Məhkəmə qərarları › İş №2-1(114)-710/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-710/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-710/2022 10.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına qarşı 17.01.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 24.02.2022-ci il tarixli, 2-1(114)-710/2022 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquiq şəxsin Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, onun 1978, 1979, 1981-ci illərdə Goranboy rayonu “M.Müşfiq” adına kolxozda, 05.03.1982-ci il tarixdən 01.08.1992-ci il tarixədək Kirovabad təsərrüfat hesablı avtomobil qarajında, 03.08.1992-ci il tarixdən 05.06.1996-cı il tarixədək “Sahibə” sahibkar müəssisəsində və 10.06.1996-cı il tarixdən 13.04.2000-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 10.03.2022-ci il tarixli, 2-1(114)-710/2022 nömrəli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixdə anadan olmuşdur. 29.08.1973-cü il tarixdən 01.07.1978-ci il tarixədək Azərbaycan Politexnik İnstitunun (hazırda Azərbaycan Texniki Universiteti adlanır) "Maşınqayırma texnologiyası metalkəsən dəzdahlar və alətləri" ixtisası üzrə əyani olaraq oxumuşdur. 1978-1981-ci illərdə Goranboy rayonu, M.Müşviq adına kolxozda Avtomexanik plitəsində işləmişdir. (1978-ci ildə 96 adam/gün=4 ay, 1979-cu ildə 40 a/g=2 ay, 1981-ci ildə 221a/g=1 il). Beləliklə, 1978-1981-ci illərdə onun 1 il 6 ay əmək stajı olmuşdur. 29.04.1979-cu il tarixdən 05.11.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 05.03.1982-ci il tarixdən 01.08.1992-cı il tarixədək Kirovabad təsərrüfat hesablı avtomobil qarajında, 03.08.1992-ci il tarixdən 05.06.1996-cı il tarixədək “Sahibə” sahibkar müəssisəsində və 10.06.1996-cı il tarixdən 13.04.2000-ci il tarixədək Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində işləmişdir. Beləliklə, 1978-ci ildən 2000-ci ilədək müxtəlif yerlərdə və peşələrdə işləməklə, həmçinin institutda oxuduğu və hərbi xidmətdə olduğu illər əlavə olunmaqla, 25 il 11 ay əmək stajı vardır. Yaşa görə əmək pensiyası hüququ yaranan kimi o, əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 01.01.1992-ci il tarixdən sonra müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsini təsdiq etmək mümkün olmadığını, 1978- 1981-ci illərdə işlədiyi Goranboy rayonu M.Müşfiq adına kolxozda olan iş müddətinin arxiv arayışında qeyd olunduğu üçün sığorta stajına daxil edilmədiyini, digər sənədlərə əsasən 01.01.2006-cı ıl tarixədək sığorta stajının 6 il 4 ay olmaqla (əyani təhsil və hərbi xidmət dövrü) qanunla tələb olunan müddətdən (25 ildən) az olduğunu, eyni zamanda 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığını əsas götürərək müraciətindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquiq şəxsin Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi 05.03.1982- 01.08.1992, 03.08.1992-05.06.1996, 10.06.1996-13.04.2000-ci illər əmək kitabçasında qeyd edilsə də, müəssisələrin arxiv sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İddiaçının iş materiallarında olan əmək kitabçasına əsasən, hərbi xidmət dövrü və təhsil illəri ilə birlikdə 6 il 04 ay 22 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Odur ki, iddiaçının tələb olunan 25 il sığorta stajının və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması səbəbindən onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; - iddiaçıya məxsus 21.07.1981-ci il tarixli, VS 063355 nömrəli hərbi biletin təsdiqlənmiş surəti; - Goranboy rayon Dövlət Arxivinin 09.06.20121-ci il tarixli, 105 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Dövlət X3 17.12.2021-ci il tarixli, 1382(421)/3 nömrəli məktubunun surəti; - Azərbaycan Texniki Universitetinin 06.12.2021-ci il tarixli, 022-755 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional ərazi filialının 24.12.2021-ci il tarixli, **********9 nömrəli imtina məktubu; - iddiaçının Goranboy rayonu M.Müşfiq adına kolxozda işləməsi barədə şəxsi heyət üzrə əmək haqqı cədvəllərinin təsdiqlənmiş surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən işlədiyi 1978, 1979, 1981-ci illərdə Goranboy rayonu “M.Müşfiq” adına kolxozda, 05.03.1982-ci il tarixdən 01.08.1992-ci il tarixədək Kirovabad təsərrüfat hesablı avtomobil qarajında, 03.08.1992-ci il tarixdən 05.06.1996-cı il tarixədək “Sahibə” sahibkar müəssisəsində, 10.06.1996-cı il tarixdən 13.04.2000-ci tarixədək Dövlət Gömrük Komitəsinin Gəncə rayon şöbəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi illərə dair məlumatların qarşılıqlı yoxlanılması, həmçinin iddiaçının işlədiyi 05.03.1982-01.08.1992, 03.08.1992-05.06.1996-cı illərdə 01.01.1992-ci il tarixdən sonra müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilməsini təsdiq etmək mümkün olmamışdır. Halbuki, iddiaçının 1978, 1979 və 1981-ci illərdə Goranboy rayonu “M.Müşfiq” adına kolxozda işlədiyi dövr Goranboy rayon Dövlət Arxivinin 09.06.2021-ci il tarixli, 105 nömrəli arxiv arayışında, 05.03.1982-ci il tarixdən 01.08.1992-ci il tarixədək Kirovabad təsərrüfat hesablı avtomobil qarajında, 03.08.1992-ci il tarixdən 05.06.1996-cı il tarixədək “Sahibə” sahibkar müəssisəsində, 10.06.1996-cı il tarixdən 13.04.2000-ci tarixədək Dövlət Gömrük Komitəsinin Gəncə rayon şöbəsində işlədiyi dövr isə iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin arayışın və əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Məhkəmə iddiaçının əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının və əmək kitabçasındakı məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının 1978, 1979 və 1981-ci illərdə Goranboy rayonu “M.Müşfiq” adına kolxozda, 05.03.1982-ci il tarixdən 01.08.1992-ci il tarixədək Kirovabad təsərrüfat hesablı avtomobil qarajında, 03.08.1992-ci il tarixdən 05.06.1996-cı il tarixədək “Sahibə” sahibkar müəssisəsində, 10.06.1996-cı il tarixdən 13.04.2000-ci tarixədək Dövlət Gömrük Komitəsinin Gəncə rayon şöbəsində işlədiyinə dair arxiv arayışında və əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bununla yanaşı müəssisə tərəfindən sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Digər tərəfdən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, müəssisə tərəfindən hər hansı ödəmənin aparılıb-aparılmaması işçinin səlahiyyətində olmadığından onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Belə ki, «Məcburi dövlət sığorta haqqının toplanması Qaydaları» və «Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları»-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 18 noyabr 2014-cü il tarixli, 04 saylı Qərarının 9.1-ci bəndinə əsasən məcburi dövlət sığorta haqqının düzgün hesablanmasına, vaxtında və tam məbləğdə ödənilməsinə nəzarəti DSMF orqanları həyata keçirirlər. DSMF orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla həyata keçirirlər. DSMF orqanları tərəfindən aparılan yoxlamalar kameral və ya səyyar ola bilər. Beləliklə, iddiaçının təhsil (04 il 10 ay 29 gün), hərbi xidmət müddəti (01 il 07 ay 27 gün) və iş illəri (01 il 07 ay arxiv arayışına əsasən və 18 il 01 ay əmək kitabçasına əsasən) də nəzərə alınmaqla sosial sığorta stajı cəmi 26 il 02 ay 26 gün təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı X5 01.04.1998-ci il tarixdən 18.05.2005-ci illərdə əmək fəaliyyəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməklə iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yarandığından iddia tələbi təmin edilməli, X1 01.04.1998-ci il tarixdən 18.05.2005-ci il tarixədək “Şəmkir rayon Kənd Kimya” ATSC-də fəhlə vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Goranboy rayon Dövlət Arxivinin 09 iyun 2021-ci il tarixli, 105 nömrəli arxiv arayışı ilə müəyyən edilən minimum adam günü norması nəzərə alınmaqla İddiaçı 1978, 1979 və 1981-ci illərdə Goranboy rayonu “M.Müşfiq” adına kolxozda, 05.03.1982-ci il tarixdən 01.08.1992-ci il tarixədək Kirovabad təsərrüfat hesablı avtomobil qarajında, 03.08.1992-ci il tarixdən 05.06.1996-cı il tarixədək “Sahibə” sahibkar müəssisəsində, 10.06.1996-cı il tarixdən 13.04.2000-ci tarixədək Dövlət Gömrük Komitəsinin Gəncə rayon şöbəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar