Məhkəmə qərarları › İş №2-1(114)-712/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-712/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-712/2025 16.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Kirovabad şəhər XDS-nin İK-nin 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Daxili İşlər İdarəsinin nəzdində müəssisədən kənar mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu AZNİİŞ (Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca «Mehdi Quliyev» bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsindən 47 nömrə altında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1986-cı ildən 1992-ci ildə kimi Gəncə (keçmiş Kirovabad) şəhər Daxili İşlər Nazirliyinin nəzdində Müəssisədənkənar mühafizə şöbəsində polis əməkdaşı kimi müxtəlif vəzifələrdə işləmişdir. Kirovabad şəhər XDS İK-nin 1988-ci il 26 yanvar tarixli 1 nömrəli protokol qərarı ilə ona Göygöl rayonunun (keçmiş Xanlar rayonu) AZNİİŞ (Azərbaycan Elmi Təhqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca "Mehdi Quliyev" bağçılıq yoldaşlıq birliyinə ümumi sahəsi 81 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 47 nömrə altında ona 0.05 ha torpaq sahəsində bağ evi tikintisi üçün təsdiq edilmiş planlayihə verilmişdir. O, həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun tərtib olunması üçün 18 mart 2024cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 08 aprel 2024-cü il tarixli məktubla onun müraciətinin icrasına imtina verilmişdir. Lakin həmin imtina məktubunda imtinanın əsasları barədə tam açıqlama verilməmişdir. Onu da nəzərə çatdırmaq istəyir ki, təqdim etdiyi "Gəncə şəhər DİN-nin nəzdində mühafizə şöbəsinin bağbostan sahəsi olan əməkdaşların siyası"nda onun adı 38-cı sıradadır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, tərəflərindən araşdırılma aparılan zaman ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin əlavə edilmədiyi, həmçinin, «Mehdi Quliyev» BYB tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda faktik torpaq sahəsinin bələdiyyə xəritəsi üzrə dövlət mülkiyyətinə aid (bağlar) əraziyə düşdüyü müəyyən edilmişdir. Daha sonra etiraz ərizəsi Azərbaycan Respublikası Torpaq Məcəlləsi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının qanunu ilə əsaslandırılmışdır. Daha sonra İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca «Mehdi Quliyev» bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsindən 47 nömrə altında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs iddia ərizəsinə dair məhkəməyə etiraz ünvanlamamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etiraz ərizəinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Gəncə şəhər Daxili İşlər İdarəsinin nəzdində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşların siyahısı, xx.xx.1969-cü il əmək kitabçası, X5 İdarəsinin xx.xx.2017-ci il tarixli 67 nömrəli arayışı, Kirovabad şəhər XDS-nin İKN-nin 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol qərarından çıxarış, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu və məhkəmə qərardadı üzrə alınmış mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı 1986-1992-ci illərdə Gəncə (keçmiş Kirovabad) şəhər Daxili İşlər İdarəsinin nəzdində Müəssisədən kənar mühafizə şöbəsində polis əməkdaşı kimi müxtəlif vəzifələrdə işləmişdir. Kirovabad şəhər XDS-nin İK-nin 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Daxili İşlər İdarəsinin nəzdində müəssisədən kənar mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu AZNİİŞ (Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca «Mehdi Quliyev» bağçılıq yoldaşlıq birliyinə ümumi sahəsi 81 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 47 nömrə altında ona 0.05 ha torpaq sahəsində bağ evi tikintisi üçün təsdiq edilmiş plan-layihə verilmişdir. Gəncə şəhər Daxili İşlər İdarəsinin nəzdində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşların siyahısında İddiaçı adı 38-ci sırada qeyd edilmişdir. X5 İdarəsinin xx.xx.2023-cü il tarixli 128 nömrəli arayışında İddiaçı 28 sentyabr 2017-ci il tarixli 67 nömrəli protokol ilə X5 İdarəsinin «Mehdi Quliyev» bağçılıq cəmiyyətinin 47 nömrəli sahəsində 500 kv.m torpaq sahəsinin verildiyi göstərilmişdir. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, həmin 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş «Mehdi Quliyev» bağçılıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə torpaq sahəsinin yerini və ölçülərini göstərən heç bir texniki sənəd əlavə edilmədiyi, həmçinin torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətinə aid (bağlar) əraziyə düşdüyü müəyyən edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış hüququn qeydə alınması üçün əsas hesab edilir və iddiaçıya da hazırkı torpaq sahəsi X3 Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1 nömrəli qərarı ilə X5 İdarəsinin nəzində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşı olduğuna görə ayrılmışdır. Cavabdeh orqanın hüququn qeydiyyatından imtina etməsi ilə nəticələnən dəlilləri isə əsaslı olmamış və araşdırma ilə təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, məhkəmə inzibati iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyi almışdır. Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Kirovabad şəhər XDS-nin İKN-nin 26 yanvar 1988-ci il 1nömrəli protokol qərarı ilə Kirovabad şəhər Daxili İşlər İdarəsinin nəzdində müəssisədən kənar mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu AZNİŞ (Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tibilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca «Mehdi Quliyev» bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsindən 47 altında 0.05 ha torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti və koordinatları) əks olunmuş plan və ölçü sənədi, daxil olmuş iş materiallarında aşkarlanmadığından sualların cavablandınlması zamanı, iddiaçının naturada təqdim etdiyi torpaq sahəsinə əsaslanılmışdır. Naturada təqdim olunan 0,051 ha torpaq sahəsinin yerləşdiyi ərazi TEKUİS və AZCAD məlumatlarında dövlət mülkiyyəti olaraq göstərilmişdir. Naturada təqdim edilən faktiki istifadə sahəsi TEKUİS və AZCAD məlumatlarında yaşayış məntəqələri torpaqları kateqoriyasına aid, bağ sahəsi olaraq göstərilmişdir. Naturada təqdim edilən faktiki istifadə sahəsi, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun sol tərəfində (qərb istiqamətində) Gəncə şəhəri ərazisində yerləşir. Elektron kadastr bazası məlumatlarına istinadən, naturada təqdim edilən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən hüquq müəyyənedici sənəd (Çıxarış) qeydə alınmadığı müəyyən olunmuşdur. Göründüyü kimi mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinə ortofoto görüntüsü ilə müəyyən olunmuşdur ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 0,05 ha torpaq sahəsi heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, hazırda kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, təyinatı – bağ sahələri, üzərində tikili mövcud deyildir. Torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, hazırda Gəncə şəhəri ərazisində yerləşən torpaq sahələrinin mülkiyyəti və kateqoriyası Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 saylı fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatları əsasında müəyyən edilir. İddiaçıya ayrılmış torpaq sahəsinin TEKUİS-da Dövlət mülkiyyətinə aid (bağ sahələri) ərazi kimi qeyd edilməsinin hər hansı hüquqi əsasının mövcudluğu müəyyən edilməmişdir. Hansı ki, torpaq sahəsi iddiaçıya 1988-ci ildə ayrılmışdır. Göründüyü kimi, İddiaçı üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi ayrılan zaman səlahiyyətli qurumun qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış və ondan təyinatına uyğun istifadə etmək istəyir. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə X5 İdarəsinin nəzində mühafizə şöbəsinin işçisi kimi bağçılıq üçün torpaq sahəsi ayrılmış, həmin qərarda torpaq sahəsinin ölçüləri göstərilmiş, habelə iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmişdir. Bu halların mövcudluğu «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərə iddiaçı tərəfindən əməl edildiyi nəticəsinə gəlməyə əsas verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca «Mehdi Quliyev» bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsindən 47 nömrə altında 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar