Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-713/2023 07.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı vəkili X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əsassız olaraq ona 2907,87 manat məbləğində vergi borcunun hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********672100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 25 oktyabr 2022-ci il tarixli qərarla tamamilə qanunsuz olaraq cavabdeh tərəfindən ona vergi borcu hesablamışdır. Qərarda qeyd xx.xx.2020-ci il tarixdə 12200 ABŞ dolları almağına görə bu borcun ona hesablanması göstərilmişdir. Bu səbəblə borc hesablamaq tamamilə absurddur, yerli və beynəlxalq hüquqa ziddir. Əgər bu pulun hansısa fəaliyyət nəticəsində əldə etdiyinə dair cavabdehin sübutları varsa cavabdeh həmin sübutlara istinad etməlidir. İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən mübahisləndirilən inzibati aktı qəbul etmiş orqan onun zəruriliyini sübut etməlidir. Odur ki, sözügedən qərar qanunsuzdur. İddiaçının vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda meyvə və tərəvəzlərin pərakəndə satışı” olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən iddiaçı tərəfindən 20770.50 manat (12200,0 USD) məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********314400 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi üzrə 2907,87 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********679400 nömrəli qərar qəbul olunmuşdur. Sonradan iddiaçı tərəfindən 2019-cu il üçün cari və dəqiqləşmiş gəlir vergisi hesabatları göstəricisiz (boş) olaraq təqdim edilmiş, ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2907,87 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********672100 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi orqanının qərarının əsaslılığının sübut edilməsi istiqamətində cavabdeh orqan qeyd edir ki, uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2019-cu ildə elektron qaimə-fakturalar əsasında mallar (işlər və xidmətlər) əldə edilmədiyi və təqdim edilmədiyi, ünvan 1 ünvanında yerləşən **********-23001 obyekt kodlu, ümumi sahəsi 36,0 m2 olan “Meyvə-tərəvəz” adlı aktiv təsərrüfat subyektinin xx.xx.2018-ci il tarixdə vergi orqanında uçota alındığı, idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinin araşdırılması zamanı 91377.73 manat dəyərində gəlirlərinin olduğu, lakin həmin gəlirlərin əldə edilməsi ilə bağlı təsdiqedici sənədlərin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən konvertasiya olunmuş vəsaitin mənbəyinin (qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir) müəyyən edilmədiyini, eyni zamanda vergi ödəyicisinin valyuta mübadiləsi həyata keçirərkən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, həmçinin konvertasiya olunmuş vəsaitin mənbəyini sübuta yetirə bilmədiyini nəzərə alsaq, vergi orqanının qərarının ləğv edilməsi üçün əşasın olmadığını görə bilərik. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********672100 nömrəli qərarının surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********211800 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********314400 nömrəli məktubunun surəti; - Sadələşdirilmiş vergi bəyannamələrinin surətləri; - iddiaçının şəxsi hesab vərəqəsinin surəti; Əsaslandırıcı hissə: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 20770.50 manat məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmış, tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 2907,87 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********672100 nömrəli qərar əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 66-cı maddəsinə əsasən qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergiödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4-cü maddəsinə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 99.1-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. 99.3-cü maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: 99.3.1. faiz gəliri; 99.3.2. dividend; 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; 99.3.4. royalti; 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla; 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2ci maddəsində göstərilənlər istisna olmaqla; 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir təqdirdə) - əmək haqqından başqa; 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; 99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən iddiaçı tərəfindən 20770.50 manat məbləğində valyuta mübadiləsi əməliyyatı nəticəsində 12200,0 ABŞ dolları məbləğində xarici valyutanın əldə edilməsi müəyyən olunmuşdur. Bununla bağlı cavabdehin kameral qaydada Vergi Məcəlləsinin 37, 67 və 83cü maddələrinin müddəalarına istinad edərək xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 14 faiz dərəcə ilə 2907,87 manat gəlir vergisi hesablanmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı gəlirin əldə edilməsi mənbələri barədə təsdiqedici sənədlər təqdim etməmiş, bu səbəbdən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı 20770.50 manat olan valyuta mübadiləsi əməliyyatı aparmış, banka milli valyuta təqdim edərək ABŞ dolları almışdır. Cavabdeh konvertasiya olunmuş vəsaitin vergiyə cəlb edilməli olduğunu bildirib iddiaçının belə gəlirini onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 2907,87 manat məbləğində vergi məsuliyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrindən, 33-cü maddəsində isə vergi ödəyicilərinin uçotundan bəhs olunur. Məhkəmə qeyd edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparan vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İddiaçı valyuta mübadiləsi əməliyyatı aparması zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Cavabdeh qərarında Vergi Məcəlləsinin 66 və 67-ci maddələrinə istinad edərək iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və əlaqəli məlumatlardan istifadə edilməklə ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Məhkəmə bu məqamla razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 66-cı maddəsi qeyri-qanuni gəlirin vergiyə cəlb edilmə qaydasını tənzimləyir. Vergi Məcəlləsinin 66-cı maddəsinə görə qeyri-qanuni əldə edilən gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndində “Valyuta sərvətləri” anlayışı verilmişdir ki, xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. İşdə olan sənədlərlə iddiaçının valyuta mübadiləsi əməliyyatı aparan zaman qeyriqanuni gəlir əldə etməsi sübuta yetməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edərək iddiaçıya hesabladığı verginin məbləği ilə bağlı əlaqəli məlumatlardan istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********672100 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68-70, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********672100 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar apellyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-713/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-713/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver