Məhkəmə qərarları › İş №2-1(114)-708/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-708/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-708/2025 20.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X14 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşkəsən rayonu Quşçu bələdiyyəsi) qarşı «hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,08 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə ona satılması qərara alınmışdır. Həmin torpaq sahəsi xx.xx.2014-cü ildə 2307 nömrə altında X10 qeydə alınmışdır. Torpaq sahəsi üzrə mülkiyyyət hüquqlarının qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilmişdir. Əsas kimi göstərilmişdir ki, torpaq sahəsi «sənaye, nəqliyyat, rabitə və digər təyinatlı» dövlət mülkiyyətində olan əraziyə düşür. Hesab edir ki, imtina əsassızdır. Çünki, torpaq sahəsinin hər iki tərəfi qeydiyyata alınmışdır. Necə ola bilər ki, qonşu torpaq sahələri daşınmaz əmlakın dövıət reyestrində qeydə alınsın, ancaq ona məxsus olan torpaq sahəsi yox. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının müraciəti üzrə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq vardır. Belə ki, faktiki torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı» dövlət mülkiyyətində olan əraziyə, az bir hissəsinin isə kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü müəyyən edilmişdir. Həmçinin ərazi idarəsinin xəritə materiallarına əsasən torpaq sahəsinin Daşkəsən rayon Quşçu bələdiyyəsindən Gəncə şəhər ərazisinə keçən hissədən kənar düşdüyü müəyyən edilmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş DT və XK-nin tərtib etdiyi «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin elektron baza məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daha sonra etiraz «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Torpaq Məcəlləsi ilə əsaslandırılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşkəsən rayonu Quşçu bələdiyyəsi üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. Üçüncü şəxslər iddia tələbinə dair məhkəməyə etiraz ünvanlamamışdır. İddiaçının nümayəndəsi X7 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüququn mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 etiraz ərizəsini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçı və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Daşkəsən rayon Quşçu bələdiyyəsi tərəfindən qəbul edilən xx.xx.2007-ci il tarixli, 10 saylı qərar, DT və XK-nin Daşkəsən rayon şöbəsinin rəyi, A 464112 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, 326957 saylı kassa mədaxil qəbzi, torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixli, 2134 nömrəli akt, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu, 1 saylı X13 Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 288 nömrəli məktubu və mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları üzrə müəyyən edilmişdir ki, Daşkəsən rayon Quşçu bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 10 nömrəli qərarı ilə iddiaçının mərhum atası X4 0,08 hektar həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Torpaq sahəsinin satılması üzrə DT və XK-nin Daşkəsən rayon şöbəsi rəy vermiş, torpaq sahəsinin dəyəri iddiaçının mərhum atası tərəfindən ödənilmiş və bələdiyyə ilə aralarında xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqı aktı tərtib edilmişdir. Həmçinin torpaq sahəsinə dair A 464112 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Torpaq sahəsindən hazırda da mərhum X3 birinci növbə vərəsələri istifadə edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız sayır və diqqətə çatdırır ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum atasının qanuni sahibliyinə verilməsi torpaq sahəsinin satılması barədə qərar, «Torpaq sahəsinin planı və ölçüsü» sənədi, DT və XK-nin Daşkəsən rayon şöbəsinin müvafiq rəyi, habelə, torpaqların alğısatqısına dair akt ilə də təsdiq edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.5.Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (28 noyabr 2008-ci il tarixədək olan redaksiya). «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya) ...

2. Müəyyən edilsin ki: ... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamə: Bənd 10. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq Kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, məhkəmə inzibati iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyi almışdır. Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Daşkəsən rayon Quşçu bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 16 nömrəli qərarı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün A-464112 (**********0212) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 800.0 kv.m torpaq sahəsinin 20.9 kv.m hissəsi Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyəti, 56.0 kv.m hissəsi bələdiyyə mülkiyyəti və 724.0 kv.m hissəsi isə dövlət mülkiyyəti olaraq göstərilmişdir. İddiaçı nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 1071.0 kv.m torpaq sahəsinin 307.8 kv.m hissəsi (TEKUİS və AZCAD) məlumatlarında xüsusi mülkiyyəti, 764.0 kv.m hissəsi isə dövlət mülkiyyəti olaraq göstərilmişdir. A-464112 (**********0212) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 800.0 kv.m torpaq sahəsinin 20.0 kv.m və iddiaçının nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 1071.0 kv.m torpaq sahəsinin 307.0 kv.m üzərində hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. A-464112 (**********0212) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 800.9 kv.m. torpaq sahəsinin 56.0 kv.ih hissəsi (TEKUİS və AZCAD) məlumatlarında yaşayış məqtəqələrinin torpaqları kateqoriyasına aid olmaqla infrastruktur (yollar və küçələr) sahəsi, 744.8 kv.m hissəsi isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq səhəsi olaraq müəyyən edildi. Həmin 744.9 kv.m torpaq sahəsi özərində tikili və qurğu müşahidə olunmadı. İddiaçı Şurxay oğlunun nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 1071.0 kv.m torpaq sahəsi TEKUİS və AZCAD məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsi olaraq müəyyən edildi. Həmin 1071.9 kv.m torpaq sahəsi üzərində tikili və qurğu müşahidə olunmadı. Daşkəsən rayon Quşçu bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 10 nömrəli qərarı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün A-464112 (**********0212) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 800.0 kv.m torpaq sahəsi və İddiaçı nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 1071.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyətləri müəyyən edildi. Daşkəsən rayon Quşçu bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 10 nömrəli qərarı ilə X1 fərdi yaşayış evinin tikintisi üçün A-464112 (**********0212) nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 800.0 kv.m. torpaq sahəsi, iddiaçının nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 1071.0 kv.m torpaq sahəsi ilə 744 kv.m. hissədə üst-üstə düşdüyü müəyyən olundu. Daşkəsən rayon Quşçu bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli, 10 nömrəli qəran ilə X1 fərdi yaşayış evinin tikintisi üçün A-464112 (**********9212) nömrəli Uorpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 800.0 kv.m torpaq sahəsi və İddiaçının nümayəndəsi X8 naturada təqdim etdiyi faktiki istifadəsində olan 1071.0 kv.m torpaq sahəsi üzərində hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göründüyü kimi, iddiaçının hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsini tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Eyni zamanda iddiaçının naturada istifadə etdiyi faktik torpaq sahəsi hər hansı üçüncü şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan şəhər daxili torpaq sahəsi olduğu qeyd edilmişdir. Vurğulamaq lazımdır ki, göstərilən rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.5-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanları» səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan DT və XK-nin yerli qurumu Daşkəsən rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçının mərhum atasına satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin ona satılması barədə onunla bələdiyyə arasında bağlanmış alqı-satqı aktı, aktın rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, rayonun İİ qiymət zonasında olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi mövcud olmuşdur. Odur ki, həmin ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin dövlət mülkiyyəti olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Bundan başqa fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat» (2 nömrəli Əlavə): Bənd 1.2. Bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən cavabdeh orqanın imtinası qanuni əsaslara söykənməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. Daşkəsən rayon Quşçu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 nömrəli qərarı ilə satılmış 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə İddiaçı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar