti işə əlavə ediliş 22.08.1978-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 02.08.1993-cü il tarixdən - 20.08.2006-cı il tarixədək Bərdə rayon 4 saylı Ərazi-Nəqliyyat Kontorunda müxtəlif vəzifələrdə işləmişdir - Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının 14.03.2022-ci il tarxili **********8 nömrəli etiraz məktubundan görünür ki, Bərdə rayon 4 saylı Ərazi-Nəqliyyat Kontorunun sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə iddiaçının həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıbalmadığını və əmək haqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə 01.01.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək iddiaçının işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına daxil edilmir. -04.04.2022-ci il tarixli, 69 nömrəli arxiv arayışından görünür ki, 4 saylı Ərazi Nəqliyyat Kontorunun əmək haqqı cədvəlləri rayon Dövlət Arxivinin mühafizəsinə 1997-ci ilədək təhvil verilmişdir, lakin 1997-ci ildə cədvəldə adı qeyd edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 212.97 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Lakin Bərdə rayon 4 saylı Ərazi-Nəqliyyat Kontorunun 01.01.1997-ci il tarixdən 01.01.2006-cı il tarixədək əmək haqqı kitabları arxivə təhvil verilmədiyindən qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 02.08.1993-cü il tarixdən 20.08.2006-ci il tarixədək Bərdə rayon 4 saylı Ərazi-Nəqliyyat Kontorunda işləmişdir. Bu səbəbdən də 1997-2006-cı illərdə müəyyən aylar üzrə əmək haqqı alması barədə arxivdə məlumatın olmaması iddiaçının əmək haqqı almamasını deməyə əsas vermir, eyni zamanda bu hal ona məxsus əmək kitabçasında olan qeydlərin doğruluğunu şübhə altına almağa əsas vermir. Başqa sözlə, arxiv məlumatlarının olmaması, yəni müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh olunmamalıdır, çünki iddiaçının qeyd olunan müddətdə işləməsi barədə qeydlər əmək kitabçasında mövcuddur və bu qeydlər hər hansı şübhə doğurmur. “İnziabti icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, iddiaçının 01.01.1997-01.01.2006-cı illər üzrə nəzərə alınmayan 9 il sığorta stajının onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bərdə rayon 4 saylı Ərazi-Nəqliyyat Kontorunda işlədiyi 01.01.1997-ci il tarixdən 01.01.2006-cı ilədək müddətin onun sığorta stajına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar