Məhkəmə qərarları › İş №2-1(114)-71/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-71/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-71/2025 26.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqəli olaraq xx.xx.2020-ci il tarixdə başlayan hərbi əməliyyatlara qatılaraq 44 günlük vətən müharibəsində iştirak etmişdir. 44 günlük müharibə müddətində o N nömrəli hərbi hissənin tərkibində işğalda olan rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlarına könüllü olaraq qatılaraq yaxından iştirak etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2358 nömrəli sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", xx.xx.2020-ci il tarixli 2369 nömrəli sərəncamı ilə "Qubadlının azad olunmasına görə", xx.xx.2020-ci il tarixli 2373 nömrəli sərəncamı ilə "Laçının azad olunmasına görə” və xx.xx.2020-ci il tarixli 2374 nömrəli sərəncamı ilə “Hərbi xidmətlərə görə" medalları ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuşdur. 44 günlük hərbi əməliyyatlarda iştirak edərkən xx.xx.2020-ci il tarixində Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan iri çaplı mərminin partlaması nəticəsində “Sağ qulağın barotravması, baş-beyin silkələnməsi, üzvi mənşəli şəxsiyyət pozuntusu, posttravmatik stress pozuntusu və.s diaqnozları ilə xəsarət almış və aldığı xəsarətlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkasında ambulator müalicəsində olmuş və Hərbi Həkim Komissiyasının xx.xx.2022ci il tarixli 14931 nömrəli X2 qeyd edilmişdir. Cavabdeh orqana əlilliyin təyin edilməsi ilə bağlı müraciət etsə də, imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-71/2025 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi tələbinə dair dəqiqləşdirmə ərizəsi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 71/2025 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2025ci il tarixdə göndərilmiş müəyyən olunur ki, Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 14931 nömrəli Şəhadətname verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ sural sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "13-cü dişin kariyesi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 8754 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) emosional labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1013/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar. Postkontuzion sindrom. Posttravmatik stress pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2023-cü il tarixli 956 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallarla. Posttravmatik stress pozuntusu. Ağır simptomlarla gedən depressiv epizod" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyətə həvəssiz daxil olmuş, zahirən narahat, əhvalının dəyişkən olması, emosional labillik və astenik-qıcıqlı əlamətlər izlənmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi emosional-labil pozuntu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 14931 nömrəli Hərbi həkim komissiyasının qərarından görünür ki, İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş qapalı kəllə-beyin travması baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ sural sinirin posttravmatik neyropatiyasının qalıq əlamətləri. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə" diaqnozu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır", "13-cü dişin kariyesi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. - surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi" X12nin xx.xx.2023-cü il tarixli, 113 nömrəli arayışından görünür ki, X5 “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv əlamətlər və özünə xəsarət yetirmələrlə F07.0” diaqnozu qoyulmuşdur. - surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikas! Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı Laçın rayonu istiqamətində döyüş tapşırıgını yerinə yetirərkən sağ qulağın barotravması, sağ aşıq baldır oynağının bağ aparatının gərilməsi xəsarətini almışdır. - surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 8754 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması) emosional labil (astenik) pozuntu. Posttravmatik stress pozuntusu" kimi qeyd olunmuşdur. - surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1013/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar. Postkontuzion sindrom. Posttravmatik stress pozğunluğu” kimi qeyd olunmuşdur. - surəti iş materiallarına əlavə edilmiş X10 Bərpa İnstitutu müayinə protokolunda “Reriferik neyromotor aparatda nevral tipli zədələnmə (sural sinirin neyropatiyası) aşkarlandı” kimi qeyd olunmuşdur. - surəti iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qazax rayon Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2023-cü il tarixli 956 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallarla. Posttravmatik stress pozuntusu. Ağır simptomlarla gedən depressiv epizod" kimi qeyd olunmuşdur. - surəti iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli etiraza əlavə olunan sənədlərin surəti; - surəti iş materiallarına əlavə edilmiş Мəhkəmə-X11 X7 X12 tərəfindən məhkəməyə göndərilmiş T720/2023 saylı ekspert rəyindən görünür ki, "Üzvi (qapalı kəllə beyin travması) emosional labil (astenik) pozuntu F06.6. Posttravmatik stress pozuntusu F43.1" diaqnozu müəyyən edilmişdir. Lakin həmin diaqnoz baş beyinin MRT müayinəsi ilə öz təsdiqini tapmamışdır. İddiaçı 05.10-xx.xx.2023-cü il tarixlərdə X9 "G44.3, T90- Xroniki baş ağrıları ilə müşaİyət olunan keçirilmiş kəllə-beyin travması, baş beyin silkələnməsinin nəticələri. T90.5,G90.8,G57.0- Postravmatik ensefalopatiya, vegetativ paroksizmlərlə. Oturaq sinirinin neyropatiyası" diaqnozu ilə müalicədə olmuşdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik əlaməti təyin etmədiyindən əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12. 2015-ci iltarixli 413 nımrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıqimkanları məhdudluğunun müəyyən olunması meyarlarına dairƏsasnamə”nin, istərsə də, xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilətəsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair"Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmamışdır. - surəti iş materiallarına əlavə edilmiş Мəhkəmə-X11 X7 X12 tərəfindən məhkəməyə göndərilmiş T318/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı Gəncə şəhər X6 nevrologiya şöbəsində 01-xx.xx.2024-cü il tarixlərdə "a) əsas: (T90.5) kəllədaxili travmatik nəticələri, (Y36.2) partlayış travması, (S06.0) keçirilmiş QKBZ, beyin silkələnməsinin davamlı qalıq əlamətləri (G93.8), posttravmatik ensefalopatiya İİ mərhələ (C40.5), posttravmatik epilepsiya tez-tez baş verən tutmalarla. b)Ağırlaşmalar: (F07.0) Üzvi mənşəli şəxsiyyət pozuntusu, (F43) Posttravmatik stress pozuntusu, (F06.6) Üzvi mənşəli emosional labil pozuntu. c)Yanaşı xəstəliklər: (T93.4) Aşağı ətrafın sinir travmasının nəticələri, sural sinirin posttravmatik neyropatiyası, (M21) Sağ aşıq-baldır oynağının travmasından sonra valqus deformasiyası, (R52.2) Daimi ağrı sindromu ilə, yeriş və hərəkət funksiyasının pozulması, asteno-nevrotik təzahürləri ilə” diaqnozu ilə müalicədə olmuşdur. İddiaçının tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən "Üzvi mənşəli şəxsiyyət pozuntusu, posttravmatik stress pozuntusu" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarları"nın hər-hansı bir bəndini aid etmək mümkün - surəti iş materiallarına əlavə edilmiş “Мəhkəmə X4" X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3181 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunur ki, İddiaçı “üzvi (travma mənşəlli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla" aşkar olunur. Qoyulmuş diaqnozlar öz təsdiqini tapır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsindən görünür ki, İddiaçı barəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu.Posttravmatik stress pozuntusu” diaqnozu ilə Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmçinin, “Мəhkəmə X4 tərəfinndən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli 3181 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki,İddiaçı “üzvi (travma mənşəlli) şəxsiyyət pozuntusu depressiv daxil olmalarla" F07.0 aşkar olunmuş, qoyulmuş diaqnozlar öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Psixiatriya xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli Z00079537ERA göndəriş əsasında iddiaçıya diaqnoz kimi qoyulmuşdur: Əsas diaqnoz: F07.0 - "Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu” Yanaşı xəstəliklər: F43.1 - Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçıya xx.xx.2023-cü il tarixli müayinə nəticəsində təyin edilmiş diaqnoz (F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu) müayinə nəticəsində söz ifadəsi olaraq xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş « Əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın müvafiq kodu və X1 qeyd olunan kod baxımından eyni olmasına baxmayaraq ona əlillik dərəcəsinin verilməməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, sözügedən diaqnoz (XBT kodu ilə birlikdə) xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş « Əlillik dərəcəsinin təyin edilməsi meyarları»nın 7.6.2.1-ci bəndində öz əksini tapmışdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən İddiaçı orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə iki il müddətində əlilliyinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə iki il müddətində əlilliyinin təyin olunması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X12n üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar